EN

Separatçının Qarabağda 32 il ərzində törətdiyi cinayətlər sübut olundu...


Akif Nağı: “Çox ağır cəza verilməlidir ki, dünya cinayətkarın, separatçının əməllərinin cəzasız qalmadığının şahidi olsun”

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb. Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, Arayik Harutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatıldığı təsdiqini tapıb.

Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.

Qeyd olunub ki, məhkəmədə tədqiq etdilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan silahlı təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bildirilib ki, o, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.

Araik Harutyunyanın 1991-ci ildə 2023-cü ilədək cinayətlərdə birbaşa və dolayı iştirakı sübut olunub. Bu nə deməkdi?

“İnsanlıq əleyhinə müharibə cinayətlərinin hamısında Harutyunyanın iştirakı var, bu, sənədlərlə sübut olunub”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, məhkəmə prosesi bütün həqiqətləri üzə çıxarır. A.Nağının sözlərinə görə, əksəriyyət elə bilirdi ki, A.Harutyunyan son dövrlərdə Qarabağagətirilib orda qondarma rejimin başçısı təyin edilib, əslində isə başdan o bu separatizm cinayətlərinin içində olub, azərbaycanlılara qarşı cinayətlər törədib. “Obyektiv məhkəmənin işi odur ki, araşdırsın və gizli qalan faktları aşkar etsin. Harutyunyanın 1991-ci ildən 2023-cü ilin sentyabrına qədər törətdiyi bütün cinayət əməlləri məhkəmədə sübut olundu. Harutyunyan tam şəkildə cinayət məsuliyyəti daşıyır. Bilərəkdən, düşünülmüş şəkildə, qəsdən Azərbaycana qarşı həyata keçirilən bütün hərbi cinayətlərdə iştirak edib. Özü də onun çoxtərəfli cinayət fəaliyyəti olub. Məlum olur ki, 1991-ci ildən, separatizmin ilk dövrlərindən o burda müxtəlif tapşırıqları yerinə yetirib, özü müəyyən mövqe, “vəzifə” tutub, Azərbaycana qarşı törədilən mütəşəkkil cinayətlərin bir hissəsi olub, orda həm təşkilatçı, həm də icraçı kimi iştirak edib. Ona görə də, bunların hamısı nəzərə alınmalıdır. Onun və başqalarının cinayətləri ardıcıl şəkildə sübut olunur. Bunu özləri də görürlər və bu faktların qarısında heç nə deyə bilməzlər. Deməyə sözləri də yoxdur. Fakt ortadadır. Belə bir ifadə var: “fakt tərs şeydi”. Sən bu məsuliyyətdən qaça bilməzsən. 1991-ci ildə hansı əməlləri törətmisən? Niyə bu ərazidə idin? Hansı işləri görürdün, hansı tapşırıqları yerinə yetirirdin? Onu mütləq mənada bu cinayətlərə hazırlayıblar. Yəqin ki, onun haralarda kurs keçməsi, təlimatlar alması barədə də məlumatlar var. Bir tərəfdən o, həmin cinayətlərin təşkilatçısı kimi ortadadır, digər tərəfdən də icraçı kimi. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı müxtəlif yerlərdədaha çox terror aktları törədilirdi. Həm “Dağlıq Qarabağ” deyilən ərazidə, həm müəyyən nəqliyyat vasitələrində, həm də hava nəqliyyatında. Erməni separatçıları o dövrlər daha çox o istiqamətdə fəaliyyət göstərirdilər ki, Azərbaycan qarşı kütləvi terror aktları həyata keçirsinlər. İnsanlıq əleyhinə müharibə cinayətlərinin hamısında Harutyunyanın iştirakı var, bu, sənədlərlə sübut olunub”.

A.Nağının bildirdiyinə görə, məhkəmə sənədləri göstərir ki, Harutyunyan sonrakı illərdə Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərdə iştirak edib, kəndlərdə ağır cinayətlərin törədilməsində, kəndlərin dağıdılmasında, dinc azərbaycanlılara işgəncələr verilməsində yaxından iştirak edib. “Digər tərəfdən, xalqımıza qarşı döyüşlərdə onun iştirakı ortadadır. Bu, şahid ifadələri ilə də sübut olunur. Onunla yanaşı o cinayət əməllərində iştirak edənlərin cinayətləri də ortadadır. Yəqin videomateriallar, şəkillər də əldədir. Bunlar nə qədər yayınmağa cəhd etsələr də, bütün cinayət əməlləri ortadadır. Onun cinayətkar fəaliyyətinin nəticəsi idi ki, gəlib sonra o cinayətkar qrupa rəhbər təyin edildi. Qondarma quruma rəhbərlik etdiyi dövrdə onun cinayətlərinin yeni səhifələri açılıb. Bu adam Azərbaycan konsrtitusiyasını, Azərbaycan qanunlarını pozub. Eyni zamanda Azərbaycana qarşı terror cinayətlərində iştirak edib. Özü məhkəmədə etiraf etdi ki, Gəncənin raketlə vurulmasına o rəhbərlik edib. Məsuliyyəti boynundan atmaq üçün İrəvandan tapşırıq aldığını və Gəncənin məhz bu tapşırıq əsasında vurulduğunu deyib. İcraçı Harutyunyan idi. Özü o vaxt deyirdi ki, Gəncənin vurulmasına mən göstəriş vermişəm. Harutyunyan yüz qat məsuliyyət daşıyır. Harutyunyanın cinayət əməllərinin sübut olunması ona ən ağır cəza verilməsinə əsas yaradıb. Ona çox ağır cəza verilməlidir ki, dünya cinayətkarın, separatçının əməllərinin cəzasız qalmadığının şahidi olsun”.

A.Nağı hesab edir ki, A.Harutyunyana və digər separatçı cinayətkarlara yüngül cəza verilməməlidir, onlar cəzalarını ən ağır şəkildə çəkməlidirlər. “Harutyunyana qətiyyən güzəşt edilə bilməz. Ümumiyyətlə, Harutyunyana da, Vardanyana da, başqalarına da ömürlük həbs cəzası verilməlidir. Çünki bizim şəhidlərimizin qanı, ruhu, dağıdılan yurdlarımız, daşı-daş üstə qalmayan kəndlərimiz, şəhərlərimiz bu cəzanı tələb edir. Törətdikləri cinayətlərə görə onalara cəza verilməlidir. Azərbaycan məhkəməsinin sübutları eyni zamanda beynəlxalq aləmə mesajdır. Bu faktların qarşısında onlara ancaq ağır cəza vermək olar. Azərbaycan məhkəməsində aparılan tədqiqatın nəticəsi, hesab edirəm ki, ortaya danılmaz faktlar çıxarıb. Beynəlxalq birlik də bu danılmaz faktların qarşısında ortaya ya obyektiv mövqe qoymalıdır, ya da susmalıdır”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

Chosen
42
baki-xeber.com

1Sources