EN

Ədliyyə Nazirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Ədliyyə Nazirliyində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbir təşkil olunub.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin rəhbərliyi və kollektivi əvvəlcə II Fəxri xiyabanı ziyarət edərək Vətən müharibəsində könüllü iştirak etmiş şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun məzarı üzərinə, daha sonra inzibati binada yerləşən barelyefi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə qazanılan bu tarixi Qələbə xalqımızın iradəsini, milli birliyini və sarsılmazlığını bir daha nümayiş etdirdi və hər bir Azərbaycan vətəndaşında yüksək milli ruh və həmrəylik formalaşdırdı.

Tədbirdə iştirak edən deputat Kamal Cəfərov Zəfər Gününün əhəmiyyətindən, dövlətimizin inkişaf və gücünün real təzahürü kimi işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq prosesinin strateji əhəmiyyətindən və doğma yurdlarına dönən soydaşlarımız üçün müasir, təhlükəsiz yaşayış mühitinin yaradılmasından bəhs edib.

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə və qazi əməkdaş Nəvai Bayramov çıxışlarında döyüş yoldaşları ilə bölüşdükləri çətin, amma qürurverici anlardan, Azərbaycan əsgərinin sarsılmaz ruhundan danışıb, torpaqlarımızın azad olunmasında hər bir əsgərin fədakarlığının və həmrəyliyinin böyük rol oynadığını vurğulayıblar.

Chosen
3
3
news365.az

4Sources