"Pokrovsk Ukrayna üçün seçim dilemması, Rusiya üçün siyasi simvol, Qərb üçün isə müharibənin yeni mərhələsinin müjdəçisidir..."
"The Wall Street Journal", "The Economist", "ABC News" və "The Washington Post"-un analizlərinə görə, Pokrovsk təkcə şəhər deyil, həm Ukrayna ordusu üçün çətin qərar, həm də Kremlin siyasi oyunu üçün rıçaqdır.
Pokrovskın "qiyməti": dağıntılar və itkilər
"The Wall Street Journal" nəşrinin yazdığına görə, Rusiya Pokrovskın tam ələ keçirilməsinə tarixdəki ən bahalı hərbi hücumlardan biri kimi yaxınlaşır. Şəhər demək olar ki, dağıdılıb, küçələrdə döyüşlər gedir, dronlar və artilleriya hərəkəti iflic edib. Ukrayna hərbçləri bildirir ki, Rusiya tərəfi say və texnika üstünlüyünə malikdir, bəzi mövqelərdə "hər bir Ukrayna dronu üçün on rus dronu" havada dolaşır.
"The Economist" yazır ki, Rusiya ordusu artıq şəhərin ən azı 60 faizinə nəzarət edir, qalan ərazilər isə "boz zona"dır. Ukrayna bölmələrinin bir hissəsi mühasirəyə düşüb, əsas problem isə yüksək binaların kimdə olmasıdır: "bu döyüş üfüqi yox, şaquli döyüşdür". Ukrayna tərəfi itkilərin çoxluğunu etiraf edir. "WSJ"-nin müsahibəsində kəşfiyyat komandiri deyir: "Artıq bu şəhər uğrunda döyüşməyə dəyməz. İtkilər mənasızdır".
"Geri çəkilmək xəyanət deyil"
"ABC News" nəşri yazır ki, Pokrovskın əldən çıxması Ukraynanın mart ayından bəri ən ciddi itkilərindən biri ola bilər. Şəhərdən çıxış yolları dron atəşinə düşür, bu isə təhlükəsiz geriçəkilməni çətinləşdirir. Analitik Pasi Paroinen bildirir: "Əgər şəhər mühasirəyə düşübsə, onu saxlamaq resursları udan yükə çevrilir".
Qərb analitiklərinin ümumi ideyası belədir: əsgərləri xilas etmək ərazini qorumaqdan daha vacibdir. "The Economist" qeyd edir ki, Rusiya dronlarda və canlı qüvvədə üstünlük əldə edib, amma bu üstünlüyün nə qədər davam edəcəyi sual altındadır.
Putinin Pokrovsk planı
"The Washington Post"-a görə, Pokrovskın hərbi əhəmiyyəti o qədər də böyük deyil, amma Kremlin siyasi hesablamalarında simvola çevrilib. Məqsəd - Donald Trampa göstərməkdir ki, Ukraynaya dəstəyin "mənasız" olduğunu və Rusiyanən irəlilədiyini göstərməkdir.
Ekspertlərin fikri
Nikolay Beleskov (Ukrayna Milli Strateji İnstitut): Putin Pokrovskı Trampa "kozır" kimi göstərmək istəyir. Mixael Kofman ("Carnegie Foundation"): "Əsas məsələ şəhər deyil, şəxsi heyətin qorunmasıdır". Emil Kastehelmi (fin analitik): Geriyə çəkilmə Ukrayna üçün daha yaxşı müdafiə xətti yarada bilər.
Qərb mətbuatı yekunlaşdırır: Pokrovskın yıxılması Moskvanın psixoloji və siyasi qələbəsi olardı, amma bu, müharibənin taleyini dəyişmir. Əsas risk Ukrayna bölmələrinin mühasirəyə düşməsidir. Pokrovsk artıq xəritədə bir nöqtə deyil, bu, Ukrayna üçün seçim dilemması, Rusiya üçün siyasi simvol, Qərb üçün isə müharibənin yeni mərhələsinin müjdəçisidir. Ukraynada sual dəyişmir: şəhəri, yoxsa əsgəri qorumaq?
Moderator.az