EN

Qələbənin psixoloji tərəfi: ağrıdan doğan birlik

Zəfər Günü- bir psixoloqun baxış bucağından 

Qələbə yalnız cəbhədə deyil, insanın içində başlayır. Müharibələr təkcə torpaqları deyil, insanların ruhunu da yaralayır. Hər bir itki, hər bir göz yaşı, hər bir sükut – kollektiv psixologiyada iz buraxır.

Azərbaycan xalqı üçün Zəfər Günü bu izlərin üzərində yaranan bir şəfa mərhələsidir. 

Biz təkcə torpaqlarımızı deyil, öz inamımızı, bütövlüyümüzü və milli kimliyimizi də geri qazandıq. Sosial psixologiyada “kollektiv travma” anlayışı var – bir toplumun uzun illər boyu yaşadığı itkilərin və qorxuların yaddaşda yığılması halı. Otuz il ərzində bu hiss xalqın şüuruna hopmuşdu. “İtirilmiş torpaq” təkcə coğrafi deyil, emosional itki idi. Biz köklərimizi, aidiyyət hissimizi və bir xalq kimi tamlığımızı itirmişdik.

Zəfər – bu psixoloji yaradan doğan birliyin adıdır.

Bu gün biz həm ağrını, həm də qüruru daşıyırıq. Bir tərəfdə şəhid analarının sükutu, digər tərəfdə qazilərimizin baxışında parlayan inam var. Bu ağrılar bizi zəiflətmədi, əksinə, bizi birləşdirdi, böyütdü, möhkəmləndirdi. Psixoloji baxımdan bu hal “emosiyaların inteqrasiyası” adlanır – yəni insanın və ya toplumun zidd hissləri bir harmoniya içində yaşaya bilməsi. Azərbaycan xalqı bunu bacardı. Biz ağrını nifrətə yox, birliyə çevirdik. Bu, xalqın psixoloji sağlamlığının, mənəvi yetkinliyinin göstəricisidir.

Zəfər həm də özünü tanımaq mərhələsidir.

Biz bu Qələbə ilə təkcə torpaqlarımızı deyil, kimliyimizi də bərpa etdik. Bu, milli identitetin psixoloji baxımdan yenilənməsidir –bir xalqın travmadan çıxaraq özünü sağaltması, yenidən güc tapması. Hər xalqın tarixində ağrılar olur. Amma hər xalq ağrını şəfaya çevirə bilmir. Biz bacardıq. Biz itirdikcə böyüdük, ağrını dəyərə çevirdik. Və bu gün o ağrı bizə həm yaddaş, həm də iradə verir.

Zəfər bizi birləşdirdi. Ağrı bizi böyütdü.

Bu birlik – xalqın ruhunun ən sağlam təzahürüdür. Mənim üçün Qələbə – sadəcə bir hadisə deyil, psixoloji şəfanın və milli bütövlüyün simvoludur.

Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin.

Biz onların fədakarlığı ilə azad, güclü və birliyinə inanmış xalq olaraq yaşayırıq.

Bu yazını şəhidlərimizin ruhuna və Azərbaycanın qalib xalqına dərin ehtiramla ithaf edirəm. Yaşasın qalib Azərbaycan xalqı!

Psixoloq: Lalə Natiq

Chosen
39
hit.az

1Sources