EN

Metyu Brayza: TRIPP region ölkələrinin bir-biri ilə əlaqəsini təmin edir və sülh prosesini dəstəkləyir 

Cənubi Qafqaz 1990-cı illərin sonlarından etibarən mühüm nəqliyyat və enerji dəhlizi kimi inkişaf etməyə başladı. Mən o zaman ABŞ administrasiyasında çalışırdım və Prezident Bill Klintonun təşəbbüsü ilə Xəzər regionu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji kəmərlərinin yaradılmasına dəstək verirdik. Bu səylər nəticəsində Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri kimi layihələr reallaşdı. Bu sistem sonradan TANAP və TAP vasitəsilə Avropaya qədər genişləndi.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza danışıb.

“Hazırda region təkcə enerji deyil, həm də nəqliyyat və ticarət mərkəzinə çevrilir. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, Türkiyə, Ermənistan və Mərkəzi Asiya ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq. Bu dəhliz Orta Dəhlizin təbii davamıdır və Avrasiya boyunca ticarət əlaqələrinin genişlənməsinə xidmət edəcək. ABŞ bu layihəni regionda sülh və iqtisadi inteqrasiyanı gücləndirən vacib təşəbbüs kimi qiymətləndirir. Cənubi Qafqaz regionu son illərdə enerji və logistika baxımından qlobal əhəmiyyət kəsb edən strateji mərkəzə çevrilir”, - deyə Metyu Brayza bildirib.

Ekspert bildirib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü regional iqtisadi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsini hədəfləyir.

Bu cür layihələr ABŞ-ın Cənubi Qafqaz siyasəti ilə necə uzlaşmağı barədə danışan Metyu Brayza deyib ki, TRIPP təşəbbüsü, əslində, ABŞ-ın regionda uzunmüddətli strategiyasına uyğun gəlir. “Vaxtilə Bakı–Tbilisi–Ceyhan kəməri də yalnız enerji layihəsi deyil, regional sabitlik və əməkdaşlıq modeli idi. Hazırda isə iqtisadi diplomatiya bu siyasətin əsas alətlərindən biridir. ABŞ bizneslərinin, investisiyalarının və texnologiyalarının regional layihələrdə iştirakı həm iqtisadi sabitliyi, həm də qarşılıqlı etimadı möhkəmləndirir. TRIPP kimi təşəbbüslər region ölkələrinin bir-biri ilə birbaşa əlaqəsini təmin edir, üçüncü tərəflərdən asılılığı azaldır və sülh prosesini iqtisadi maraqlara əsaslanaraq dəstəkləyir. Bu da ABŞ-ın strateji baxışına tam uyğundur – yəni sülhün davamlılığı iqtisadi inteqrasiya üçün vacibliyi”, - deyə Metyu Brayza diqqətə çatdırıb.

Ekspert bu prosesdə ABŞ şirkətləri və investorları üçün perspektivlər barədə də bəhs edib.

“Əgər regionda sabitlik təmin olunsa, ABŞ şirkətləri üçün böyük potensial yaranacaq. Onlar artıq bu istiqamətdə maraq göstərməyə başlayıblar. Avqust ayında Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında əldə olunan razılaşmada ABŞ şirkətlərinin Zəngəzur dəhlizinin istismarı və infrastruktur layihələrində iştirakına dair ilkin razılıqlar əldə olunub. Bu, ABŞ-ın “iqtisadi diplomatiya” konsepsiyasına tam uyğundur – yəni biznes və investisiyalar vasitəsilə sülhün və əməkdaşlığın təşviqi.

Məsələn, ABŞ şirkətləri artıq Mərkəzi Asiyada kritik minerallar, logistika və nəqliyyat infrastrukturu sahələrinə sərmayə yatırırlar. Eyni model Cənubi Qafqazda da tətbiq oluna bilər.

Mən hesab edirəm ki, ABŞ investorları üçün Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də strateji baxımdan cəlbedici layihə olacaq. Bu, regionda sabitlik və rifahın bərqərar olmasına real töhfə verə bilər”, - deyə Metyu Brayza əlavə edib.

Regionun gələcəyi barədə fikirlərini bölüşən Metyu Brayza deyib: “Mən çox nikbinəm. Cənubi Qafqaz və Mərkəzi Asiya qarşıdakı illərdə qlobal iqtisadi sistemin yeni dinamik mərkəzlərindən birinə çevriləcək. Azərbaycan bu prosesin mərkəzində dayanır – enerji, logistika və diplomatiya baxımından. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr regionu birləşdirəcək, qarşılıqlı etimadı gücləndirəcək və davamlı sülhün bərqərar olmasına xidmət edəcək. ABŞ isə bu prosesi dəstəkləməyə və tərəfdaşlığa davam edəcək”.

3Sources