NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin son açıqlamaları bir sıra həqiqətləri yenidən gündəmə gətirib. Ən nəhayət o da artıq anlayaraq, bildirib ki, əgər Avropa Ukraynadakı strategiyasını dəyişməsə və Rusiyaya təzyiqi kökündən artırmasa, müharibə sonsuz olacaq, hücuma məruz qalan ölkə isə tədricən ərazisini itirəcək. Bu barədə “AzPolitika” xəbər verir.
O, həmçinin hesab edir ki, uzun mənzilli raketlərin Ukraynaya verilməsi vacibdir və avropalılar bu istiqamətdə ilk addımı atmalıdırlar, əvvəlki kimi ABŞ-nin belə bir qərar verməsini gözləməli deyillər.
Sabiq baş katib qeyd edir ki, Almaniya Kiyevə "Taurus" raketləri verərsə, Amerikayla "Tomahawk" raketlərinin tədarükü ilə bağlı müzakirələri bərpa etmək mümkün olacaq.
Görünən budur ki, artıq Avropa Ukrayna savaşının nələrsə etməsələr, Rusiyanın qələbəsi ilə bitəcəyini qəbullanmağa başlayıblar. Uzaqmənzilli raketlərin verilməyəcəyi, Ukraynanın hava məkanının bağlanmayacağı təqdirdə Kiyevin q ələbəsinin mümkünsüzlüyünü anlayanların sayı da durmadan artır.
![]()
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu gedişlə Putin Rusiyasının Avropanın digər ölkələrinə hərbi müdaxilə edə biləcəyindən və artıq Avropanın bundan ehtiyyatlanmasından söz açdı:
“Rasmussenin Ukraynaya raketlərin verilməsində Avropanın öncülük etməsinə dair təklifi, əslində, bir həqiqəti üzə çıxarır: Avropa Rusiyanın genişlənmə və irəliləmə siyasətindən ciddi şəkildə qorxur. Faktiki olaraq, Avropa ölkələrinin əksəriyyəti — istisna olaraq yalnız Böyük Britaniya və müəyyən dərəcədə Fransa qeyd edilə bilər-Rusiya tərəfindən birbaşa hərbi müdaxiləyə məruz qalma ehtimalını yüksək hesab etməsələr də, bu təhlükəni tamamilə istisna da etmirlər. Əsl təhlükə isə Rusiya ilə sərhəddə yerləşən ölkələr üçün daha realdır.
Bu vəziyyət göstərir ki, avropalılar narahat və qorxu içindədirlər. Amerika Birləşmiş Ştatları isə, hər nə qədər Rusiyanın Avropaya doğru genişlənməsini və ya Ukraynada qalib gəlməsini istəməsə də, bu prosesdən öz maraqları naminə ustalıqla istifadə edir. ABŞ, Avropa dövlətlərini öz siyasi və təhlükəsizlik orbitində saxlamağa, onları özünün “təhlükəsizlik konfiqurasiyasına” möhtac vəziyyətə salmağa çalışır.
Avropanın problemli tərəfi odur ki, o, vahid mövqedən çıxış edən bir siyasi orqanizm deyil. Qarşısında isə qərarların bir mərkəzdən verildiyi, vahid dövlət olan Rusiya dayanır. Rusiyada bir nəfərin verdiyi qərarlar dərhal icra edilir, Avropada isə hər dövlətin öz maraqları, öz daxili məhdudiyyətləri var. Bu da Avropanın hərbi və siyasi qərarvermə prosesini ləngidir.
Nəticədə, Avropa bir qərara gələnə qədər Rusiya daha çox irəliləyir, daha çox strateji mövqelər qazanır və Avropada qorxu bir az da artır. Məncə, Avropa bu təşəbbüslərlə əslində Amerikanı daha aktiv hərəkətə keçməyə təşviq etmək istəyir. Lakin ABŞ məsələlərə qlobal maraqları prizmasından baxır. O, Avropanın hərbi və siyasi cəhətdən həddindən artıq fəallaşmasını istəmir. Çünki bu, Amerikanın qlobal təsir gücünə mənfi təsir göstərə bilər. Bununla belə, ABŞ Rusiyadan da çəkinir, onun da bölgədə həddindən artıq irəliləməsini istəmir.
Beləcə, yaranan mənzərə belədir: qorxu içində qərarsız Avropa, strateji maraqlarını qlobal miqyasda qorumağa çalışan ABŞ və bu vəziyyətdən maksimum faydalanmağa çalışan Rusiya”.
Cavanşir ABBASLI
Musavat.com