ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam etdikcə, dövlət bu bölgələrə investisiya axınını sürətləndirmək üçün müxtəlif vergi güzəştləri və stimullaşdırıcı mexanizmlər tətbiq edir.
Güzəştlərin məqsədi həm yerli, həm də xarici investorlar üçün daha əlverişli biznes mühiti yaratmaq, iqtisadi fəallığı artırmaq və regionun uzunmüddətli dayanıqlı inkişafını təmin etməkdir. Bu güzəştlər infrastruktur layihələrindən tutmuş kənd təsərrüfatı, sənaye və xidmət sektorlarına qədər müxtəlif sahələrdə investisiya imkanlarını daha da cəlbedici edir.
Vergi güzəştlərinin tətbiqi işğaldan azad edilmiş ərazilərdə investorların marağını artırmaqda hansı konkret üstünlükləri yaradır və bu mexanizmlər bölgənin iqtisadi dinamikasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, vergi güzəştləri biznesə ona görə verilib ki, həmin ərazilərdə iş yerləri yaradılsın və yeni şirkətlər fəaliyyətə başlasın:
“2021-ci ildən, daha dəqiqi 2021-ci ilin sonundan və 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri tətbiq olunur. Bu vergi güzəştləri biznesə ona görə verilib ki, həmin ərazilərdə iş yerləri yaradılsın və yeni şirkətlər fəaliyyətə başlasın. Lakin sahibkarlar bu ərazilərdə şirkət yaratmağa yalnız o halda meyl göstərə bilərlər ki, orada işçi qüvvəsi olsun və istehsal etdikləri məhsulu sata bilsinlər. Hazırda isə həmin ərazilərin ilkin yerləşdirilməsi və məskunlaşdırılması prosesi hələ də davam edir.
Mövcud vəziyyətdə, hətta tətbiq olunan güzəştlər belə ciddi dəyişiklik yaratmayıb. Çünki sahibkarın vergi ödəməsi üçün əvvəlcə istehsal edib məhsul sataraq pul qazanması lazımdır. Bu isə yalnız satış olduqda mümkündür. Məskunlaşmanın ilkin mərhələsində olmaq həmin bölgələri sahibkarlar üçün hələlik o qədər də cəlbedici etmir. İşçi qüvvəsinin tapılması da əlavə problemdir. Bakı bu problemdə nə edə bilər? Sahibkar işçi götürməlidir ki, istehsal prosesi başlasın, lakin bu da çətinlik yaradır.
Sıfırdan qurulan zonada sahibkarlar və biznes nümayəndələri üçün çoxlu mənfi cəhətlər mövcuddur. Hökumət bu mənfi cəhətləri aradan qaldırmaq üçün vergi güzəştləri və müxtəlif rüsum güzəştləri tətbiq edir. Bir çox vergilər tamamilə ləğv edilib. Buna baxmayaraq, hələ ki, bölgədə ciddi problemlər qalmaqdadır. Əvvəlcə insanların həmin ərazilərdə yaşaması təmin olunmalıdır ki, sahibkar üçün biznes qurmaq maraqlı olsun.
Ümumiyyətlə, vəziyyət yalnız Qarabağ və Şərqi Zəngəzurla bağlı deyil. Qeyri-neft sektorunun özü ölkə üzrə zəif inkişaf edir. Bu sahədə hökumət uğursuzluğa düçar olur. Niyə? Çünki ölkədə yüzlərlə, minlərlə əməkdaşı olan, yüksək xərcləri olan qurumlar var – böyük kollektivlər, bahalı avtomobillər, sürücülər, katibələr və digər xərclər. Məhz bu böyük imkanlar və yüksək maaş fonunda qeyri-neft sektorunun inkişafı təmin olunmalıdır. Lakin hökumətin bu istiqamətdə ciddi nailiyyət əldə edib-etməməsi sual doğurur”.
İqtisadçının sözlərinə görə təkcə qeyri-neft sektoru deyil, ümumiyyətlə iqtisadiyyatın durumu da narahatlıq yaradır:
“Adam başına düşən ümumi daxili məhsula görə Azərbaycan Qafqazda ən geridə qalan ölkədir – Gürcüstan və Ermənistandan geri qalır. Adam başına düşən qeyri-neft ixracına və qeyri-neft sektorunun vəziyyətinə görə isə mənzərə daha da acınacaqlıdır. Orada vəziyyət ümumiyyətlə gülünc səviyyədədir.
Bakıdakı vəziyyətin yaxşı olduğu düşüncəsi də reallığı tam əks etdirmir. Adam az olan Zəngilan kimi yerlərdə vəziyyət pis ola bilər, amma bu o demək deyil ki, Gəncədə hər şey yaxşıdır. Əslində, Gəncədə də vəziyyət o qədər ürəkaçan deyil. Azərbaycanda ümumi vəziyyət belədir. Digər problemlərin hamısını sadalamağa ehtiyac yoxdur.”
Gülxanım Əliyeva
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.