EN

İran Cənubi Qafqaz siyasətini dəyişir- Xəlil Şirqulami Mehdi Sübhaninin yolunu gedəcək, yoxsa?  

İran ötən həftə Cənubi Qafqazın iki ölkəsində səfirini dəyişdi. Əli Mocani Gürcüstana, Xəlil Şirqulami isə Ermənistana göndərildi. Heç şübhəsiz ki, səfir təyinatları Azərbaycanı yaxından maraqlandırır.

Çünki cənub qonşumuzun İrəvandakı bundan öncəki təmsilçisi Mehdi Sübhani tez-tez ölkəmizə qarşı qərəzli fikirləri ilə gündəmə gəlirdi.

Qeyd edək ki, cari ilin iyunda Tehran Bakıya Müctəba Dəmirçilunu səfir göndərmişdi. Məhz onun gəlişindən sonra son illərdə Azərbaycan-İran münasibətlərində “əsən küləklər” bir qədər də “səngiməyə başlayıb”.

İran Cənubi Qafqaz siyasətini dəyişir? Ermənistandakı yeni səfir Mehdi Sübhaninin yolunu gedəcək, yoxsa?

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, Azərbaycan İranla əlaqələrin inkişafında hər zaman maraqlı olub:

“Müharibə bitdikdən dərhal sonra verdiyimiz açıqlamalarla da bildirdik ki, yeni əməkdaşlıq formatlarında İranın da yer almağını istəyirik. Təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblərdən münasibətlərimizdə gərginlik yarandı. Sonrasında isə bu gərginlik iki dövlət başçılarının təmasları ilə aradan qalxdı. Buna Məsud Pezeşkianın Azərbaycana reallaşdırdığı səfərlər daha da müsbət təkan verdi.  Son zamanlar İrandan müsbət mesajların gəldiyinin şahidiyik. Deməli, Zəngəzur dəhlizinin İranın maraqlarına qarşı olmadığı yavaş-yavaş başa düşülür. Bu, İranın baxışlarını, regional yanaşmasını dəyişdiyindən xəbər verir.

Yenə təəssüflə bildirirəm ki, Mehdi Sübhaninin uyğun olmayan açıqlamaları qıcıq doğurur, Azərbaycan-İran münasibətlərində gərginlik əmələ gətirirdi. Ermənistana özünü yaxşı göstərməyə çalışaraq verdiyi açıqlamalarla İran-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışırdı. Yeni səfir bunu dəyişməlidir.

Güman edirəm ki, İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu da İranın mövqeyini müdafiə edəcək, İran-Azərbaycan münasibətlərinə kölgə salmaqdan kənar durulacaq, münasibətlərin daha da yaxşılaşmasına töhfə veriləcək. Yaranan reallıq, reallaşan layihələr bütün region ölkələrinin və xalqlarının inkişafına xidmət edir. Uzaq olmayan gələcəkdə layihələrin daha konkret iqtisadi nəticələri olacaq ki, bu da addımların, yanaşma və ritorikaların get-gedə risklərdən daha da təmizlənməsinə gətirib-çıxardacaq. Hər üç region ölkəsinə yeni təyin olunan səfirlər regional reallığı, perspektivdə dayanan layihələrin iqtisadi dividentlərini nəzərə alaraq düzgün siyasi hesablamalar etməli, fəaliyyət ortaya qoymalıdırlar. Xəlil Şirqulami xüsusilə bu işdə köhnə narrativdən uzaq durmalıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
30
1
musavat.com

2Sources