EN

Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Konstitusiyasının banisidir

Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Konstitusiyasının banisidir"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir."

Prezident İlham Əliyev

Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış ilk Milli Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik inkişafa güclü təkan vermişdir.
Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir və həmçinin 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı və Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edirdi.. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Ölkənin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Ulu Öndərin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Bunuda bildirməliyik Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.
44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş 23 saatlıq uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Artıq Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunur. Bütün bunlar əldə edilən tarixi Zəfərin yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Bu baxımdan 2025-ci ilin Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi tamamilə məntiqidir.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycanın dövlətçilik tarixini daha dərindən araşdırmaq, milli hüququ dəyərlərimizi təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan dövlətçiliyi çoxəsrlik inkişaf yolu keçib. Sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.
Bu gün Azərbaycan tam müstqəqil və suveren bir dövlətdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, 2023-cü ildə Qarabağda suverenliyin tam bərpası dövlətçiliyimizin ən mühüm tarixi nailiyyətlərindəndir. Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixinin ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınıb. Növbədənkənar Prezident və parlament seçkiləri müstəqil tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilib. Şübhəsiz, "Konstitusiya və Suverenlik İli" bu tarixi mərhələlərin dərindən araşdırılması, yeni hüquqi reallıqlara uyğun təhlil üçün unikal imkanlar yaradır.
Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir.

Aynur Xəlilova - politoloq

Chosen
94
sonxeber.az

1Sources