BAKI, 7 noyabr. TELEQRAF
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 oyundan 7 xal toplamaqla bütün dünyanın diqqətinin üzərinə çəkib. Bu uğurun arxasında isə həm də Qurban Qurbanovun illərdir formalaşdırdığı xarakter, inam, sistem dayanır. Özü də təcrübəli mütəxəssis bunu beynəlxalq arenada ilk addımlarını atan futbolçularla bacarıb.
Teleqraf-ın məlumatına görə, mövsümöncəsi Yassin Benziya, Marko Veşoviç və Patrik Andrade kimi aparıcı futbolçuların gedişi “Qarabağ” azarkeşlərində narahatlıq yaratmışdı. Amma Ağdam klubu bu boşluğu altı yeni futbolçu ilə doldurdu. Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranın transferi ilə yeni komanda formalaşdı.
Onların əksəri UEFA turnirləri görməməsi, bu baxımdan təcrübəsiz olması futbol ictimaiyyətində fərqli fikirlər, bir növ inamsızlıq yaratdı. Sözsüz ki, bəzən titullu, peşəkar oyunçular bu sistemə uyğunlaşmaqda problem yaşamış, yəni gözləntiləri boşa çıxarmışdı. Bu baxımdan ötən mövsüm “Sabah”dan “Qarabağ”a transfer olunan Aleksey İsayevi nümunə göstərmək olar. “Bayquşlar”ın aparıcı futbolçusu Ağdam təmsilçisin xüsusi nə iləsə fərqlənə bilməmiş, elə bu mövsümün əvvəlində sabiq klubuna geri dönmüşdü.
Qurban Qurbanov da UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə 2:2 hesablı bərabərliklə bitən oyundan sonra da bu barədə danışmışdı:“İlk gündən demişdim ki, 2017-ci ildən bu yana “Qarabağ” fərqlidir, daha çox təcrübə toplayıb. Baxmayaraq ki, heyətimizdə yeni futbolçular var. Onların heç biri nə Çempionlar Liqasını, nə Avropa Liqasını, nə də Konfrans Liqasını görmüşdü. Qrup mərhələsinə düşəndə narahat idim ki, böyük stadionlarda, güclü rəqiblərə qarşı həyəcanlansınlar, oyunumuzu itirək. Amma bir-birimizə inam oldu, kollektiv düşündüyümüz kimi formalaşdı, mübariz komanda yarandı”.
Bu məqamda Ağdam klubu ilə benəlxalq arenalara addımlarını atan futbolçuları təqdim edirik:
Dani Bolt – 25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi Portuqaliyanın “Torreense” klubundan gəlib. İndiyə qədər UEFA təcrübəsi yoxdur, amma “Qarabağ”a sürəti və çevikliyi üçün transfer olunub. “Fluminense” akademiyasının yetirməsi olan Bolt, Qurban Qurbanovun “sakit, amma etibarlı” oyunçu tərzinin nümunəsidir.
Pedro Bikalyo – 24 yaşlı yarımmüdafiəçi Avropada yeni addım atan futbolçulardandır. “Alverka”dan gələn Bikalyo texniki cəhətdən güclü, amma təcrübəsiz idi. İndi isə o, “Qarabağ”ın mərkəzində oyun ritmini tənzimləyən oyunçulardan birinə çevrilib.
Kris Kuaku – Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu da UEFA arenalarına ilk addımını “Qarabağ”la atıb. “Mafra”da forma geyinmiş Kuaku hələ tam potensialını ortaya qoya bilməyib.
Joni Montiel – İspaniyanın “Rayo Valyekano” yetirməsi olan Montiel də “Qarabağ”da Avropa arenasına ilk dəfə çıxıb. Onun topa münasibəti, meydanda qərarvermə bacarığı La Liqa məktəbi gördüyünü isbat edir.
Kamilo Duran – Kolumbiyalı vinger cəmi bir neçə ay əvvəl Ağdam klubuna gəlib. Portuqaliyada yetişən 23 yaşlı futbolçu “Qarabağ”da sürət, texnika və istəyi ilə fərqlənir. UEFA Çempionlar Liqasının əsas mərhələsinndə ilk dəfə çıxış etməsinə baxmayaraq, IV turda İngiltərə nəhəngi “Çelsi”yə vurulan iki qolun ötürməsini edib. Bununla da Duranın yaxın gələcəkdə “köhlən atlar”ın seçilən futbolçularından olmaq ehtimalı az deyil.
Bu gün “Qarabağ” təkcə nəticə ilə deyil, quruluşu ilə də Avropada fərqlənir. Komandaya yeni gələn futbolçular bir mövsümə böyük səhnədə təcrübə qazanır, “Qarabağ məktəbi”ndən keçərək daha yetkin futbolçulara çevrilirlər. Leandro Andrade və Emanuel Addai bunun canlı nümunəsidir. Onlar da Avropa turnirlərində debütsuz gəlsələr də, bu gün Çempionlar Liqasında meydanın liderlərinə çevriliblər. Addai hətta “Kopenhagen”ə qarşı 2:0 hesablı qələbədə həftənin ən yaxşı futbolçusu seçilmişdi.