EN

Ayxan Hacızadə: Bölgədə sülh və sabitliyin təmin edilməsi Azərbaycanın strateji prioritetidir - MÜSAHİBƏ

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin APA-ya müsahibəsi

Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sabitlikdə maraqlıdır

- Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətləri təsis etmək üçün ötən dövrdə hansı addımlar atılıb və daha hansı addımların atılması planlaşdırılır?

- Məlum olduğu kimi, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” üzrə danışıqlar Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 2022-ci ilin oktyabr ayından etibarən 2 il yarım ərzində davam edib.

2023-cü il antiterror tədbirlərindən sonra və xüsusilə də 2024-cü ilin sonuna doğru Ermənistan tərəfi sülh sazişi layihəsində əvvəllər razılıq vermədiyi müddəaları qəbul etdi. Bununla mətn üzrə razılıq əldə edilməsi prosesi sürətləndi. 8 avqust tarixində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda, Ağ Evdə saziş layihəsi xarici işlər nazirləri tərəfindən paraflandı. Növbəti mərhələdə sazişin mətni ictimaiyyətə açıqlandı, 1 sentyabr tarixində keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlar rəsmən ləğv edildi.

Eyni zamanda, məlumdur ki, sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır. Bu, həmçinin Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə də dolayısı yolla təsbit edilib. Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu Birgə Bəyannamədə qeyd olunur.

Bununla yanaşı, ölkəmizdən Ermənistana yük tranziti ilə bağlı mövcud olan məhdudiyyətlərin aradan qaldırılması, Qazaxıstandan taxılın Azərbaycan-Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılması istiqamətində addımlar, Ermənistanda Azərbaycan və Ermənistan beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin təşkili müsbət etimad quruculuğu tədbirləridir.

Ümumilikdə, Azərbaycan sülh prosesinin təşəbbüskarı kimi bölgədə davamlı sülh və sabitlikdə maraqlıdır. Bu tarixi razılaşmaların icrası istiqamətində səyləri davam etdiririk.

Ölkəmiz üçüncü tərəfin qüvvələri dedikdə həmçinin Avropa İttifaqının Missiyasını nəzərdə tutur

- Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəkləri barədə razılığa gəlib. Ermənistan Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb. Amma 1 sentyabr 2025-ci ildə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib ki, Avropa İttifaqı (Aİ) öz mandatına uyğun olaraq Ermənistanda monitorinq missiyasını davam etdirəcək və hazırda hər hansı dəyişikliyə ehtiyac yoxdur. Bu məsələ ilə bağlı Ermənistan tərəfi götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır?

- Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu tərəfimizdən dəfələrlə bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunub.

Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi sülh sazişinin əsas müddəalarından biri kimi tərəfimizdən irəlilədilib və yekunda qəbul olunub.

Ölkəmiz üçüncü tərəfin qüvvələri dedikdə həmçinin Avropa İttifaqının Missiyasını nəzərdə tutur və bu istiqamətdə mövqeyimiz missiyanı qəbul edən tərəf kimi Ermənistana məlumdur. Ümid edirik ki, sülh sazişi imzalanandan sonra Ermənistan bu çərçivədə öhdəliklərini yerinə yetirəcək.

Sülh sazişi imzalanmayana qədər aidiyyəti müddəalarda göstərilən mexanizmlərin yaradılması hələlik planlaşdırılmır

- Azərbaycan və Ermənistan paraflanmış sülh Sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis etməlidir. Hazırda bu istiqamətdə hansı addımlar atılır?

- Sazişin icrasına nəzarət olduqca vacib istiqamətlərdəndir. Ancaq nəzərə alınmalıdır ki, Saziş imzalanmayana qədər aidiyyəti müddəalarda göstərilən mexanizmlərin yaradılması hələlik planlaşdırılmır. Hazırda sazişin 13-cü maddəsində nəzərdə tutulan ikitərəfli komissiyanın yaradılması istiqamətində hər hansı bir müzakirə aparılmır.

Delimitasiya komissiyalarının növbəti görüşünün keçirilməsi də müzakirə olunan məsələlər sırasındadır

- Sülh sazişinin paraflanmış mətnində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında danışıqlar aparacaqları qeyd edilib. Bu danışıqlar hansı mərhələdədir?

- Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 23 may 2022-ci il tarixli sərəncamı ilə təsis olunub. Hər iki dövlətin sərhəd delimitasiyası üzrə dövlət komissiyaları 2022-ci ildən etibarən müntəzəm görüşlər keçirir. 2023-cü ilin 30 noyabr tarixində 5-ci iclas çərçivəsində tərəflər komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni üzrə razılığa gəliblər.

2024-cü il aprelin 19-da 8-ci iclas çərçivəsində Ermənistan işğalı altında olan 4 anklavın - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının geri qaytarılması ilə nəticələnən razılıq əldə olundu və burada ilk olaraq 12,7 km sərhəd xətti delimitasiya və demarkasiya olundu.

2024-cü il avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” 25 oktyabr 2024-cü il tarixində Azərbaycan tərəfindən təsdiq olunub.

2025-ci ilin yanvarında keçirilmiş 11-ci iclasda delimitasiya işlərini şimaldan başlayaraq cənuba doğru mərhələlərlə aparmaq istiqamətində razılıq mövcuddur.

Ümumiyyətlə, müntəzəm əsasda komissiyaların rəhbərləri arasında təmaslar davam edir və komissiyaların növbəti görüşünün keçirilməsi də müzakirə olunan məsələlər sırasındadır.

Digər 4 anklavın Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir

- Delimitasiya çərçivəsində Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin azad olunması üçün hansı addımlar atılır?

- Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır. Digər 4 anklavın Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir. Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır.

Hərbi cinayət törədənlərin məhkəmə prosesinə müdaxilə qəbuledilməzdir

- İddia olunur ki, Ermənistan nümayəndə heyəti Vaşinqton görüşündə Bakıda məhkəməsi davam edən erməni məhbusların İrəvana təhvil verilməsi ilə bağlı məsələ qaldırıb. ABŞ Prezidenti Donald Tramp da bunun mümkün çərçivədə həllini Bakıdan xahiş edəcəyini söyləyib. Bununla bağlı Azərbaycan tərəfinin hər hansı güzəşt addımı atması nəzərdə tutulur?

- Ermənistanın 30 ilə yaxın müddətdə dəstək verdiyi separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər.

Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquqlarımız mövcuddur.

Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib.

Onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.

Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi üzrə məhkəmə prosesini davam etdirir. Məhkəmə prosesinə müdaxilə qəbuledilməzdir.

Regionda sülh və təhlükəsizlik naminə hərbiləşmə siyasətindən əl çəkməsi üçün Ermənistan tərəfinə çağırış edilib

- Digər tərəfdən, Ermənistanın üçüncü dövlətlər tərəfindən tərəfindən silahlandırılması prosesi həyata keçirilir. Ermənistan bu prosesin dayandırılması ilə bağlı da öhdəlik götürüb?

- Ermənistanın silahlanması Azərbaycan üçün ciddi narahatlıq doğuran və regional sabitliyə təhdid kimi qiymətləndirilən məsələdir. Bu istiqamətdə ölkəmizin mövqeyi aydın, prinsipial və ardıcıl şəkildə qarşı tərəfin diqqətinə çatdırılıb. Hesab edirik ki, sülh sazişinin paraflandığı, sərhədlərin delimitasiyası və normallaşma prosesinin irəlilədiyi bir mərhələdə Ermənistanın kütləvi şəkildə silahlanması sülh gündəliyinə ziddir, etimad quruculuğuna mane olur və regionda silahlanma yarışını təşviq edir.

Ermənistanın bu cəhdləri yeni revanşizm meyillərini gücləndirir, Ermənistan daxilindəki radikal qüvvələrə siyasi mesaj verir. Regionda sülh və təhlükəsizlik naminə hərbiləşmə siyasətindən əl çəkməsi üçün Ermənistan tərəfinə çağırış edilib. Bölgədə sülh və sabitliyin təmin edilməsi ölkəmizin strateji prioritetidir.

Biz dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil

- Yaxın gələcəkdə Zəngəzurdan keçən dəhlizin həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyinə şübhə yoxdur. Bu dəhlizin açılması təxminən nə zamana reallaşa bilər? Ermənistan tərəfi ilə bununla bağlı ikitərəfli danışıqlar aparılır?

- Azərbaycanın Şərqi Zəngəzur bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəhlizlə bağlı Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, hüquqi əsaslara və regional əməkdaşlıq maraqlarına söykənir. Məlumdur ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən Azərbaycan ərazisinin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkət təmin edilməlidir.

Biz dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil. Məqsəd yalnız beynəlxalq hüquqa və əldə edilmiş razılaşmalara uyğun şəkildə maneəsiz tranzit əlaqəsi yaratmaqdır. Hesab edirik ki, Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına və Orta Dəhliz çərçivəsində əlavə marşrutların formalaşmasına xidmət edəcək.

8 avqust Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP-dir. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ-la Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil. Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ tərəfinə, həm də Ermənistan tərəfinə bildirilib.

Qeyd edək ki, Vaşinqton razılaşmalarına uyğun olaraq, sentyabrın 5-də Azərbaycan və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfər ediblər. Ərazidə nəqliyyat yolları və infrastruktur ilə tanış olublar. Bu dəhlizin qısa müddətdə açılmasında maraqlıyıq.

Bununla yanaşı, Qars-İğdır-Dilucu marşrutu üzrə 224 kilometrlik dəmir yolunun tikintisi istiqamətində əhəmiyyətli bir layihənin, strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulduğu məlumdur. Hesab edirik ki, bu layihələrlə regionun logistika potensialı genişlənəcək və geostrateji əhəmiyyəti daha da artacaq.

Türkiyə–Ermənistan təmasları Azərbaycan–Ermənistan sülh prosesi ilə paralel şəkildə və ölkəmizlə müvafiq əlaqələnləndirilmə çərçivəsində aparılır

- Sülh Sazişinin mətninin paraflanması fonunda Pakistan artıq Ermənistanla diplomatik münasibətlər qurur. Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə Ermənistanla diplomatik əlaqə qurması istiqamətində Azərbaycanla məsləhətləşmələr aparır?

- Məlum olduğu kimi, Pakistan Ermənistanın işğalçılıq siyasətini əsas gətirərək bu ölkəni 35 ilə yaxın müddətdə tanımayıb. Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliləməsi kontekstində Pakistan tərəfi Ermənistanla diplomatik əlaqələri məhz əvvəlcədən Azərbaycanla razılaşdırmaqla qurub.

Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. Türkiyə–Ermənistan təmasları Azərbaycan–Ermənistan sülh prosesi ilə paralel şəkildə və ölkəmizlə müvafiq əlaqələnləndirilmə çərçivəsində aparılır.

Regionda davamlı sülhün və ədalətli nizamın qurulması zəruridir. Hazırda davamlı sülh və normallaşma üçün əsas məsələ Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıması və Konstitusiyada əks olunmuş bu iddiadan əl çəkməsidir.

Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər var

- Digər qonşu ölkələrlə bağlı diqqət çəkən məsələlərə də rəsmi Bakının münasibətini bilmək istəyərdik. Məsələn, Azərbaycan-Gürcüstan delimitasiya komissiyasının iclasları pandemiyaya qədər aktiv sürətdə keçirilirdi. Gürcüstan tərəfi ilə bu məsələnin həlli istiqamətində hansısa işlər aparılır?

- Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və anlaşma şəraitində inkişaf edib. Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə gəldikdə qeyd edək ki, bu olduqca zaman alan məsələdir. 1996-cı ildən etibarən iki ölkə arasında müvafiq komissiya delimitasiya üzrə iş aparır və indiyə qədər sərhədlərin 3/2 hissəsi razılaşdırılmış hesab olunur. Ümumilikdə, Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər var. Bu da təbiidir. Çünki sərhəd məsələsi hər bir dövlət üçün vacib, eyni zamanda, mürəkkəb məsələdir. Odur ki, sərhəd xətti elə müəyyən edilməlidir ki, ona bir daha qayıdılmasın. Bu istiqamətdə hazırda işlər davam etdirilir.

Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır

- Yeri gəlmişkən, AZAL-ın təyyarəsinin vurulması ilə bağlı qonşu ölkə Rusiya ilə son bir ilə yaxın müddətdə münasibətlərdə gərginlik mövcud olub. Azərbaycan-Rusiya münasibətləri bundan sonra hansı xətt üzrə inkişaf edəcək?

- Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Son bir ilə yaxın müddətdə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğramasının və Rusiya tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyimiz, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün əhəmiyyət kəsb etdiyi tərəfimizdən dəfələrlə vurğulanıb.

10 oktyabr tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iki ölkə prezidentləri arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya silahlı qüvvələrinin səhvi nəticəsində vurulmasının etiraf olunması və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım hesab olunur.

Azərbaycanın Rusiya-Ukrayna müharibəsi məsələsində mövqeyi açıq və birmənalıdır

- Rusiya ilə müharibə şəraitində olan Ukrayna ilə Azərbaycanın münasibətlərini necə xarakterizə etmək olar? Bu amil yaxın və orta perspektivdə Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edə bilər?

- Azərbaycan və Ukrayna arasında münasibətlər hər zaman dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanıb. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi məsələsində mövqeyi açıq və birmənalıdır. Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişik və bu mövqeyimizdəyişməz olaraq qalır.

Məlum olduğu kimi, artıq dörd ilə yaxın müddətdə davam edən müharibə ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən Ukraynaya əhəmiyyətli ölçüdə humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımlar göstərilib. 2022-ci ilin 24 fevral tarixində hərbi əməliyyatların başlamasından sonra Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən olub.

Ukraynanın müharibədən zərər çəkmiş ərazilərinin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə ölkəmiz tərəfindən müxtəlif zamanlarda Ukraynaya müvafiq elektrik avadanlıqlarından ibarət yardımlar göndərilib.

Bununla yanaşı, Ukraynanın bərpası və həyata keçirilən yenidənqurma işlərinə dəstək məqsədilə xüsusilə İrpen şəhərində əhəmiyyətli işlər görülüb, hərbi əməliyyatların zərər verdiyi ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinin aparılmasına töhfə verilib.

Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqların sosial-psixoloji reabilitasiyasına önəm verir və bu istiqamətdə ölkəmizdə müvafiq işlər görülür.

Ümumilikdə, hərbi əməliyyatların başlamasından indiyədək Ukraynaya humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardım fəaliyyətlərinin ümumi maliyyə həcmi təqribən 45 milyon ABŞ dollarıdır.

Ölkəmiz Rusiya ilə Ukrayna arasında münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, danışıqlar yolu ilə həllini dəstəkləyir.

Azərbaycan-İran münasibətləri olduqca mürəkkəb proseslərdən keçib

- Cənub qonşumuz İran Azərbaycanla münasibətlərin müsbət dinamikada inkişafı ilə bağlı açıqlamalar verir, qarşılıqlı rəsmi səfərlər və telefon danışıqları artıb. İranla münasibətlərin bundan sonrakı inkişafı necə olacaq?

- Azərbaycan Respublikasının xarici siyasət kursunda qonşu dövlətlərlə əlaqələr həmişə prioritet istiqamət olub. Azərbaycan hər zaman İranla münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.

Daha sonra, normallaşma istiqamətində atılan addımlar, cari ilin aprel və iyul aylarında İran İslam Respublikasının Prezidentinin ölkəmizə səfərlərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığı məlumdur. Xüsusilə regional iqtisadi layihələr, nəqliyyat və enerji dəhlizləri istiqamətlərində birgə əməkdaşlıq iki ölkə üçün əlavə imkanlar yaradır.

Səfərlər zamanı müzakirə olunan mövzuların və imzalanmış sənədlərin icrası istiqamətində hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlər aparılır, müntəzəm görüşlər keçirilir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik.

Ölkəmiz bir sıra nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır

- İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Araz dəhlizinin açılmasının hansı üstünlükləri ola bilər?

- Araz dəhlizi Azərbaycanın və İranın iştirakı ilə reallaşdırılan mühüm nəqliyyat və logistika layihəsidir. Bu layihə Azərbaycanın Şərqi Zəngəzur regionu ilə Naxçıvan Muxtar Respublikası arasında alternativ bağlantı yaratmağı və regional tranzit marşrutlarını gücləndirməyi hədəfləyir. Bu yalnız Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır.

2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna uyğun olaraq, Ağbənd və Kəlalə yaşayış məntəqələrini birləşdirən və 2024-cü ilin mart ayında təməli qoyulmuş körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, İran ərazisində müvafiq olaraq avtomobil yolunun genişləndirilməsi işlərinin aparılması planlaşdırılır. Eyni zamanda, istisna olunmur ki, növbəti mərhələdə bu marşrut üzərində dəmir yolunun tikintisi də həyata keçirilsin.

13 oktyabr tarixində Bakıda Baş nazirin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə üçtərəfli görüş keçirilib. 14 oktyabr tarixində üç ölkənin vacib infrastruktur obyektlərinə birgə baxış keçirilib.

Ölkəmiz ümumilikdə, bir sıra nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bütün bunlar ölkəmizin tranzit rolunu gücləndirir. Ölkəmizdə nəqliyyat və logistika infrastrukturuna çox geniş sərmayə qoyulur. Bu olduqca vacib istiqamətdir.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzindədir

- İranda səfirliyimizə hücumdan sonra Azərbaycanın diplomatik missiyalarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi ilə bağlı açıqlamalar olmuşdu. Bu istiqamətdə hansı işlər görülüb?

- Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda risklilik dərəcələrinə uyğun olaraq mərhələli şəkildə monitorinqlərin aparılması, təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi, müvafiq tədbirlər üzrə planların hazırlanması və digər zəruri tədbirlərin görülməsi işləri davam etdirilir. Bununla yanaşı, xarici ölkələrdəki diplomatik və texniki heyətimizin təhlükəsizlik qaydalarına riayət etməsi istiqamətində müntəzəm təlimatlandırma və təlimlər təşkil olunur.

- Azərbaycanın xaricdə diplomatik nümayəndəliklərinin sayının artırılması üçün hansı addımların atılması planlaşdırılır?

- Azərbaycanın xarici ölkələrdəki missiyalarının işinin təkmilləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərin sayının artırılması da əsas prioritetlərdən olub. Ötən il Azərbaycan Respublikasının Tailand Krallığında və Oman Sultanlığındakı səfirlikləri fəaliyyətə başlayıb. Bu il isə, Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyinin təsis edilməsi barədə Milli Məclis tərəfindən qanun qəbul edilib. Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-ə çatıb – 70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi.

ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işlərə start verilib

- Son zamanlar Azərbaycanın ABŞ-la münasibətləri diqqət mərkəzindədir. 8 avqust tarixində Azərbaycanla ABŞ arasında imzalanmış sənədlərin icrası istiqamətində artıq qarşılıqlı təmaslara başlanıb?

- Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Bu əməkdaşlıq əlaqələri son administrasiya dövründə xeyli zəifləsə də, möhtərəm Prezident cənab İlham Əliyevin ABŞ-a avqust ayında səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində tarixi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu çərçivədə növbəti 6 ay ərzində əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Strateji İşçi Qrupunun prioritet sahələri enerji, ticarət və regional bağlantılar; rəqəmsal infrastruktur və süni intellekt; müdafiə, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələrdir. Bu, Azərbaycan və ABŞ-ın yalnız sözdə deyil, həm də real layihələrlə əməkdaşlığa sadiqliyini göstərir.

Səfər çərçivəsində enerji sahəsində də mühüm nəticələr əldə edilib. ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu sənəd həm ənənəvi, həm də qeyri-ənənəvi enerji layihələrində əməkdaşlıq imkanlarını genişləndirəcək, enerji təhlükəsizliyimizi gücləndirəcək və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Qeyd edilən razılaşmaların icra edilməsi istiqamətində Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işlərə start verilib. Hazırda qeyd edilən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə müvafiq İşçi Qrup fəaliyyət göstərir. Ümidvarıq ki, qeyd edilən razılaşmaların icrası ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcək.

ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir

- Məlumdur ki, “Azadlığa dəstək qanununa” 907-ci düzəliş Azərbaycana qarşı ədalətsiz olaraq tətbiq edilib. Avqustun 8-də Prezident Tramp bu düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırdı. 8 avqust Vaşinqton görüşünün tarixi əhəmiyyətini, habelə ABŞ-ın regiondakı strateji maraqlarını nəzərə alaraq, belə bir maneənin tam aradan qaldırılması üçün ABŞ-la dialoq davam etdirilir?

- ABŞ-a səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır. Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.

ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım ABŞ-la yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq.

Son iki ildə Azərbaycan-Çin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib

- Azərbaycanın tək ABŞ-la deyil, Çinlə də münasibətləri diqqət mərkəzindədir. Azərbaycanın Çinlə münasibətlərinin cari vəziyyətini və perspektivlərini necə qiymətləndirərdiniz?

- Azərbaycanla Çin arasında dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib.

Son iki ildə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. 3 iyul 2024-cü il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub və iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalanıb. Bu tarixi addımlar Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.

Ölkələrimiz arasındakı əməkdaşlıq ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, ticarət-iqtisadi, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir.

Bu ilin iyul ayından etibarən hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına yeni təkan verir.

Bununla yanaşı, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Sian şəhərindən konteyner-qatarının Bakıya 12 gündən az müddətdə çatması nümunəsi Orda Dəhlizin səmərəliliyinin bariz göstəricisidir.

Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcək.

Hazırda Aİ ilə yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur

- Avropa institutları ilə əlaqələrin gələcəyi də maraq doğurur. Avropa İttifaqının liderləri Avropa Siyasi Birliyi formatını qurublar. Azərbaycan da bu formatda iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin perspektivləri nədir?

- Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır. Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlayıb.

Son bir neçə ildə Avropa İttifaqının keçmiş vitse-prezidenti Cozep Borellin və digər rəsmilərin ölkəmizə qarşı açıqlamalarının, eləcə də Avropa Parlamenti və digər təsisatların qərəzli yanaşmalarının münasibətlərə mənfi təsir etdiyi məlumdur. Buna baxmayaraq, son seçkilərdən sonra Avropa İttifaqı rəhbərliyinin ölkəmizə qarşı yanaşmasında ciddi müsbət irəliləyişlər mövcuddur. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər münasibətlərin nizama salınmasına xidmət edir.

Cari ilin 25 aprel tarixində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Kaya Kallas Bakıya səfər edib və yüksək səviyyəli görüşlər keçirib.

16 may tarixində Tiranada təşkil edilmiş Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen ilə görüşü baş tutub. Eyni tərkibli növbəti görüş isə 2 oktyabr tarixində Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı zamanı keçirilib.

Azərbaycan Avropa Siyasi Birliyinin tədbirlərində yaxından iştirak edir. Bununla yanaşı, razılaşmaya əsasən, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısı 2028-ci ildə Azərbaycanda təşkil ediləcək.

Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur. Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir. Bu Azərbaycanla Aİ arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın əsas istiqamətlərini əhatə edir.

Hazırda yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur.

22 may tarixində Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqunun növbəti - 6-cı iclası keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında Enerji Dialoqunun 3-cü görüşü 13 iyun 2025-ci il tarixində Brüsseldə təşkil edilib. Bununla yanaşı, cari ilin 9 oktyabr tarixində Brüsseldə 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib.

Azərbaycan Avropa İttifaqı münasibətlərinin perspektiv istiqamətlərindən birini Avropa İttifaqı ölkələri ilə strateji formatda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi təşkil edir. Hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır.

Son zamanlar Hindistan Azərbaycanla siyasi dialoqdan yayınır

- Azərbaycan-Pakistan tərəfdaşlığı fonunda Hindistanın ölkəmizə münasibətdə atdığı addımları necə qiymətləndirmək olar? Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü də blokladı. Rəsmi Bakı Azərbaycan-Hindistan münasibətlərinin gələcəyini necə görür?

- Azərbaycanın Pakistanla münasibətlərinin mahiyyəti, geniş tərəfdaşlıq əlaqələri hər zaman hamıya, ələlxüsus Hindistana bəlli olub və özündə heç bir gizli gündəlik ehtiva etməyib. Bu münasibətlər indi də heç bir dəyişikliyə məruz qalmayıb. Azərbaycanın müxtəlif ölkələrlə ikitərəfli əlaqələri heç vaxt üçüncü dövlətə qarşı yönəlməyib. Diplomatik münasibətlərin qurulduğu 1991-ci ilin dekabrından etibarən Azərbaycan Hindistanla həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlıq münasibətlərinin tərəfdarı olub. Bütün bunlara baxmayaraq, son zamanlar Hindistan Azərbaycanla siyasi dialoqdan yayınır, beynəlxalq çoxtərəfli formatlarda - Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS, COP29-da ölkəmizə və onun səylərinə qarşı açıq şəkildə mənfi mövqedən çıxış edir, paralel olaraq isə Ermənistanın hərbiləşmə siyasətinə töhfə verir.

Azərbaycan tərəfi isə öz növbəsində xarici siyasətdə rəhbər tutduğu qarşılılıq prinsipini əsas götürüb. Bununla belə, hər zaman dialoqa açıq olduğumuz tərəfimizdən dəfələrlə bildirilib. Xarici işlər nazirləri arasında bir sıra beynəlxalq platformalarda görüşlər keçirilib, nazir müavinlərinin səfərləri həyata keçirilib.

Aydındır ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesinin getdiyi bir vaxtda Hindistanın bu vasitələrlə Cənubi Qafqaz regionunda mövcudluğunu davam etdirməsi uğursuz yanaşmadır. Hesab edirik ki, Hindistan özünün Azərbaycanla əməkdaşlıq perspektivlərinə zərər vuracaq fəaliyyətlərdən çəkinməlidir.

Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı regional təhlükəsizlik üçün vacib şərtdir

- Azərbaycanın Yaxın Şərqdə münaqişələrin həlli yönündə təşəbbüsləri də öz nəticəsini verir. Məsələn, Suriyada Türkiyə və İsrail arasında hərbi qarşıdurma ehtimalını aradan qaldırmaq üçün müəyyən mexanizmin formalaşdırılması ilə bağlı Bakıda görüş keçirilib, Azərbaycan İsrail-Suriya görüşünün keçirildiyi məkan olub. Bu proses bundan sonra necə davam edəcək?

- Sülhün və əməkdaşlığın təşviq edilməsi, beynəlxalq təhlükəsizliyə töhfə verilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Məlumdur ki, Türkiyə-İsrail münasibətləri hər zaman enişli-yoxuşlu olub. Şübhəsiz ki, bunun müəyyən səbəbləri də var. Eyni zamanda, hesab edirik ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı regional təhlükəsizlik üçün vacib şərtdir. Bunu nəzərə alaraq, Türkiyə və İsrail arasında vasitəçilik səylərimizi hər zaman davam etdirmişik. Məhz bu səylər nəticəsində əvvəlki dönəmdə hətta iki ölkə arasında münasibətlər normallaşmışdır.

Bununla yanaşı, Suriya ilə İsrail rəsmiləri arasında bir sıra danışıqlara ev sahibliyi etmişik. Bu kimi səylər bir çox hallarda ictimaiyyətə açıq olmayıb.

Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal diplomatiyada etibarlı aktor statusunun təsdiqidir. Azərbaycan qlobal sülh proseslərində etibarlı tərəfdaş rolunu oynamaqda davam edəcək. Ümid edirik ki, göstərilən səylər Yaxın Şərqdə sülhə töhfə verəcək.

- Azərbaycanın Suriyada gedən proseslərdə hansı formada iştirakı nəzərdə tutulur? Azərbaycanın Suriyada səfirliyi fəaliyyət göstərir. Suriyanın da Azərbaycanda səfirliyinin və ya diplomatik nümayəndəliyinin açılması gözlənilirmi?

- Azərbaycan və Suriya arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcuddur. Məlum olduğu kimi, Suriyada Bəşər Əl-Əsəd rejimi dönəmində ölkələrimiz arasında münasibətlər olduqca gərgin idi və hətta ölkəmizə qarşı nümayiş etdirilən qərəzli yanaşmaya görə 12 il səfirliyimiz fəaliyyət göstərmədi. Suriya həmin dönəmdə bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə zidd yanaşma sərgilədi.

Suriyada 2024-cü ilin 8 dekabrında Əsəd rejiminin çökməsindən sonra münasibətlərimiz yeni mərhələyə qədəm qoyub, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb. İlk gündən tərəfimizdən rəsmi bəyanat verilərək, Suriyada sülhün və sabitliyin bərpa olunmasının vacibliyi tərəfimizdən xüsusi olaraq vurğulanıb.

2024-cü ilin dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Dəməşqə səfər edib, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşüb. Görüş çərçivəsində Suriya üçün bu vacib mərhələdə Azərbaycanın Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət ilk humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb. Bu istiqamətdə işlər sonrakı dövrdə davam etdirilib. Ölkəmiz həmçinin Suriyanın beynəlxalq platformalarda fəaliyyəti və üzvlüyünün bərpa olunması istiqamətində səylərə yaxından dəstək verib.

Cari ilin fevral ayında səfirliyimizin fəaliyyəti bərpa olunub.

Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Görüşdə sabitliyin möhkəmləndirilməsində, bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu bildirildi.

May ayında Baş nazirin müavininin rəhbərliyi ilə hökumət missiyasının Suriyaya səfəri çərçivəsində, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafımüzakirə olundu.

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri iki ölkənin münasibətlərində mühüm bir addım oldu.

2 avqust tarixində Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında dördtərəfli razılaşma çərçivəsində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyə ərazisindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Ümumilikdə, Azərbaycanla Suriya arasında əməkdaşlıq üçün geniş perspektiv mövcuddur. Ümidvarıq ki, ikitərəfli əlaqələrin daha da inkişafı üçün Suriyanın da ölkəmizdə səfirliyi təsis olunacaq.

- Nəhayət, bir parçası olduğumuz Türk dünyası ilə bağlı suallarımız var. Azərbaycanın TDT-də artan rolunu müşahidə edirik. Azərbaycan TDT-nın gələcəyini necə görür? Azərbaycanda 6-7 oktyabr 2025-ci il tarixlərində Türk Dövlətləri Təşkilatları Dövlət başçılarının Zirvə görüşünün nəticələrini necə dəyərləndirərdiniz?

- Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Müqaviləsi ilə təməli qoyulan Təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxil olmaqla, 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib, TDT dinamik və nüfuzlu bir regional mərkəzə çevrilib.

Beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə, Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq əlaqələrinin dinamikası, hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımız üçün möhkəm bir əsasdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması, əməkdaşlıq imkanlarının ətraflı müzakirəsi üçün əlverişli fürsət yaradır. Bu çərçivədə, əvvəlki illərdə çoxsaylı TDT Zirvə görüşlərinin yekun sənədləri ilə bərabər, 2024-cü ildə Bişkekdə keçirilmiş sonuncu rəsmi Zirvə görüşünün, eləcə də 2024 və 2025-ci illərdə müvafiq olaraq Şuşada və Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşlərinin yekununda qəbul edilmiş Bəyannamələr birgə təşəbbüslərimizin həyata keçirilməsi baxımından strateji yol xəritələridir.

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir. Formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Təşkilatımız Türk birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir.

Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı daha da gücləndirməli, Təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyalar və ticarət təşviq olunmalıdır.

TDT üzv dövlətləri coğrafi baxımdan təbii nəqliyyat-logistika-tranzit xəttini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır və bu istiqamət üzrə nəhəng imkanlara malikdir.

Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə Təşkilatımızın Katibliyinin funksionallığının gücləndirilməsi, onun kadr potensialının artırılmasına tərəfdardır və bu çərçivədə konkret təkliflərlə çıxış edib. Təşkilatımızın işinə töhfə vermək və eləcə də Katibliyin büdcəsinin artırılması məsələsində əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.

Azərbaycan əməkdaşlıq təşkilatlarına, o cümlədən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də TDT-nin Macarıstandakı nümayəndəliyinin institutlaşması və fəaliyyətlərinin gücləndirilməsi üçün dəstəyini davam etdirmək əzmindədir.

Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda 12-ci Zirvə görüşündə dövlət və hökumət başçıları siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təşviqi, mədəni-humanitar əlaqələrin genişləndirilməsi, eləcə də regional və qlobal çağırışlara qarşı birgə fəaliyyətin vacibliyi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsi və digər sənədlərin Təşkilatımızın inkişaf dinamikasına müsbət təsir göstərəcəyini, ümumi işimizə əlavə dəyər qatacağını əminliklə söyləmək mümkündür. Bəyannamədə türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqlik bir daha təsdiqlənib.

Sammit nəticəsində ölkələrimiz arasında təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması məqsədəuyğun hesab edilib. Təsadüfi deyil ki, möhtərəm cənab Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edib.

Zirvə görüşü nəticəsində növbəti il 1926-cı il Bakı Türkologiya Qurultayının və qurultay zamanı latın əlifbasının qəbul edilməsinin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi tövsiyə olunub.

Sammitdə qəbul edilən sənədlər sırasında türk dünyasının institusional əsaslarını möhkəmləndirən və əməkdaşlıq mexanizmlərin təkmilləşdirən, büdcə istiqamətini tənzimləyən bir sıra praktiki qərarlar da yer alıb. Bunların arasında, “TDT+” formatının yaradılması haqqında Qərarıxüsusilə qeyd etmək istərdik.

Bu Zirvə görüşü Azərbaycanın türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.

Chosen
35
2
apa.az

3Sources