Məsud Pezeşkian paytaxtın su ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib
İran Prezidenti Məsud Pezeşkian uzun sürən quraqlığın yaratdığı su böhranı daha da pisləşərsə, Tehranın təxliyə olunacağı barədə xəbərdarlıq edib.
"İtimad" qəzetinin məlumatına görə, prezident bu açıqlamanı ölkənin qərbindəki Sənəndəc şəhərinə işgüzar səfəri zamanı verib. Yerli hakimiyyət orqanları ilə görüşdə çıxış edən Pezeşkian ölkədəki bir sıra iqtisadi və sosial problemlərə toxunub.
O qeyd edib ki, yüksək inflyasiya və qiymətlərin artması həm daxili idarəetmə səhvlərinin, həm də xarici sanksiyaların nəticəsidir. "İnflyasiya və yüksək qiymətlərə görə məsuliyyət parlamentin və hökumətin üzərinə düşür. İşlər davam edir, lakin maliyyə məhdudiyyətləri layihələri başa çatdırmağımıza mane olur", - deyə prezident vurğulayıb.
O, uzunmüddətli quraqlığın yaratdığı kritik su təchizatı vəziyyətinə xüsusi diqqət yetirib. "İran təbii çətinliklərlə - yağış çatışmazlığı və su ehtiyatlarının tükənməsi ilə üzləşir ki, bu da ağır nəticələrə səbəb ola bilər", - Pezeşkian deyib.
İran paytaxtı suyu beş böyük su anbarından - Lar, Məmlu, Əmir Kəbir, Taliqan və Latiandan alır ki, bunlardan ən böyüyü Əmir Kəbir bəndidir.
Son beş ildə ölkədə yağıntının davamlı olaraq azalması müşahidə olunub. Meteoroloji məlumatlara görə, Tehranda bu il mövsümi orta göstəricidən 40 faiz az yağış yağıb. Yaz və yay aylarında yağışın demək olar ki, tamamilə olmaması su anbarlarının suyunun səviyyəsini fəlakətli şəkildə azaldıb.
Böhran təkcə səth su ehtiyatlarına deyil, həm də yeraltı sulara təsir göstərib və onların sürətlə tükənməsinə səbəb olub.
İyulun 20-də Tehran Vilayət Su İdarəsi rəsmi olaraq paytaxtı su ilə təmin edən anbarlardakı su ehtiyatlarının son bir əsrdə ən aşağı səviyyəyə çatdığı barədə xəbərdarlıq edib. Şəhərdə yay boyunca dəfələrlə müvəqqəti su kəsintiləri tətbiq edilib.
Bundan sonra Prezident Pezeşkian mövcud istehlak templərinin davam edəcəyi və problemin həlli üçün heç bir tədbir görülməyəcəyi təqdirdə Tehran sakinlərinə suyun çatdırılmasının mümkün olmayacağını bildirib.
Noyabrın 3-də Tehran Vilayət Su İdarəsinin baş direktoru Behzad Parsa mövcud ehtiyatların paytaxta təchizatında fasiləsiz maksimum iki həftəyə çatacağını açıqlayıb.
R. HİLALOĞLU,
“Azərbaycan”