EN

Zəfər Günü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticə idi ŞƏRH

Bakı, 7 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 8-i Azərbaycanın dövlətçilik tarixində xalqımızın və Müzəffər Ordumuzun gücünü, qürurunu və əzmini bütün dünyaya nümayiş etdirdiyi şanlı bir gün kimi daxil olub. Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz misli görünməmiş hərbi əməliyyatla düşməni Şuşadan qovub çıxardı. Bu möhtəşəm qələbə isə uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, dövlətin və xalqın birliyinin, həmçinin ordumuzun yüksək döyüş hazırlığının nəticəsi idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib. Bu dövrdə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə möhkəmlənərək qarşıdakı böyük sınaqlara hazırlaşıb. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoymaq məqsədilə öz suveren torpaqlarında hərbi əməliyyatlara başladı.

“Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu qalmadı. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi. Noyabrın 10-da Ermənistanın Rusiyaya rəsmi müraciət etməsindən sonra hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan ilə Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul edildi. Ermənistan kapitulyasiya aktına imza atmış oldu. Beləliklə, uzun illər həsrətində olduğumuz doğma Qarabağın azadlığı uğrunda apardığımız mübarizə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə başa çatdı. Rəşadətli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazandı. Nəticədə hər birimizə canı qədər əziz olan üçrəngli Dövlət Bayrağımız viran qoyulmuş şəhər və kəndlərimizdə qürurla dalğalanmağa başladı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. “Dəmir Yumruq” əməliyyatı adlanan bu uğurlu əməliyyatı müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin bariz təsdiqidir. Bu hadisə, həmçinin Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu, ölkəmizin və regionun inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bu gün Şərqi Zəngəzur və Qarabağda gedən sürətli bərpa və quruculuq işləri, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri bunun əyani sübutudur”, - deyə M.Əfəndiyev qeyd edib.

Müharibə dövründə Prezident İlham Əliyevin Ordumuzun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirdiyini bildirən deputat vurğulayıb ki, Ali Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbə ilə nəticələndi: “Prezident İlham Əliyev istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrlə münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq oldu. Dövlətimzin başçısı bu gün də uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasının, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirir. Xüsusilə, bu il avqustun 8-də Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Vaşinqton Bəyannaməsinin imzalanması ilə Sülh Sazişinin müddəalarının paraflanması Azərbaycan dövlətinin, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafının carçısı olduğunu bütün dünyaya nümayiş etdirir. Bu, həmçinin Azərbaycan xalqının növbəti illərdə Zəfər Gününü daha böyük sevinc, coşğu və fəxarət hissi ilə qeyd edəcəyinə əminlik yaradır”.

M.Əfəndiyev, həmçinin diqqətə çatdırıb ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının əsası qoyuldu, müstəqilliyimizin rəmzlərinə çevrilən Dövlət Bayrağı və Konstitusiya qəbul edildi.

“Təsadüfi deyil ki, noyabr xalqımız üçün xüsusi əlamətdar aylardan biridir. Bu ay qədirbilən Azərbaycan xalqı Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük qürur hissi ilə qeyd edir. Bu il Konstitusiyamızın qəbul olunmasının 30-cu, Vətən müharibəsində qazandığımız Zəfərin 5-ci ildönümü ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq”, - deyə o əlavə edib.

 

Chosen
8
1
azertag.az

2Sources