ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev bildirib.
O qeyd edib ki, 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılması, ilk növbədə, dövlətimizin qarşısında duran yeni təhlükəsizlik reallıqları və milli maraqlarımızın qorunması baxımından zəruri addımdır:
“Bu gün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kibertəhlükələrə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət alıb. Həmin ərazilərdə minalardan təmizləmə, hüquq-mühafizə infrastrukturunun yaradılması, insanların təhlükəsiz şəkildə geri qayıdışı üçün əlavə resurslara ehtiyac var. Bu, təkcə təhlükəsizlik deyil, həm də dövlətin sosial məsuliyyəti məsələsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq öhdəlikləri, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü vəzifələr, yeni texnoloji çağırışlar və müdafiə sənayesinin inkişafı bu sahəyə əlavə maliyyə dəstəyi tələb edir”.
“Bizim məqsədimiz sadəcə xərcləri artırmaq deyil - məqsədimiz dövlətin müdafiə qabiliyyətini, milli təhlükəsizlik sistemini və vətəndaşlarımızın əmin-amanlığını daha da möhkəmləndirməkdir. Təhlükəsizlik hər bir dövlətin suverenliyinin dayağı, sabit inkişafın və iqtisadi tərəqqinin əsas təminatıdır. Buna görə də mən 2026-cı il üçün Təhlükəsizlik büdcəsinin artırılmasını tam zəruri və strateji baxımdan düzgün qərar hesab edirəm. Bir sözlə, 2026-cı il üçün bu sahəyə ayrılan 8,7 milyard manatlıq büdcə Azərbaycanın postmüharibə dövründə sülhü gücləndirmə, müdafiə sənayesinin inkişafı və regionda təhlükəsizlik balansını qoruma strategiyasına xidmət edir”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.