EN

Quru sərhədlərinin açılmasına ehtiyac var! DEPUTAT

ain.az bildirir, Modern.az portalına istinadən.

8 avqust tarixli Vaşinqton Zirvə görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında xeyli müsbət addımlar atılıb. 

Buna nümunə kimi Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını göstərmək olar. Ötən gün taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. 

Bu addım karantin səbəbilə bağlı qalan quru yollarının açılması məsələsini yenidən gündəmə gətirib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, iqtisadi əlaqələrin sülhü möhkəmləndirən hadisə olmasına şübhə yoxdur:

"Ermənistanla Azərbaycan arasında artıq elə bir mərhələyə gəlib çatmışıq ki, qarşılıqlı etimad və sülh üçün əsas yaradan iqtisadi münasibətləri bərpa etməliyik. Azərbaycanın Ermənistana Qazaxıstan taxılının ölkəmizdən tranzit keçməklə bağlı məhdudiyyətləri aradan qaldırması kimi addımlar regional sülhə xidmət edir. İnteqrasiya həm də quru sərhədlərində mövcud olan məhdudiyyətlərin aradan götürülməsini zəruri edir. Bu, təkcə Azərbaycan-Ermənistan münasibətləri kontekstində yox, bütövlükdə digər qonşularla da quru sərhədləri  əlaqəsinin bərpasını zəruri edir. Quru sərhədlərinin açılması iqtisadiyyatın, sərhədyanı ticarətin canlanması, rifahın artması deməkdir. Buna ehtiyac var. Bizim bildiyimiz və bilmədiyimiz səbəblərdən quru yollarının açılmasına qoyulmuş məhdudiyyətlərin aradan götürilməsi üçün optimal müddətdə qərar verilə bilər. Mənə elə gəlir ki, belə bir qərar verilməlidir. Çünki nəticə etibarilə, bütün hallarda quru sərhədlərinin açılması həm mədəni, həm turizm, həm də iqtisadi mübadilənin, əməkdaşlığın dərinləşməsinin şərtlərindən biri kimi çıxış edir".

Deputat vurğulayıb ki, quru sərhədlərinin açılması bütövlükdə Azərbaycan Prezidentinin çağırışları kontekstində çox lazımlı məsələdir:

"Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyində maraqlı və çox vacib məsələyə toxundu. Bizim sərhədlərimizin o tayında yaşayanalar da azərbaycanlılardır, onlar da öz ölkələrinin layiqli vətəndaşlarıdır.  Doğrudan da, quru sərhədlərimizdən kənarda yaşayan azərbaycanlılar da, onların vətəndaşı olduğu ölkələr də  Azərbaycanla iqtisadi əlaqələrin, turizm mübadilələrinin olmasında maraqlıdır. Bu da məncə, sərhədlərin açılmasını şərtləndirən əsas amillərdən biridir. Düşünürəm ki, quru sərhədlərinin açılması bütövlükdə Azərbaycan Prezidentinin bütün bu çağırışları kontekstində çox lazımlı məsələdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
modern.az

3Sources