EN

PA sektor müdiri: Mediada xarici sözlərin yersiz istifadəsi ədəbi dilin normalarını pozur

PA
“Bu tədbirin ideyası Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasında alimlərlə görüşündə səsləndirdiyi mühüm fikirlərlə birbaşa bağlıdır”. 1news.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə
“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında deyib. “Cənab Prezident həmin çıxışında ölkənin qarşısında duran əsas vəzifələrdən biri kimi Azərbaycan dilinin saflığının və ədəbi dilin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısının bu məsələyə bir daha diqqət yönəltməsi Azərbaycan dilinə göstərilən yüksək münasibətin və dövlət siyasətində bu sahəyə verilən önəmin göstəricisidir”. O, bildirib ki, son illər ərzində bu istiqamətdə bir sıra mühüm addımlar atılıb: “2002-ci ildə qəbul edilən ‘Azərbaycan Respublikasının dövlət dili haqqında’ Qanun dilimizin saflığının qorunması və yad təsirlərdən mühafizəsi üçün hüquqi baza yaradıb. Bununla yanaşı, dövlət proqramları və sərəncamlarla Azərbaycan dilindən düzgün istifadə məsələsinə nəzarət gücləndirilib, məktəb və universitetlərdə ədəbi norma qaydalarının tədrisinə xüsusi diqqət yetirilir”. Kamran Həsənovun sözlərinə görə, bu sahədə əldə edilən nəticələrə baxmayaraq, dilin saflığının qorunması istiqamətində qarşıda hələ də vacib vəzifələr dayanır: “Azərbaycan dili bu gün qloballaşma, texnoloji inkişaf və xarici təsirlər kimi çağırışlarla üz-üzədir. Amma hesab edirəm ki, qloballaşma ilə dilin saflığının qorunması arasında tarazlıq yaratmaq mümkündür. Yeni terminlər dilimizi zəiflətməməli, əksinə, onu zənginləşdirməlidir”. O, medianın bu prosesdə roluna da xüsusi diqqət çəkib: “Mediada xarici sözlərin yersiz istifadəsi ədəbi dilin normalarını pozur, gənclərin dil duyumuna mənfi təsir göstərir. Buna görə də yeni terminlərin işlədilməsi, dilin zənginliyinin və orijinallığının qorunması məsələsində media nümayəndələrinin və dilçilərin üzərinə böyük məsuliyyət düşür”. PA rəsmisi əlavə edib ki, ədəbi dil təkcə rəsmi sənədlərdə deyil, gündəlik ünsiyyətdə və mediada da qorunmalıdır: “Ədəbi dil milli kimliyimizin mühüm tərkib hissəsidir və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Media nümayəndələrinin dil normalarına əməl etməsi cəmiyyət üçün nümunə olmalıdır. Təəssüf ki, bəzən mediada buna kifayət qədər diqqət yetirilmir”. Kamran Həsənovun sözlərinə görə, Media İnkişaf Agentliyi və Mətbuat Şurası bu istiqamətdə mühüm təşəbbüslər həyata keçirir: “Unutmaq olmaz ki, jurnalistlər ədəbi dil normalarına əməl etmədikdə, bu, bütövlükdə cəmiyyətdə dil mədəniyyətinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə sosial media və televiziya vasitəsilə formalaşan gənc nəslin dil duyumu baxımından bu məsələ olduqca vacibdir”. Sonda PA rəsmisi dilin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb:

“Azərbaycan dilinin saflığının qorunması yalnız dövlətin deyil, həm də hər birimizin üzərinə düşən vəzifədir – alimlərin, müəllimlərin, yazıçı və şairlərin, siyasətçilərin, ictimai xadimlərin və əlbəttə ki, jurnalistlərin. Bu platforma gələcəkdə daha səmərəli və dayanıqlı əməkdaşlıq müstəvisinə çevriləcək. Əlbəttə, bu problemlər yalnız müzakirə ilə bitməməli, birgə səylərimiz və praktiki addımlarımızla həllini tapmalıdır”.

Chosen
13
1news.az

1Sources