EN

Xarici universitetlərdə Zəfər Günü qeyd olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Pakistanın Müsəlman İnstitutunda “Azərbaycan-Pakistan Dostluğu: Zəfər Gününün beşinci illiyi” mövzusunda seminar keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Pakistanın keçmiş xarici işlər katibi Naela Çohan, İslamabad Xarici Xidmətlər Akademiyasının keçmiş direktoru Taraq Vahid, Azərbaycan Respublikasının İslamabaddakı səfirliyinin missiya rəhbərinin müavini Samir Əhmədli, admiral Seyid Faysal Əli Şah Hilal-e-İmtiaz və Pakistan Müsəlman  İnstitutunun tədqiqatçısı Asif Tanvir çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri dərin köklərə malikdir. Onlar əsrlər boyu davam edən bu münasibətlərin mənəvi və mədəni ortaqlığa əsaslandığını vurğulayıblar. Diqqətə çatdırıblar ki, bu şanlı Zəfər Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətəninə olan dərin bağlılığının təntənəsidir. Xalqın, dövlətin və ordunun sarsılmaz iradəsinin, əzminin və qətiyyətinin təcəssümüdür.

“Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K.Oxridski adına Sofiya, Rumıniyanın Aleksandr İoan Kuza, Moldova Dövlət Pedaqoji universitetlərində də Zəfər Gününə həsr edilən seminarlar keçirilib.

Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi,  Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər. Tədbirlər zamanı iştirakçılara Vətən müharibəsinin gedişi, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin multikultural və tolerant dəyərlərin bu prosesdəki rolu barədə təqdimatlar edilib.

Qeyd edək ki, BBMM-in 2015-ci ildən həyata keçirdiyi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində bugünədək dünyanın 28 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.

Chosen
7
3
modern.az

4Sources