EN

Türkiyənin vitse-prezidenti Braziliyada COP29-un nəticələrinin əhəmiyyəti barədə danışıb

Ankara, 7 noyabr, AZƏRTAC

Türkiyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Braziliyada keçirilən COP30-un açılışında Ankaranın qlobal iqlim sammitinə ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb.

Siyasətçinin sözlərinə görə, Türkiyənin COP31-ə ev sahibliyi etmək istəyi ölkənin ətraf mühitin qorunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün qətiyyətli addımlar atmaq əzmini əks etdirir.

“Türkiyə planetimizdə iqlim dəyişikliyini təkcə ekoloji problem deyil, həm də dövlətlərin inkişafı üçün ciddi təhlükə kimi qəbul edir. Bu qlobal problem yalnız sıx beynəlxalq əməkdaşlıq və dövlətlər tərəfindən konkret addımlar vasitəsilə həll edilə bilər”, - deyən C.Yılmaz Azərbaycanda keçirilən COP29-un nəticələrinin xüsusi əhəmiyyətini vurğulayıb.

Siyasətçi Bakıda keçirilən iqlim sammitində elan edilən maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsinin vacibliyini qeyd edib. Vitse-prezident bərpaolunan mənbələrdən enerji istehsalının artırılmasının vacibliyini vurğulayıb və bildirib ki, bu il Türkiyənin həmin mənbələrdən ümumi elektrik enerjisi istehsalında payı 60%-i keçib.

C. Yılmazın sözlərinə görə, dəmir yolu əlaqələrinin inkişafı və elektrik nəqliyyat vasitələrindən istifadə də bu kontekstdə prioritet olmalıdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Chosen
51
2
azertag.az

3Sources