EN

Məhkəmə iş adamına dələduz edən şəxslə bağlı qərar verdi

BAKI, 7 noyabr. TELEQRAF

Biznes qurmaq adı ilə dələduzluq etməkdə ittiham olunan Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Ağa Məmmədovun barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf-ın xəbərinə görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Ağa Məmmədov biznes qurmaq adı ilə Anar Məmmədova qarşı dələduzluq edib.

O, Türkiyədən ölkəyə süni saç gətirərək satacağına, satışdan yaxşı qazanc əldə edərək zərərçəkmiş şəxsə xeyir verəcəyinə dair yalan vəd verib.

2021-ci il iyul ayının ortalarından Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla zərərçəkənin 362.000 manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən A. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Məmmədov 6 il 5 ay 21 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin 362.000 manat məbləğində pulu harada, hansı şəraitdə təqsirləndirilən şəxsə verdiyini əsaslandırmayıb və bu, istintaq materialları ilə öz təsdiqini tapmayıb.

Qeyd olunub ki, nə istintaq, nə də ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin qeyd olunan etibardan sui-istifadə edərək dələduzluq cinayəti əməllərini törətdiyini sübut edə bilməyiblər.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətini haqlı hesab etməyiblər.

Bu qərardan narazı qalan müdafiəçi kasasiya şikayəti verib.

Qeyd edək ki, zərərçəkmiş bizneslə məşğul olub.

Chosen
25
teleqraf.com

1Sources