EN

Faiq Hüsiyev: Gərək öz sifətini itirməyəsən - MÜSAHİBƏ

Bu gün Əməkdar jurnalist Faiq Hüsiyevin 55 yaşı tamam olur. Modern.az saytı onunla müsahibəni təqdim edir:

- Faiq müəllim, ad gününüz münasibətilə sizi təbrik edirik. İki beş, yəni 55-i necə qiymətləndirirsiniz?

- Təbrikə görə təşəkkür edirəm. Yəqin ki, iki beş əlaçıların qiymətidir. Bunu nəzərdə tutursunuz?

- Bu da məqbul cavabdır. Amma geniş mənada 55 il sizin üçün nə deməkdir?

- Uzun cavabla sizi yormaq istəmirəm. 54 nə idisə, 55 də onun davamıdır.

- Yaman qəribə səsləndi...

- Bilirsiniz, həyat öz axırı ilə gedir. Müqəddəs kitablarda deyildiyi kimi, insan cüzi ixtiyar sahibidir. Külli ixtiyar sahibi Uca Yaradandır. Yaşa dolduqca anlayırsan ki, hadisələri idarə edən İlahi qüvvə var. İnsanların səyləri nəticə verirsə və ya vermirsə, yəqin ki, bu da bir hikmətə bağlıdır.

-  Nə mənada deyirsiniz?..

- İndi biz qəribə dövrdə yaşayırıq. Bəlkə də müəyyən mənada bu dövr mənim öyrəşdiyim sivilizasiyanın sonudur! Rəqəmsallaşan həyatımız fərqli reallıqdır. İnsani münasibətlərin ancaq maddi dəyərlər və qarşılıqlı mənfəət üzərində qurulması, bəzən isə öldürücü biganəliklə müşayiət olunan münasibətlər sistemi müasir zəmanəmizin həqiqətidir. Mənim sadiq qaldığım dəyərlərin təhrif olunması, dünən ayıb sayılan hərəkətin bu gün həyat normasına çevrilməsi hərdən məni çaşdırır...

- Bəs həyat təcrübəsi...

- Düzdür, insanın həyata baxışları keçmişdə topladığı təcrübə əsasında formalaşır. Həyatda hər bir təcrübə fərdidir! Universal təcrübələr ancaq dəzgah arxasında çalışanlar üçün mövcuddur. Hər dövrün öz reallıqları var.

- Bu illər ərzində sizə görə hansı səhvləriniz olub?

- Əslində elə böyük səhvlərim olmayıb, amma səhvsiz insan da yoxdur. Hərdən hefslənirəm ki, bəzilərinə dəyərindən artıq qiyməq vermişəm... Digər tərəfdən də anlayıram ki, həyatda hər kəs gərək öz səhvlərini yaşasın! Özgələrin səhvlərindən ibarət dərs vəsaiti yazmaq olmur.

- 55 yaşınız tamam olur. Bu illər sizə nəyi öyrətdi? Geriyə baxanda nələr var? Gələcəyə baxanda nələri görürsünüz?

- Bu haqda çalışıram çox düşünməyim. Hərənin öz keçmişi var... Gələcəklə bağlı hər şeyin düzünü isə Allah bilir!

- Sahənizə uyğun olan bir sual vermək istərdik: Müasir jurnalistikanın səviyyəsi sizi qane edirmi? Ümumiyyətlə, dördüncü hakimiyyət necə olmalıdır?

- Əslində, etiraf etmək lazımdır ki, dördüncü hakimiyyət anlayışı nisbidir. Özümüzü aldatmayaq. Bunu dəfələrlə demişəm, indi mahiyyətinə varanda jurnalistikada xidməti personal fəaliyyət göstərir, bir də pul qazanmaq eşqilə çalışan “qələm cəngavərləri”. Digər tərəfdən ictimai, mədəni, sosial və s. dəyərlərin formalaşdırılmasında ənənəvi medianın əvvəlki rolu qalmayıb. İndi insanlar sosial şəbəkə tərbiyəsinin daşıyıcılarııdır. Klassik dəyərlərin daşıyıcıları üçün bu cür münasibətlər sistemi çətindir. Amma gərək öz sifətini itirməyəsən. Bizim yaxşı jurnalistlərimiz çoxdur. Cəmiyyətə, yeri gələndə, hər bir fərdə gərəkli olmaq lazımdır. Məncə əmək fəaliyyətimizin cəmiyyət üçün əhəmiyyəti insanlara verə biləcəyimiz xeyirlə ölçülməlidir.

- Deyirlər ki, medianın təsir qüvvəsi azalıb. Siz bu fikirlə razısınız?

- Müəyyən mənada razıyam, amma təsir qüvvəsinin bərpası kompleks yanaşma tələb edən böyük bir məsələdir. Bu işdə maliyyə müstəqilliyindən tutmuş, yeni təfəkkürlü rəhbərlik mexanizmlərinə qədər əsaslı yanaşma lazımdır. Bir sözlə, uzun söhbətdir, müsahibəyə sığmaz.

- Bəs mediada rəhbər şəxsin hansı bacarığını daha üstün sayırsınız?

- Sadəcə rəhbər şəxs olmaq lazım deyil, Lider olmaq lazımdır. İntuitiv şəkildə düzgün qərar vermək bacarığı da önəm kəsb edir. Bir də ki, peşə uğurları səndən asılı olan şəxslər üçün münbit şərait yaratmaq və ədalətli olmaq lazımdır. Məqamı gələndə kollektivlə məsləhətləşmək də önəmlidir. Çünki kollegial şəkildə qərarlar qəbul edildikdə, məsuliyyət hissi bərabər paylanmış olur.

- Ad gününüz  Zəfər Günü ərəfəsindədir. Bu günü hansı hisslərlə garşılayırsınız?

-Bu qeyri -adi bir hissdir... Mən Həcc ziyarətində olarkən, Uca Yaradandan dilək etmişdim ki, sağlığımda ikən dədə-baba torpaqlarımı yenidən azad görməyi mənə nəsib etsin! Bu, mənim həyatdakı ən böyük arzum idi. Şükür Allaha ki, bu arzum ürəyimdə qalmadı! 44 günlük müharibədə mən dostlarımla bərabər, yığdığımız vəsait hesabına bir neçə dəfə hərbi hissələrimizə yardım aparmışdım. Bu mənəvi borc məsələsidir. 50 illik yubileyimi də cəbhədə əsgər və zabitlərimizlə qeyd etmişdim. Allah onları qorusun! Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı bahasına biz bu torpaqda qürurla gəzirik. İllərboyu bizim enerjimizi alan, həyatımızı zəhər edən  erməni millətçiləri artıq torpağımızdan qovulublar. Qaçqın soydaşlarımız doğma torpaqlara qayıdırlar. Bir zamanlar işğal altında qalmış, dağıdılmış yurd yerlərimiz gülüstan çevrilir. Arzularımız çin çıxıb. Xoş günlərimizi yaşayırıq. Bu günə şükür.

Bu yaxınlarda Qarabağa və Şərqi Zəngəzura səfər etmişdik. Gördüklərim məni və xarici qonaqları heyrətləndirmişdi. Qısa bir müddət ərzində belə miqyaslı quruculuq işləri ilk növbədə Vətənə böyük sevginin bəhrəsidir. Mən buna görə Prezident İlham Əliyevə dərin təşəkkür etmək istəyirəm. İtirilmiş torpaqlarımızın qaytarılması necə bir uğurdursa, bu torpaqların yenidən bərpası, dirçəldilməsi, soydaşlaramızın doğma yurd yerlərinə qayıdışı da elə böyük uğurdur!

- Həqiqətən də uğurlu günlərimizi yaşayırıq. Dövlət başçısının və xalqımızın quruculuq əzmi göz önündədir. Bilirəm ki, bu yaxınlarda TV1 adlı kanal açmısınız. Uğurlu, xeyirli olsun! Bundan başqa hansı planlarınız var?

- Arzularınıza görə çox sağ olun! TV1 kanalı ötən ildən fəaliyyətdədir. Rəsmi lisenziya əsasında respublikamızın kabel şəbəkələrində 24 saatlıq yayım aparır. Kanala qızım Mədinə daha çox göz qoyur. Televiziya mühitinin öz atmosferi var! Fikrimcə bu peşəkar sosiallaşmanın xüsusi bir növüdür. Mühitə öyrəşdinsə ayrıla bilmirsən...O ki,qaldı planlara, belə bir məsəl var, deyirlər ki, “Allahı güldürmək istəyirsənsə öz planlarından danış!”....Düzünü bilən Uca yaradandır! Yaşayarıq görərik.

- Müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun ki, unutmursunuz.

Chosen
42
3
modern.az

4Sources