EN

Qazaxıstan “Avraam sazişləri”nə qoşulur

Tokayev Tramp-la görüşdə mühüm qərarı elan edəcək...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampla görüşü zamanı ölkəsinin “Avraam sazişləri”nə qoşulacağını açıqlayacaq.

Poliqon xəbər verir ki, bu barədə “Axios” nəşri Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, “C5+1” formatlı sammit ərəfəsində Tokayev Ağ Evə müraciət edərək Qazaxıstanın “Avraam sazişləri”nə qoşulmaq təşəbbüsünü irəli sürüb. O, bu addımı ilə İsraillə münasibətləri yeni mərhələyə qaldırmaq, regional əməkdaşlıqdan faydalanmaq və dini dözümlülük, eləcə də dialoqun əhəmiyyətinə dair beynəlxalq mesaj vermək niyyətində olduğunu bildirib.

ABŞ rəsmiləri qeyd ediblər ki, Tramp və Tokayev görüş zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə videozəng keçirəcək və Qazaxıstanın sazişə qoşulmaq niyyətini elan edəcəklər. Məlumata görə, Tramp Ağ Evdə İsrail və Qazaxıstan liderlərinin, eləcə də bu təşəbbüsə qoşulmaq istəyən digər ölkə rəhbərlərinin iştirakı ilə rəsmi imzalama mərasimi təşkil etməyi planlaşdırır.

Vaşinqtondakı mənbələrin sözlərinə görə, ABŞ administrasiyası bu addımı İsrailin müsəlman və ərəb dünyasında nüfuzunun bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirir. Rəsmilər hesab edirlər ki, daha çox müsəlman ölkəsinin “Avraam sazişləri”nə qoşulması İsrailin beynəlxalq legitimliyini gücləndirəcək və regional sabitliyə töhfə verəcək.

Poliqon.info

Chosen
19
14
poliqon.info

10Sources