EN

Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini qürur hissi ilə qeyd edir. Beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. Otuz ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi: “Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu düşmən tərəfindən bir mülki obyektə belə silah tuşlamadı. Bu elə bir müharibə idi ki, xalq öz ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşmişdi. Dünyada elə bir dövlət yoxdur ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlasın. Biz dünyaya sübut etdik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ edirlər. BDU tələbələri tərəfindən silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar qazandı, onu qorumaq və möhkəmləndirmək isə gənc nəslin üzərinə düşür”.

“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə gördüyü işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət mövzularında məlumatlandırılmasının əhəmiyyətindən danışıb.

Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” mövzusunda panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru professor İradə Hüseynova və Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, Ordumuzun göstərdiyi qəhrəmanlığın isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
azertag.az

2Sources