EN

Zəfər Günü - xalqımızın qürur səhifəsi

Bakı, 6 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər Günü - xalqımızın qürur səhifəsi” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan Azərbaycan oğul və qızlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani bildirib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası günüdür. Bu böyük qələbə sayəsində ədalət bərpa olundu, xalqımız öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazisində tam təmin edildi.

Torpaqlarımızın azad olunması bizə həmin ərazilərdə əyani olaraq coğrafi tədqiqatların aparılmasına imkan yaratdı. Tədqiqatçılarımızın, demək olar, böyük əksəriyyəti Qarabağ və Şərqi Zəngəzur ərazisində lazım olan məlumatları toplayıblar.

Professor Hikmət Babaoğlu “Tarixi zəfər milli iradəmizin təntənəsidir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, zəfər əldə etmək milli güc vasitəsilə mümkündür. Azərbaycan 200 il məğlub edilə-edilə, həm də məğlub etdirilə-etdirilə gəlib son 30 ilə çıxıb. Lakin Azərbaycan xalqı nə qədər böyük mənəvi keyfiyyətlərə malikdir ki, o bu vəziyyətdən qalib çıxmağı bacarıb. Məruzəçi, eyni zamanda, ölkədə qarışıqlıq salmağa, onu geri çəkməyə çalışan “daxili düşmənlər”dən, korrupsiyaya sürükləyən məmurlardan və onlarla mübarizədə düzgün qərarlar qəbul edən ölkə Prezidentinin böyük cəsarət, qətiyyət, uzaqgörənliyindən və s. söhbət açıb.

Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri professor Habil Qurbanov bu günlərdə Belqrad şəhərində 32 ölkə alimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq Forumda Zəfər Günü ilə bağlı çıxışından söhbət açıb, oradakı insanları Qərbin, beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla bağlı münasibətini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq alimlərin, ziyalıların borcu olmalıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu vurğulayan professor həmin müharibədə məğlubiyyətin səbəblərini açıqlayıb. Prezidentin diplomatiyasının gücündən danışan HİK sədri onun siyasəti nəticəsində Qarabağ torpağında 200 il kök salmış ermənilərin könüllü olaraq ərazilərimizi tərk etməsini diqqətə çatdırıb.

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında zəfərin əldə olunmasında Türkiyənin rolundan, onun Azərbaycana olan mənəvi dəstəyindən söhbət açıb. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatının inkişafı həm diplomatik, həm elmi müstəvidə artacaq, qələbələrimizin, uğurlarımızın sayı hər bir sahədə çoxalacaq və biz bu zəfəri daha böyük arealda - Türk dünyasının hər bir yerində qeyd edəcəyik.

Sonra şöbə müdirləri coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev və Ənvər Əliyev Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşüblər.

 

Chosen
37
1
azertag.az

2Sources