EN

İmmunitet sisteminin pozulmasının yeni səbəbi müəyyən edildi

Sinir zədələnmələri immun sisteminin fəaliyyətinə uzunmüddətli təsir göstərir və bu təsir kişi və qadın orqanizmlərində fərqli şəkildə təzahür edir.

HİT.az xəbər verir ki, bu barədə "Neurobiology of Pain" jurnalında dərc olunan yeni araşdırmada deyilir.

Kanadanın MakGill Universitetinin alimləri tərəfindən aparılan tədqiqat göstərib ki, dartılma, sıxılma və ya kəsik nəticəsində yaranan sinir travmaları tez-tez xroniki ağrı ilə müşayiət olunur. Alimlər bu cür zədələrin orqanizmə təsirini daha dərindən öyrənmək üçün laboratoriya siçanları üzərində eksperiment aparıblar.

Qan nümunələrinin analizi sinir zədəsindən sonra sistemli iltihab əlamətlərini üzə çıxarıb. Məlum olub ki, erkək siçanlarda iltihabi markerlərin səviyyəsi kəskin şəkildə yüksələrək uzun müddət yüksək olaraq qalır, dişi siçanlarda isə bu göstərici dəyişməz qalır.

Tədqiqatçılar zədə almış siçanların qanını sağlam fərdlərə köçürdükdə, hər iki cinsdə ağrıya qarşı həssaslıq artıb. Bu isə alimlərə belə nəticə çıxarmağa əsas verib ki, ağrı reaksiyasını başladan mexanizm qan vasitəsilə ötürülür, lakin kişilərdə və qadınlarda bioloji cəhətdən fərqli yollarla işləyir.

Araşdırma müəllifləri qeyd edirlər ki, immun sistemindəki bu dəyişikliklər narahatlıq, depressiya və digər xroniki xəstəliklərin yaranma riskini artıra bilər.

Tədqiqatın həmmüəllifi, MakGill Universitetinin Ağrı Araşdırmaları Kafedrasının professoru Ceffri Moqil bildirib: "Sinir travmalarına cavabda cinsi fərqləri anlamaq, xroniki ağrının müalicəsində daha fərdiləşdirilmiş yanaşmalara keçidi təmin edə bilər. Əgər immun cavab cinsdən asılıdırsa, müalicə strategiyaları da bunu nəzərə almalıdır".

Samir

Chosen
19
hit.az

1Sources