EN

Paşinyan Azərbaycanla sülh bəyanatlarında daha cəsarətli olmağa başlayır...


Hüseyn İbrahimov: “Qarşıdan gələn seçkilər erməni cəmiyyəti üçün ciddi bir seçim olacaq”

“Azərbaycanla Ermənistan arasında sülh yeni doğulmuş körpədir. Körpə necə gündəlik qayğı tələb edirsə, bu sülh də gündəlik qayğıya möhtacdır. Biz qərar qəbul etməliyik: bu körpənin qayğısını çəkmək istəyirik, ya yox? Sülh olmayacağı təqdirdə isə nə baş verəcəyini hamı yaxşı bilir”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Sülh və Çoxtərəfli Əməkdaşlıq Naminə” beynəlxalq forumunda çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, siyasi liderlər bir suala aydın cavab verməlidirlər: Biz kim olmaq istəyirik? – Tarixin istehlakçısı, yoxsa tarixi yaradan: “Son iki ilin təcrübəsi deyir ki, biz tarixin yaradıcısı ola bilərik. Bu, qətiyyən tarixi unutmaq demək deyil”.

Bir sözlə, Paşinyan açıq deyir ki, sülh olmasa nəticəsi Ermənistan üçün yaxşı olmayacaq.

“Paşinyan sanki cəmiyyəti buna hazırlayır ki, fürsəti doğru dəyərləndirin”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, son günlər Nikol Paşinyanın sülh gündəliyi ilə bağlı pozitiv bəyanatları səslənir: “Bu çıxışlarda diqqət çəkən məqam həm də odur ki, orada yeni yanaşmalar, anlayışlar yer alır. Bu, həm Ermənistan cəmiyyətindəki müəyyən şovinist qüvvələr, həm də revanşistlər üçün bir xəbərdarlıqdır. Yəni nə revanşistlər, nə də Erməni Kilsəsi sülh prosesini əngəlləyə biləcək. Onları himayə edən xarici dairələr öz məqsədlərinə çata bilməyəcək. Düzdür, ümumən sülh gündəliyi siyasi baxımdan Paşinyan üçün mühüm əhəmiyyət kəsb edir. Sülh prosesinin uğurla həyata keçirilməsi və bunun praktiki nəticələri gələn ilin iyununda keçiriləcək parlament seçkilərinində Paşinyanın uğurunu təmin edəcək. Ancaq bu, həm də Ermənistanın gələcəyi baxımından vacib bir seçim mərhələsidir. Yəni Ermənistan ya sabitliyi, iqtisadi inkişafı seçməlidir., ya da təcrid olunma siyasətini. O siyasət ki, 30 ilə yaxın Ermənistanı təcrid vəziyyətində saxlayıb. Bütün regional layihələrdən kənarda qalıblar. Ermənistandan bu müddət ərzində miqrasiya güclənib. Əhalinin sayı artmayıb, əksinə azalıb. Ona görə də qarşıdan gələn seçkilər erməni cəmiyyəti üçün bir ciddi seçim olacaq. Sülh, yoxsa təcrid? Görünən və ehtimal edilən odur ki, seçkilərdə sülhü seçəcəklər. Çünki sülh sazişi hələ imzalanmasa da, sülh prosesi bəhrələrini verir. Artıq Ermənistana Qazaxıstann və Rusiya taxılı Azərbaycan üzərindən daşınır. Digər məhsulların da daşınması istisna edilmir. Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmdədir. Bütün bunların fonunda Paşinyan sanki cəmiyyəti buna hazırlayır ki, fürsəti doğru dəyərləndirin. Yeni və kövrək etimadı qorumaq lazımdır. Əks təqdirdə, yaranan fürsət qapısı Ermənistanın üzünə bağlana bilər”.

Vidadi ORDAHALLI

Chosen
41
baki-xeber.com

1Sources