EN

“Yanvarda Türkiyə-Ermənistan sərhədi açılacaq” - erməni Karo məlumatı haradan alıb?..


Tural İsmayılov: “...Daha çox informasiya manipulyasiyasıdır”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb, amma bəzi qüvvələr çalışırlar ki, sülh müqaviləsi bağlanmazdan əvvəl Türkiyə-Ermənistan sərhədi açılsın. Buna Ermənistan tərəfindən də, üçüncü ölkələr tərəfindən də istək var. Onlar istəyirlər ki, tezliklə sərhədlərin açılmasına nail olunsun.

Halbuki, qardaş Türkiyə dəfələrlə rəsmən bəyan edib ki, Ermənistan-Türkiyə sərhədi yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra açıla bilər. Yəni bu prosesin gerçəkləşməsi Ermənistanla Azərbaycan arasında başlanan normallaşma prosesindən və bağlanacaq sülh müqaviləsindən keçir. Amma dediyimiz kimi, bəzi üçüncü ölkələr də, bəzi şəxslər də israrla sərhədlərin açılmasını istəyir və ümid edirlər ki, sülh müqaviləsindən əvvəl sərhədlər açıla bilər.

Türkiyənin keçmiş deputatı Karo Paylan jurnalistlərlə söhbətində deyib ki, illərdir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün çalışır və bu sərhədin tezliklə açılmasını arzulayır. “Düşünürəm ki, gələn ilin yanvar və ya fevral aylarında çox müsbət irəliləyişlərin şahidi olacağıq. Əgər hər şey yaxşı olarsa, yanvar və ya fevral aylarında sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq və sonra, bir neçə ay ərzində Türkiyə və Ermənistan vətəndaşları da keçə biləcəklər. Mən Ermənistan-Türkiyə münasibətlərinin parlaq gələcəyini görürəm".

Hətta Paylan bildirib ki, sərhədlərin açılmasına Azərbaycan və Türkiyənin oxşar siyasət yürütməsi səbəb ola bilər. O qeyd edib ki, gələn aylar həm Türkiyə ilə Ermənistan, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün həlledici olacaq.

Ermənistan Türkiyə ilə sərhıdin 3-cü ölkələr üçün bu tezlikdə,Azərbaycanla sülh imzalanmamışaçılmasında niyə belə maraqlıdır?

“Türkiyə bu məsələdə heç vaxt Azərbaycanın maraqlarını nəzərə almadan addım atmayacaq”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Türkiyə ilə sərhədi üçüncü ölkələrə açmaq istəyindəki tələskənlik təsadüfi deyil: “Bu, ilk növbədə Azərbaycanın diqtə etdiyi yeni regional nizamdan yayınmaq cəhdidir. Ermənistan anlayır ki, sülh müqaviləsi imzalanmadan bu sərhədin tam açılması faktiki mümkün deyil, amma siyasi görüntü formalaşdırmaq istəyir. Məqsəd həm Qərbə “biz dəyişirik” mesajı vermək, həm də Azərbaycan-Türkiyə tandeminin qarşısında diplomatik yer qazanmaqdır. Halbuki, Türkiyə bu məsələdə heç vaxt Azərbaycanın maraqlarını nəzərə almadan addım atmayacaq. Ankara üçün Bakı ilə strateji həmrəylik sadəcə dostluq deyil, milli maraqların uzlaşması prinsipidir. Ona görə də Ermənistanın sərhəd mövzusunu süni şəkildə qabartması real siyasət deyil, daha çox informasiya manipulyasiyasıdır. Azərbaycan üçün prioritet məsələ sərhədin açılması yox, sülh müqaviləsinin hüquqi əsasda imzalanmasıdır. Sülh olmadan heç bir regional kommunikasiya davamlı ola bilməz. Türkiyə də bunu çox gözəl anlayır və Ermənistanın hər addımını Bakı ilə razılaşdırmadan atmayacaq. Ermənistan üçün bu, iqtisadi canlanma arzusu kimi görünür, amma arxasında geosiyasi oyun dayanır”.

T.İsmayılov qeyd etdi ki, çünki sərhədlərin açılması Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda balansı poza bilər. Politoloqun fikrincə, Bakı bu prosesi diqqətlə izləyir və real sülh müqaviləsi olmadan hər hansı “yumşalma”nı konstruktiv hesab etmir: “Azərbaycan-Türkiyə birliyi regionda sülhün və sabitliyin əsas dayağıdır. Ona görə də Ermənistan istəsə də, istəməsə də, bu həqiqətlə barışmalı olacaq”.

İradə SARIYEVA

Chosen
63
baki-xeber.com

1Sources