ain.az, 525.az portalına istinadən məlumat yayır.
Bu günlərdə Azərbaycan Milli Xalça Muzeyində 44 günlük vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan "Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə" adlı sərgi açılıb. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, layihənin kuratorları - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, dosent Sevil Kərimova və dosent Səbuhi Əhmədov çıxış ediblər. Onlar sərginin məqsədi, Azərbaycan silah sənətinin tarixi, bədii dəyərlərinin qorunması, inkişafı və təbliği istiqamətində atılan addımlar barədə məlumat veriblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
"Sənət və silah ənənəvi Azarbaycan silahları rəssamların gözü ilə" sərgisinin açılış mərasimində "Polad naxışlar Azarbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası" adlı yeni kataloqun təqdimatı da keçirilib. Muzeyin silah kolleksiyasının ilk dəfə sistemləşdirilmiş şəkildə təqdim olunduğu bu nəfis tərtibatlı kataloqun ideya müəllifi Əminə Məlikova, müəllifi Səbuhi Əhmədovdur. Kataloqda 40-dan artıq silah nümunəsi haqqında məlumat yer alır va o, tarixçilər, sənətşünaslar, kolleksionerlər, antikvarçılar, Azərbaycan hərb tarixi, silahsazlıq və dekorativ-tətbiqi sənətlə maraqlananlar üçün dəyərli mənbədir.
Muzeylər hər bir ölkənin milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, mədəniyyətini özündə qoruyub saxlayan, gələcək nəsillərə ötürən ən müqəddəs yerdir. Muzey yalnız eksponatların toplusu deyil, eyni zamanda xatirələrlə ünsiyyət məkanı, keçmiş ilə bugün arasındakı körpüdür. Və bəzən də muzeylər zamanın səssiz kitabxanasıdır. Bizə hər küncü tarixin ətrini hiss etdirən muzeylərə daxil olarkən, sanki sərgilənən eksponatlar bizə bir xatirə danışır. Bu səbəbdən də muzeylərin bizim həyatımızdakı rolu danılmazdır və hər bir xalqın sahib olduğu mədəniyyəti, tarix boyu keçdiyi yolların izləri məhz bu yerdə qorunur. Muzeylər tariximizə, mentalitetimizə, keçmişimizə hörmətin, gələcəyimizə isə ümidin yarandığı bir sığınacaq, həmçinin, multikultural dəyərləri də özündə birləşdirən müqəddəs ocaqlardır.
Silahlar isə Azərbaycan xalqının həyatında çox qədim tarixə və köklərə malikdir. "Silah" sözü bir yandan qorxulu səslənsə də, digər tərəfdən cəsurluğun, qorxmazlığın simvolu kimi qiymətləndirilir. Və silahlar mərdliyi, igidliyi ilə tarix boyu fərqlənən Azərbaycan xalqının minillik tarixində özünəməxsus yer tutur. Muzeydə yeni sərgidə nümayiş olunan silahlara göz gəzdirdikcə insanın bədənini qəribə həyəcan bürüməklə bərabər, cəsarət, qürur, fəxr hissi də ruhumuza hakim olur. Sadaladığım qürurlu duyğular isə qalib Azərbaycan xalqının qanla itirib, qanla da təkcə torpaqlarımızın deyil, eyni zamanda millətimizin milli qürurunu bərpa edən zaman məhz silahların istifadəsini göz önünə gətirir. Muzey vitrinindəki silahlar artıq müharibədə istifadə olunmur, lakin tarixi həqiqətləri yaralar içərisində, ağrı, şərəf ilə danışır... Pas tutmuş qılıncların muzeydəki parıltısı keçmişin səsini hələ də özündə daşıyır. Və əsl güc yalnız silahda deyil, o silahdakı tətiyi sıxmaq cəsarətinə sahib olan qəhrəmanlarımızdadır. Hansı ki, beş il öncə 44 günlük müharibədə qazanılan qələbə bir daha sübut etdi ki, illər, qənirələr keçsə belə, Azərbaycan torpağı igidlər meydanıdır və qəhrəman yetişdirir. Azərbaycanın igid oğulları gözlərini qırpmadan bir yanda doğmalarını geridə buraxıb, digər yandan isə vətənin namusunu qorumaq uğrunda o silahın tətiyini sıxmaq cəsarətini özlərində tapdılar. Bu səbəbdən də sərgilənən silahlar muzeydəki hər bir azərbaycanlının üzündə qürur hissi yaradır, alnıaçıqlıq duyğusunu verir. Hər bir silahın kölgəsində isə müharibənin və orada yaşanılan qələbənin, itkilərin, fəryadın izi hələ də yatır... Bir sözlə, hər bir silah bir xalqın mübarizəsini özündə daşıyır.
Silah ilə sənətin birləşməsi isə təsadüfi deyildir - çünki hər ikisi insanın iç dünyası ilə bağlıdır. Biri yaradır, digəri isə qoruyur. Lakin hər ikisi dövrün ağrısını, qəhrəmanlığını özündə əks etdirir. Sənət olmasaydı, qazanılan qələbələr, tarixin izləri, mədəniyyətdə baş verən mütərəqqi hadisələr qorunub saxlanıla, ötürülə bilməzdi.
Sənət və silah sərgisindən də görünür ki, silah insanı qorumaq üçün yaranıb, sənət isə onu insanlara göstərmək üçün. Hər ikisinin görüş nöqtəsi isə muzeylərdir.






Aynur ƏDİL
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.