EN

Der Tagesspiegel: Putin rejimi çöksə, Tatarıstan və Yakutiya Rusiyanın tərkibindən çıxa bilər...

Alman nəşri bildirir ki, Kreml Rusiyanın parçalanmasından ehtiyat edir...

Poliqon xəbər verir ki, “Der Tagesspiegel” qəzetinin analitiklərinin fikrincə, Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti və ya Vladimir Putinin hakimiyyətdən getməsi ölkə daxilində mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Nəşrin yazdığına görə, bu halda bəzi regionlar — o cümlədən Tatarıstan və Yakutiya — Rusiya Federasiyasının tərkibindən çıxmağa cəhd göstərə bilərlər.

Məqalədə qeyd olunur ki, bu ssenari hal-hazırda Qərb analitik dairələrində və rusiyalı mühacir ekspertlər arasında geniş müzakirə olunur. Onların fikrincə, Moskva uzun illərdir mərkəzi hakimiyyətin sərt nəzarəti altında saxladığı milli respublikalar üzərində təsirini itirə bilər.

“Der Tagesspiegel” yazır ki, Vladimir Putinin son çıxışlarında “Rusiya əleyhinə aparılan dekolonizasiya kampaniyaları” barədə xəbərdarlıq etməsi, onun bu müzakirələrdən xəbərdar olduğuna dəlalət edir. Kreml rəhbəri bu məsələnin Qərb tərəfindən alovlandırıldığını iddia edir və ölkənin ərazi bütövlüyünə qarşı “xarici planların” mövcudluğunu vurğulayır.

Siyasi şərhçilər hesab edirlər ki, Rusiyada etnik və regional ziddiyyətlər uzun illərdir mövcuddur və bu ziddiyyətlər yalnız güclü mərkəzi hakimiyyət sayəsində basdırılıb. Lakin Putinin hakimiyyəti sarsılsa və ya ölkə müharibədə ciddi məğlubiyyətlə üzləşsə, həmin balansın dağılması və separatist qüvvələrin fəallaşması istisna edilmir.

Poliqon.info

Chosen
73
poliqon.info

1Sources