EN

ADAU-da Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

"Unikal"
xəbər verir ki, əvvəlcə Universitet rəhbərliyi və qonaqlar ali təhsil müəssisəsinin ərazisində yerləşən Şəhidlər Xatirə Kompleksini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov möhtəşəm Qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin bariz nümunəsidir.

Zəfər Qurbanov qeyd edib ki, bu Qələbə Azərbaycan xalqının şanlı tarixində əbədi yaşayacaq, gələcək nəsillər üçün qürur mənbəyi olacaq: “8 Noyabr – Zəfər Günü xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün biz qalib xalq olaraq dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bir daha qürurla xatırlayırıq. ADAU kollektivi olaraq şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə fəxr edirik.”

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Adil Tağıyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq, birlik və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin gücünü, ordumuzun igidliyini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən qürur günüdür.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulunun müavini Yiğit Yalın Soyal isə öz çıxışında bu Qələbənin “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq bağlarını daha da gücləndirdiyini vurğulayıb.

Daha sonra Gəncə Şəhəri Vətən Övladları Qazilər və Veteranlar İctimai Birliyinin sədri Mehdi Kərimov bu Qələbənin Azərbaycan tarixində əbədi iftixar səhifəsi kimi qalacağını bildirərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova, teatrşünas-tənqidçi Anar Burcəliyev, II Qarabağ müharibəsinin iştirakçıları, ADAU-nun tələbələri Cəlil Məmmədov və Eşqin Bayramov Zəfər Gününün əhəmiyyətindən, döyüş yoldaşlarının qəhrəmanlığından və gənclərin bu ruhu daim yaşatmasının vacibliyindən danışıblar.

Tədbir universitet tələbələrinin iştirakı ilə hazırlanan bədii proqramla davam edib. Proqramda “Xarıbülbül” rəqs qrupu, “Sound Nest” vokal qrupu və tələbə ifaçıların təqdimatında müxtəlif musiqi nömrələri, şeirlər və vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib. “Zəfər rəqsi”, “Xudayar təsnifi”, “Ey Vətən!”, “İgidlər mahnısı”, “Qarabağ Azərbaycandır!” kimi çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Chosen
32
50
unikal.az

10Sources