EN

Lukaşenko ukraynalıları Belarusa mühacirət etməyə çağırıb

Bakı, 6 noyabr, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadan əlavə miqrantları qəbul etməyə hazır olduğunu bildirib.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bunu Lukaşenko cümə axşamı günü regionlara səfəri zamanı deyib. “Biz açığıq. Buyurun, ukraynalılar, gəlin. Sizi məmnuniyyətlə qarşılayacağıq. Ailələrinizə və övladlarınıza təhsil və səhiyyə baxımından belaruslarla eyni şəraiti təmin edəcəyik”, - deyə o vurğulayıb.

Prezident əlavə edib ki, ukraynalılar onlar üçün nemətdir: “Onlar bizi başa düşən, bizim dilimizdə danışan çox zəhmətkeş insanlardır. Lakin qonşumuzun evinə bəla gəlib. Düşünürəm ki, biz bu problemi həll edəcəyik”.

Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlindən ölkəyə 97 min 805 Ukrayna vətəndaşı daxil olub. Onlardan 58-i Ukrayna-Belarus sərhədindən, 76 min 684-ü Polşadan, 19 min 98-i Litvadan, 1965-i isə Latviyadan keçib.

2022-ci il fevralın 24-dən bəri isə Belarusa ümumilikdə 320 mindən çox Ukrayna vətəndaşı gəlib.

Chosen
42
2
azertag.az

3Sources