“Çelsi” futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) səfər matçlarında meydana ən gənc heyətlə çıxan ikinci İngiltərə komandası olub.
Arena.az xəbər verir ki, London təmsilçisi bunu Bakıda “Qarabağ”a qarşı keçirdikləri əsas mərhələnin 4-cü turunun oyununda gerçəkləşdirib.
Ötən gecə baş tutmuş bu qarşılaşmada “zadəganlar”ın ilk “11-liy”inin yaş ortalaması (23 yaş 97 gün) tarixə düşüb.
Bu, yalnız 2009-cu ildə Yunanıstanda “Olimpiakos”la qarşılaşmış “Arsenal”ın göstəricisindən geri qalıb. “Topçular”da həmin vaxt yaş ortalaması 21 yaş 215 gün olub.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” görüşü 2:2 hesabı ilə başa çatıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda hesabı qonaqlar açıblar. Amma “Qarabağ” elə ilk hissədə 2 qol vurmaqla hesabda önə keçib. İngiltərə təmsilçisi fasilədən sonra məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, Azərbaycan çempionu tarixi uğura imza ataraq ilk dəfə İngiltərə Premyer Liqası təmsilçisindən xal almağı bacarıb.

