Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kulis.az Buker mükafatı qazanan ilk hind qadın yazıçı Suzanna Arundhati Royla müsahibəni təqdim edir.
Hindistan yazıçısı Suzanna Arundhati Roy 24 noyabr 1961-ci ildə Hindistanın Assam əyalətinin Şilonq şəhərində dünyaya gəlib. Anası Meri Roy, Kerala ştatının Aymanam şəhərindən olan və Yakobit Suriya məzhəbinə mənsub malayalı xristian qadın hüquqları fəalı idi. Atası Rajiv Roy Qərbi Benqaliyanın Kalkutta şəhərindən olan çay plantasiyası meneceri Benqal xristianı idi. Yazıçının 2 yaşı olanda valideynləri boşanıb və o, anası və qardaşı ilə Keralaya qayıdıb. Bir müddət ailə Royun ana babası ilə Tamil Nadu ştatının Ooti şəhərində yaşayıb. Yazıçı 5 yaşında olanda ailə Keralaya qayıdıb və anası da orada məktəb açıb. Elə yazıçı da anasının idarə etdiyi məktəbdə oxuyub. 16 yaşında ailəsinin yanından uzaqlaşaraq Yeni Dehli Planlaşdırma və Memarlıq Məktəbində oxumağa gedib.
Memarlıq təhsili alsa da, heç vaxt memarlığı sevməyib. Orada oxuyarkən memar Gerard da Kunya ilə tanış olub. Onlar 1978-ci ildə ailə qurublar. 1982-ci ildə boşanmazdan əvvəl Dehlidə, daha sonra isə Qoada yaşayıblar. Boşanandan sonra Dehliyə qayıdan Roy Milli Şəhər İşləri İnstitutunda işləməyə başlayıb. Daha sonra İtaliyaya köçüb və ora getdikdən sonra yazıçı olmağa qərar verib. Karyerasının əvvəlində Roy televiziya və kino üzrə çalışıb. İkinci həyat yoldaşı ilə birlikdə bir televizor kanalı üçün Hindistanda tələbələrin həyatından bəhs edən filmlər üçün ssenarilər yazmağa başlayıb. Özünü həm də aktrisa kimi sınayan yazıçı 1985-ci ildə "Massey Sahib" filmində rol alıb. Bir neçə film ssenarisi yazan Roy 1988-ci ildə "Annienin bunları verdiyi yer" ("İn which Annie gives it those ones") filminə görə Milli Film Mükafatını qazanıb.
Roy ilk romanı olan "Balaca şeylərin Tanrısı"nı ("The God of Small Things") 1992-ci ildə yazmağa başlayıb və 1996-cı ildə tamamlayıb. Kitab yarı-avtobioqrafikdir və əsas hissəsi Aymanamdakı uşaqlıq təcrübələrini əks etdirir. "Balaca şeylərin Tanrısı" Royu beynəlxalq şöhrətə çatdırıb. Bu kitabla İngiltərədə Buker mükafatını qazanıb və bu mükafata layiq görülən ilk hindli qadın olub. "The New York Times"ın ilin ən yaxşı kitablarından biri kimi siyahıya alınıb. Kitab "The New York Times"ın Müstəqil bədii ədəbiyyat üzrə ən çox satılanlar siyahısında dördüncü yerə yüksəlib. Kitab əvvəldən kommersiya baxımından da uğurlu oldu: Roy yarım milyon funt sterlinq məbləğində nəşr avansı alıb. Kitab may ayında nəşr olunub və iyun ayının sonuna qədər 18 ölkədə satışa çıxıb.
Siyasi mövzuda da əsərlər yazır. "Küçədəki insanın imperatorluq bələdçisi", "Ya çək dəftərini, ya da Kruz raketini" adlı kitabları siyasi mövzudadır. Roy 2002-ci ildə Lanan Mədəni Azadlıq mükafatı, 2004-cü ildə Sidney Sülh mükafatını qazanıb. Yazıçının 2020-ci ildə verdiyi müsahibədən hissələr təqdim edirik.
- Hazırda ABŞ-da hindlilər mitinqlər keçirirlər. Hindistanda ABŞ-dakı hərəkatı necə dəstəkləyirik və Hindistanda etiraz edənlərə həmrəy olmaq istəyənlər nə etməlidirlər?
- Bu hərəkatı dəstəkləməyin ən yaxşı yolu əvvəlcə onun mənşəyini anlamaqdır, məncə. Yəni, köləliyin, irqçiliyin və vətəndaş hüquqları hərəkatının tarixini, uğurları və məğlubiyyətlərini anlamaqdır. Şimali Amerikada afroamerikalıların "demokratiya" çərçivəsində necə hüquqlarından məhrum edildiyini, həbs edildiyini və zorakılığa məruz qaldığını, bütün bu zülümlərin bütün incəliklərini anlamalıyıq. Mədəniyyətlər və kütlələr arasında bu kütləvi qəzəb hərəkatını yalnız öz dəyərlərimizə və hərəkətlərimizə müəyyən dərəcədə dürüst yanaşsaq, dəstəkləyə bilərik. Çünki biz də hər hansı qardaşlıq, həmrəylik hissindən məhrum cəmiyyətdə yaşayırıq...
- ABŞ-dakı Ku Klux Klanın və Hindistandakı hindu kastası arasında hər hansı oxşarlıq görürsünüz?
- Əlbəttə ki, oxşarlıqlar var. Fərq ondadır ki, Amerikadakılar cinayətlərini həyata keçirərkən bir az fərqli səhnə qururlar. Bugünkü Milli Könüllü Təşkilatı kimi Klan da bir vaxtlar ABŞ-ın ən nüfuzlu təşkilatlarından biri idi. Onun üzvləri polis və məhkəmə sistemi də daxil olmaqla, bütün dövlət qurumlarına sızmışdılar. Klanın qətlləri sadəcə qətllər deyildi, onlar terroru yaymaq və kimlərəsə dərslər vermək məqsədi daşıyan ritual tamaşalar idi. Bu, KKK tərəfindən qaradərililərin linç edilməsinə, eləcə də hindu faşistləri tərəfindən müsəlmanların və Dalitlərin linç edilməsinə aiddir. Bu gün həm ağdərililərin, həm də hinduların ali hakimiyyətinin yüksək vəzifələrdə çalışan tərəfdarları (nəzakətlə desək) var.
- Hindistanlılar (Amerikadakı) qaradərililərə necə baxırlar və biz hindlilər hansı stereotiplərə sahibik?
- Açıqdərililərə olan münasibətə baxın, bəsdir. Məncə, bizdəki ən iyrənc şey budur. Bollivud filmlərinə baxsanız, Hindistanın ağdərililər ölkəsi olduğunu düşünərsiniz. Hindistanın qaradərililərə qarşı irqçiliyi ağdərililərdən daha pisdir. 2014-cü ildə Aam Aadmi partiyasının Dehli seçkilərində böyük fərqlə qələbə qazanmasından sonra Ədliyyə naziri Somnat Bharti konqolu və uqandalı bir qrup qadına qarşı gecə yarısı basqın təşkil etməyi əmr edib. Bu qadınlar "əxlaqsız və qanunsuz fəaliyyətlərinə" görə fiziki hücuma məruz qalıb, təhqir olunub. 2017-ci ildə narkotik satışı ilə ittiham edilən bir qrup afrikalı tələbə Böyük Noida bölgəsində irqçi kütlə tərəfindən hücuma məruz qalaraq döyülüb. Hindistanda irqçilik müxtəlif sferalarda çox geniş yayılıb.
- Niyə qaradərililər hindlilərin təxəyyülündə, dolayısı ilə media və əyləncə sənayesində narkotik satıcıları, vəhşi və adamyeyən kimi daim stereotipləşdirilirlər?
- Çünki biz irqçi mədəniyyətik. Keçən il "İbrahimin uşaqları" ("Abrahaminde Santhathikal") adlı bir filmə (malayalam dilində) baxdım. Bütün axmaq, cinayətkar, pis adamların hamısı afrikalı qaradərililərdi və malayalı icmasının içindən çıxan bir superqəhrəman tərəfindən məhv edilirdilər. Hadisənin baş verdiyi Keralada Afrika icması yoxdur, ümumiyyətlə, amma rejissor bu irqçiliyi yarada bilsin deyə, onları ssenariyə daxil edib! Bu, dövlət vəhşiliyi deyil. Bunu edən cəmiyyətdir; insanlar, rəssamlar, rejissorlar, aktyorlar, yazıçılardır. Şimali hindlilər tərəfindən dərilərinin qaralığına görə lağa qoyulan cənubi hindlilər eyni səbəbdən afrikalılara nifrət edirlər. Bu, sanki dibsiz bir çuxura düşmək kimidir.
- ABŞ-dakı etirazlar zamanı Qandi heykəli də vandalizmlə üzləşib. Sizcə, buna səbəb nə ola bilər?
- Bunu bilmək çətindir. Aldığımız yeni məlumata görə, heykəl zərər görüb, üzərinə qraffiti ilə nələrsə yazılıb. Lakin fotolarda onun örtüldüyü görünür, ona görə üzərinə nə yazıldığı görünmür. Bu, Qanada və başqa ölkələrdə olduğu kimi, Qandinin Cənubi Afrikada keçirdiyi müddətdə qara afrikalılara qarşı etdiyi irqçi çıxışlar və Hindistandakı kasta sisteminə dair mövqeyi ilə tanış olan insanlar tərəfindən heykəllərinin vandalizmə məruz qalmasının bir nümunəsidirmi? Yoxsa, Hindistan baş nazirinə və onun Trampa qarşı olan sevgi dolu münasibətinə qarşı ikrahlarını bildirmək istəyən insanlar tərəfindən edilib? Bir çox etirazçının zorakı olmayan vətəndaş itaətsizliyi taktikalarında ilham mənbəyi, müəllim və mentor olaraq gördüyünə dair tvitlər atdığı doğrudur. Nəticə etibarilə, Qandi bu küçələrdə daim müxtəlif formalarda mövcuddur.
- Ümumiyyətlə, Hindistan hökuməti niyə Qandi heykəllərinin ucaldılmasına dəstək olur?
- Pis-yaxşı, Qandi Hindistanın dünyaya ixrac etdiyi ən böyük məhsuldur. Onun zorakılıqdan imtina mesajları həmişə Hindistan hökumətinin, demək olar ki, ölkənin hər yerində ifrat zorakılığa və militarizmə əl atmaq qabiliyyəti ilə çox yaxşı uyğunlaşıb. Onlar üçün Qandi bir vasitədir, bir pərdədir. Bəlkə də gözyaşardıcı qazdır. Hətta sosial və intellektual baxımdan özünü Qandiçi adlandırmaq belə, dominant kastların kastanı qəbul etməsi və tətbiq etməsi ilə ziddiyyət təşkil etmir. Bildiyimiz kimi, bu sistem yalnız qanun pozucularına qarşı daimi zorakılıq - dəhşətli fiziki zorakılıq - təhdid edən bir mühitdə mövcud olmağa davam edə bilər. Bu ikiüzlülük diqqətdən kənarda qalır.
- Sizcə, Hindistanda "Covid-19" ilə mübarizə üçün karantin və digər fövqəladə tədbirlər məqsədəuyğun idimi?
- Hindistanda "Covid-19"-a ilk yoluxma halı yanvarın 30-da qeydə alınıb. ÜST martın 11-də bunu pandemiya elan etdikdən sonra belə, Səhiyyə naziri sağlamlıqla bağlı heç bir xüsusi, fövqəladə halın olmadığını elan etdi. Beynəlxalq hava limanlarını bağlamalı və xaricdən gələn sərnişinləri karantinə almalı idilər, amma etmədilər. Yəqin ki, Trampın o vaxt, fevralın son həftəsi gələcəyi üçün etməmişdilər onu. Minlərlə insan "Namaste Tramp" tədbirində iştirak etmək üçün ABŞ-dan Mumbay və Əhmədabada uçdu, yüz minlərlə insan isə ölkə daxilindən qatıldı. İndi görürük ki, koronavirus ən çox bu iki şəhərdə yayılıb. Bu, təsadüf ola bilərmi? Hökumət bu tədbiri yüksək vəzifələrdə oturanlardan başlamaq yerinə, gözləməyi seçdi. Bunun cəzasını işçi sinif çəkdi. Bu tam planlaşdırma çatışmazlığı insanlığa qarşı cinayətə gətirib çıxardı. Hindistanda yalnız elita fiziki məsafəni saxlaya bilirdi. Kasıblar fiziki olaraq sıxışdırılmış vəziyyətdə idilər. Gecəqondularda, kiçik evlərdə, avtobuslarda, qatarlarda... Minlərlə insan karantin düşərgələrində zorla saxlanıldıqdan sonra sərbəst buraxıldı və onlar evə qayıdarkən avtobuslara, qatarlara minərək virusu özləri ilə bir yerdə ora-bura apardılar. Bütün bunlar seçkilərdə qalib gəlmək üçün hiyləgərlik edən Baş nazirin idarə etdiyi ölkə haqqında heç bir fikri olmadığını göstərdi. Ekspert məsləhəti almaq üçün heç bir cəhd olmayıb bu müddət ərzində - Əsl fəxr ediləsi hadisədir! 1.38 milyard insan dörd saatlıq xəbərdarlıqdan əvvəl xəbər verilərək karantinə salındı. Karantin boyu yoluxma hallarının sayı xeyli artdı. Rəqəmlər yüksəlməyə davam edib pik həddə çatanda - 200000-dən çox adam yoluxmuşdu - və iqtisadiyyat tamamilə çökdükdən sonra karantinə son qoyuldu. Xoşbəxtlikdən xəstələrin böyük əksəriyyəti simptomsuzdur və ölüm sayı ABŞ və Avropa ölkələrindəkindən xeyli aşağıdır - əlbəttə ki, rəqəmlərə etibar edə bilsək. Gəl ki, milyonlarla insan işsizdir. Aclıq hər yerdədir. İnsanların geri qayıtdığı o qəsəbələrdə nə baş verir? Kasteizm, feodalizm, seksizm... qorxu, ümidsizlik və tələbat dövründə insanlar bütün bunları necə idarə edəcəklər? Lakin Modi (Narendra Modi - Hindistanın baş naziri) hələ də yüz milyonlarla dolları qırıcı təyyarələr almaq və Dehlinin mərkəzi yerlərini yenidən dizayn etmək üçün xərcləmək istəyir. Yeri gəlmişkən, o, fəlakətlərin idarə olunmasını karantin qərarı verərkən heç vaxt məsləhətləşmədiyi əyalətlərin idarəçilərinə həvalə edəcək, lakin bütün hallarda xaosa görə məsuliyyəti özü daşıyacaq.
P.S. Müsahibənin orijinal variantı 8 iyun 2020-ci ildə "Dalit Camera" kanalında yayımlanıb, bizim tərcümə edib təqdim etdiyimiz variant müsahibənin "Montly Review" jurnalında yayımlanan (13 iyun 2020) qısaldılmış variantıdır.
Tərcümə etdi: Nilufər Hacılı
"Ədəbiyyat qəzeti"
Həyat yoldaşının gözü qarşısında sevgilisini evinə gətirən yazıçı
Əkbər Nəcəf: "Biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır" - Açıqlama
Billi Aylişə konsertdə hücum edildi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.