EN

Arxeoloqlar Türkiyədə qədim zəlzələnin izlərini tapıblar

Çanaqqala Universitetinin arxeoloqları Türkiyənin cənub-şərqində təxminən 5000 il əvvəl baş vermiş zəlzələnin izlərini aşkar ediblər. Layihə rəhbəri professor Savaş Sarıaltunun sözlərinə görə, təkanlar erkən bürünc dövrünə aid gil evin uçmasına səbəb olub. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Arkeonews” jurnalında dərc edilib.

Tədqiqatçılar Çayönü Təpəsi adlı ibtidai yaşayış məskənində uzunluğu beş metrdən çox olan divarın bütöv halda döşəməyə aşdığını müəyyən ediblər.

“Bu, binanın zəlzələdən əvvəl tərk edildiyini göstərir. Biz orada nə məişət əşyalarına, nə də yanğın izlərinə rast gəldik. Görünür, sakinlər artıq oranı tərk etmişdilər və yer səthindəki silkələnmə köhnə tikilini dağıdıb”, – deyə Sarıaltun qeyd edib.

Divarın qurulmasında istifadə edilən qırmızımtıl kərpiclər rənglərini bişməkdən deyil, tərkibində hematit olan gil sayəsində alıb. Bu təbii piqment bürünc dövrü ustalarının hansı materiallardan istifadə etdiyini anlamağa kömək edir.

Çayönü təpəsinin altında qırılma xətti aşkarlanmasa da, geoloqlar zəlzələnin Diyarbəkirdən şimalda yerləşən Elazığ–Sivricə seysmik zonasında baş verən aktivliklə bağlı ola biləcəyini düşünürlər. Dağıntıların xarakteri təkanların orta güclü, lakin kəskin olduğunu göstərir. Belə ki, divar tam aşıb, dağılmadan yerə çırpılıb.

Qədim zəlzələlərin oxşar izlərinə Yuxarı Dəclə çayının hövzəsindəki digər arxeoloji abidələrdə də rast gəlinib. Bu isə cənub-şərqi Anadolunun qədimdən seysmik fəal zona olduğunu təsdiqləyir.

Alimlərin sözlərinə görə, Çayönü Təpəsi bitki və heyvanların əhliləşdirilməsindən tutmuş memarlığın inkişafına qədər insan sivilizasiyasının erkən innovasiyalarında mühüm rol oynayıb. Tapılan erkən bürünc dövrünə aid qalıqlar göstərir ki, bu yaşayış məskənində həyat neolit dövrünün çiçəklənməsindən sonra da uzun müddət davam edib və ibtidai dövrlə şəhər mədəniyyətinin yaranması arasında körpü rolunu oynayıb.

Chosen
11
5
yeniazerbaycan.com

6Sources