EN

Polşada il ərzində 400 minə yaxın insan hərbi hazırlıq keçəcək

Bakı, 6 noyabr, AZƏRTAC

Polşa Milli Müdafiə Nazirliyi son illərin ən böyük səfərbərlik kampaniyalarından birini hazırlayır.

AZƏRTAC “TVP Info”ya istinadla xəbər verir ki, 2026-cı ildə 13.500 nəfərə qədər vətəndaşın peşəkar hərbi xidmətə, 39 min nəfərin könüllü xidmətə, minlərlə insanın isə aktiv ehtiyatda və Ərazi Müdafiə Qüvvələrində xidmətə başlayacağı gözlənilir.

“Ümumilikdə, 2026-cı ildə təxminən 400 min nəfərə fərdi, qrup şəklində, həmçinin “Orduda təlim” proqramının bir hissəsi olaraq ehtiyatda olanlara könüllü əsas hərbi xidmət vasitəsilə təlim keçəcəyik”, - deyə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik hərtərəfli hərbi təlim proqramının təqdimatında bildirib.

Polşada hərtərəfli hərbi təlim proqramı noyabrın 22-də test rejimində başlayacaq və 2026-cı ildən etibarən tam tətbiq olunacaq. Maraqlanan şəxslərə iki təlim variantı təklif olunacaq: ehtiyatda olanlar statusuna malik olmayanlar üçün müdafiə kursları (kibergigiyena, əsas təhlükəsizlik, ilk yardım və sağ qalma kursları) və ehtiyatda olanlara hərbi təlimlər.

Planlaşdırılan xidmətə qəbul əmri Milli Müdafiə Nazirliyinin 2022-ci ildən bəri həyata keçirdiyi silahlı qüvvələrin genişləndirilməsi ilə bağlı daha geniş bir prosesin bir hissəsidir. Məqsəd təkcə ordunun sayını artırmaq deyil, həm də onun ehtiyat sistemini və təlimini modernləşdirməkdir.

Müdafiə Nazirliyinin məlumatına görə, Polşanın NATO-da ən böyük və yaxşı təlim keçmiş ordularından birinə malik olacağı gözlənilir.

 

Chosen
56
1
azertag.az

2Sources