EN

Üçrəngli bayraq ucalığı: Müstəqil Azərbaycanın qürur simvolu

“Azərbaycan Respublikasının Dövlət Bayrağı  müstəqilliyimizin, azadlığımızın və milli birliyimizin ali rəmzidir. 

Bu bayraq tariximizin, milli kimliyimizin və dövlət suverenliyimizin canlı təcəssümüdür”. 

Bu fikirləri millət vəkili Şahin Seyidzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib. 

Millət vəkili qeyd edib ki, hər il 9 noyabrda qeyd olunan Dövlət Bayrağı Günü milli şüurun, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır: 

“Bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da üçrəngli bayraq rəsmi dövlət rəmzi kimi qəbul olundu. Bu qərar cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin ən dəyərli siyasi və ideoloji irsi kimi bu günə qədər yaşamaqdadır. 

Əli bəy Hüseynzadənin ideoloji düsturu – “Türkçülük, müasirlik, islamçılıq” prinsipləri əsasında formalaşmış bayrağımız xalqın milli varlığını, mədəni kimliyini və gələcəyə yönəlmiş islahatçı ruhunu təcəssüm etdirir. Bayrağımızın bərpası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik iradəsi ilə əlaqədardır. 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin tarixi sessiyasında Ümummilli Lider Heydər Əliyev milli bayrağı yenidən dövlət səviyyəsinə qaldırdı. Bu hadisə sovet sisteminin sərt çərçivələrində milli özünüdərkin rəsmi ifadəsi idi. Məhz həmin qərardan sonra Azərbaycanın müstəqilliyi istiqamətində dönüş yarandı. 

Ümummilli Lider Heydər Əliyev bu hadisəni xatırlayarkən demişdi: 

“Naxçıvanın üzərində dalğalanan bayraq 1991-ci ildə bütün Azərbaycanın bayrağına çevrildi”. Ümummilli Lider Heydər Əliyev təşəbbüsü ilə qəbul edilən bu qərar sonradan 1991-ci il fevralın 5-də Ali Sovetin qərarı ilə bütün ölkədə rəsmiləşdirildi. Beləliklə, üçrəngli bayrağımız müstəqil dövlət atributu kimi öz mövqeyini bərpa etdi. 

Bu proses “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə hüquqi əsas qazandı. Azərbaycan Konstitusiyasında Dövlət Bayrağına xüsusi hörmət ifadə edilir. 

Hər bir vətəndaşın bayrağa, himnə və gerbə ehtiram göstərməsi hüquqi öhdəliklə yanaşı, mənəvi və vətəndaşlıq borcudur. Dövlət Bayrağının istifadəsinə dair 2004-cü il 8 iyun tarixli Qanun bu rəmzin qorunması və düzgün istifadəsini təmin edən mühüm hüquqi mexanizmdir”. 

Millət vəkilinin sözlərinə görə, müstəqillik dövründə bayrağımıza olan ehtiram Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılıb: 

“Onun 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanı salınıb, 2010-cu il sentyabrın 1-də isə təntənəli açılış mərasimi keçirilib. 

Prezident İlham Əliyev bu mərasimdə tarixi çıxışında deyirdi: 

“Bizim bayrağımız qürur mənbəyimizdir, bizim bayrağımız canımızdır, ürəyimizdir.” Bu meydan yalnız memarlıq deyil, həm də milli düşüncənin ucalıq simvoluna çevrildi. 2024-cü ildə təmir və yenidənqurmadan sonra Dövlət Bayrağı Meydanı və Muzeyi yenidən açılmış, burada dünyanın ən böyük Azərbaycan bayrağı ucaldılıb. 

Muzeydə “Zəfər qalereyası” adlı ekspozisiya yaradılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda qaldırılan bayraqların fotoları nümayiş etdirilmişdir. Bu ekspozisiya həm tarix, həm də qürur dərsidir. 

Azərbaycan Bayrağı 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda qaldırılmaqla, tarixdə Zəfər simvoluna çevrildi. Prezident İlham Əliyevin Şuşada, Xankəndidə, Füzulidə və digər bölgələrdə bayraq qaldırması milli birliyimizin və müstəqil dövlətimizin təntənəsini nümayiş etdirdi. Bu mənzərələr “Bayrağımız Dağlıq Qarabağda dalğalanacaq” sözlərinin reallaşması idi. 

Dövlət bayrağı həm də beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin simvoludur. Bu gün üçrəngli bayrağımız BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Bu, müstəqil Azərbaycanın tanınmasının, beynəlxalq nüfuzunun və diplomatik uğurlarının parlaq göstəricisidir. 

Bayraq, eyni zamanda, milli həmrəyliyin və vətəndaş birliyinin amilidir. O, siyasi baxışlardan, sosial mənsubiyyətdən asılı olmayaraq bütün azərbaycanlıları bir amal ətrafında birləşdirir. Prezident İlham Əliyev bu barədə deyib: “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” 

Bu gün Azərbaycan gəncliyi üçün üçrəngli bayraq sadəcə bir rəmz deyil, vətənə sədaqətin, müstəqilliyin qorunması məsuliyyətinin rəmzidir. Hər bir məktəbdə, hər bir evdə bu bayraq ucaldıqca, milli ruh, dövlətə sədaqət və gələcəyə inam da möhkəmlənir. 

Nəticə etibarilə, Dövlət Bayrağı Günü xalqımızın milli kimliyini, istiqlal düşüncəsini, azadlıq ruhunu yaşadan müqəddəs bayramdır. O, keçmişimizi gələcəklə birləşdirən mənəvi körpüdür. Bu gün üçrəngli bayrağımız Zəfər meydanlarında, sərhədlərimizdə və qəlbimizdə dalğalanırsa, bu, Ümummilli Lider Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyev siyasətinin ən parlaq təntənəsidir”. 

Chosen
1
1
cebheinfo.az

2Sources