EN

"Qarabağ"dan avrokuboklarda tarixi rekord

"Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Gundem.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

"Çelsi" ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb. "Qarabağ" Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar Kubokunda 4, İntertoto Kubokunda 4 matça çıxıb.

"Qarabağ"ın son qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

"Qarabağ" Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar Kubokunda bir, İntertoto Kubokunda iki qol vurub.

"Qarabağ" bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib və 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 1996/97 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də "MüPA" ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəliblər - 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Chosen
23
50
gundem.az

10Sources