EN

“Əgər yol sırf bu məqsəd üçün istifadə olunarsa, İran buna etiraz etməyəcək”

İran Ermənistanın cənubundan keçən nəqliyyat dəhlizinin potensial geosiyasi nəticələrindən narahatdır.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) direktor müavini Armina Arm bildirib.

Onun sözlərinə görə, Tehranın narahatlığı yolun tikintisinin özü ilə deyil, İran sərhədlərində ABŞ və ya İsrailin mümkün mövcudluğu ilə bağlıdır.

Ekspert vurğulayıb ki, nə qədər ki, marşrut sırf nəqliyyat və iqtisadi məqsədlər üçün istifadə olunacaq və İranla Ermənistan arasında tarixi sərhəd dəyişməz qalacaq, Tehran üçün heç bir problem olmayacaq.

“Əgər yol sırf bu məqsədlər üçün istifadə olunarsa, İran buna etiraz etməyəcək və özü də layihədən iqtisadi fayda əldə edə bilər”, - o əlavə edib.

Arm qeyd edib ki, İran ehtiyatlı davranır: "Tarix göstərir ki, ABŞ-ın iqtisadi layihələri çox vaxt siyasi və geosiyasi xarakter alır. Tehran məhz bundan ehtiyat edir. Biz sanksiyalar altında yaşayırıq və Vaşinqton İranın iştirakı olmadan təşəbbüslər həyata keçirir. Cənubi Qafqaz bu tendensiyanın bir hissəsi ola bilər".

Ekspertin fikrincə, İran regionda gərginliyin yeni raundunda maraqlı deyil: "Birinci və ikinci Qarabağ müharibələrindən, eləcə də Ukraynadakı müharibədən sonra Rusiyanın regionda təsiri zəifləyib və bu, yeni risklər yaradır. Cənubi Qafqazın xarici güclər arasında rəqabət meydanına çevrilməsini istəmirik.

"Ermənistanla İran arasında münasibətlər həmişə mehriban olub. Heç bir siyasi ziddiyyət yoxdur və mən layihənin onları poza bilməsi üçün heç bir səbəb görmürəm. Tehran prosesi diqqətlə izləyəcək və onun real nəticələrini qiymətləndirəcək".


Telegram kanalımız
Chosen
58
3
yenisabah.az

4Sources