EN

Tibb məntəqələrinin 43%-i tam yararsızdır

İlkin səhiyyə xidməti bizim üçün prioritet istiqamətlərdən biridir. Bu sahə nə qədər inkişaf edərsə, bir o qədər tədbirlərin görülməsi mümkün olacaq və xəstəxanalara düşən yük azalacaq.

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Z. Əliyev bildirib ki, hazırda bu sahədə iki əsas problem var:

“Birinci növbədə tibb müəssisələrinin fiziki vəziyyəti: Ölkədə təxminən 2500-ə yaxın tibb məntəqəsi mövcuddur, onların 43%-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir. İkincisi isə kadr çatışmazlığıdır. Hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində təklif və planlar hazırlanıb”.

İnfrastruktur məsələsinə də toxunan sədr bildirib ki, bu məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2027–2030-cu illəri əhatə edəcək şəkildə mərhələli şəkildə həll olunacaq. 

“Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu səbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən qurulması planlaşdırılır. Gələn ilin mart ayında sizi Bərdəyə dəvət etməyi planlaşdırırıq ki, görülən işlərlə yerində tanış ola biləsiniz”.

Chosen
38
3
modern.az

6Sources