AFB Bank müştərilərinə daha müasir, təhlükəsiz və funksional xidmət təqdim etmək məqsədilə İnternet Bankçılıq platformasını yeniləyib. Yenilənmiş sistemin təqdimatı üzrə təşkil olunan tədbirdə AFB Bankın bir qrup korporativ müştərisi iştirak edib.
Tədbirdə AFB Bankın Biznes Bankçılıq Mərkəzinin direktoru Hüseyn B., Rəqəmsal Bankçılıq Sahəsinin rəhbəri Ləman Ş. çıxış edərək yenilənmiş sistemin üstünlükləri haqqında məlumat veriblər. Qonaqlara şablon əməliyyatların idarəedilməsi, sürətli köçürmələr, eləcə də korporativ müştərilər üçün toplu ödəniş və əməkhaqqı layihələrinin sadələşdirilməsi kimi funksiyalar təqdim olunub.
Görüş zamanı iştirakçılarla açıq sual-cavab sessiyası keçirilib, onların təklif və istəkləri dinlənilib. AFB Bank tərəfindən bu rəy və təkliflərin növbəti mərhələlərdə sistemin təkmilləşdirilməsi zamanı nəzərə alınacağı bildirilib.
Bu yenilənmə AFB Bank-ın rəqəmsal transformasiya strategiyasının bir hissəsidir. Bankın məqsədi müştərilərinə təhlükəsiz, çevik və rahat internet bank təcrübəsi təqdim etməklə yanaşı, onların rəqəmsal ehtiyaclarını dinləmək və bu ehtiyaclara əsaslanan innovativ həllər təqdim etməkdir.
Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb.