EN

Zəfər Günü Xalqımızın qürur və qəhrəmanlıq günüdür

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xalqımızın qəlbində Qarabağ həsrəti közərən ocaq kimi yaşayırdı. Hər bir azərbaycanlı üçün Qarabağ təkcə torpaq deyil. Bu torpaq milli kimliyimizin beşiyi idi.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dəmir iradəsi və “Əgər sülh yolu ilə olmazsa, Vətən müharibəsi ilə torpaqlarımızı azad edəcəyik” qəti mövqeyi işğalçıya son mesaj oldu. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş Şanlı Zəfər Tariximiz, təkcə müharibə qələbəsi deyil. Bu tarix xalqımızın yüz illərdir davam edən ədalət axtarışının, doğma torpaqlarına sevgi və sədaqətinin, milli iradə və birlik gücünün zirvəsidir. 44 günlük Vətən müharibəsi ilə yazılan bu qəhrəmanlıq salnaməsi, əsrlər boyu davam edən torpaq həsrətinə son qoydu.

44 gün ərzində: Füzuli azad edildi: döyüş meydanında yeni qapılar açıldı. Cəbrayıl səngərlərindən Zəfərə gedən yol başladı. Hadrutda döyüş ruhu göylərə ucaldı. Qubadlı və Zəngilan düşmənə son zərbələrdən birini vurdu. Laçın dəhlizi nəzarətə götürüldü. Şuşa fatehləri dağları aşaraq qalaları fəth etdi. Şuşa əməliyyatı qəhrəmanlığın zirvəsi sayılır. Əsgərlərimiz qayalara dırmanaraq şəhərə daxil oldu və 8 noyabrda tariximizi yenidən yazdı.

Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşdü. Qarabağ yalnız hərbi-siyasi deyil, həm də mənəvi yaraya çevrildi.

Hər bir azərbaycanlının qəlbində “Qarabağ Azərbaycandır!” harayı çırpınırdı. Bu söz illər keçdikcə təkcə bir şüar deyil, əzəli həqiqətin sarsılmaz ifadəsi kimi daha da möhkəmləndi.

Tarixi Zəfərimizin əsas memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Onun qətiyyətli mövqeyi, diplomatik məharəti və güclü ordunun qurulması 2020-ci ilin payızında haqq savaşımızı qələbə ilə başa çatdırdı.

Prezident İlham Əliyevin “Biz öz torpağımızda vuruşurduq” sözləri dünya ictimaiyyətinə Azərbaycanın mübarizəsinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bir daha sübut etdi.

Azərbaycan əsgəri Vətənə olan sevgisini səngərdə, döyüş meydanında göstərdi. Xudafərin körpüsündə dalğalanan üçrəngli bayraq, Şuşaya əsgərin yumruğu ilə açdığı yol, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər və Laçının azadlığı bu qəhrəmanlığın simvoluna çevrildi.

Şuşanın azad edilməsi Azərbaycan tarixinin dönüş nöqtəsidir. Şuşa qalasının zirvəsində səslənən “Qarabağ Azərbaycandır!” səsi əsrlərin həsrətinə son qoydu. Zəfərin ən böyük gücü xalq–ordu birliyidir. Arxa cəbhədəki hər bir vətəndaş, ön cəbhədəki hər bir əsgər qədər qələbəyə töhfə verdi.

Qarabağ uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaq. Onların ruhu Zəfərimizin müqəddəsliyini daha da ucaldır.

Azərbaycan dünya miqyasında haqlı mövqeyini qorudu, beynəlxalq hüquq çərçivəsində addımlar atdı və siyasi meydanda da qalib gəldi. Ölkəmizin artan beynəlxalq nüfuzu bu qələbənin qazanılmasında mühüm rol oynadı.

Artıq işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Böyük Qayıdış proqramı Qarabağın iqtisadi, sosial və mədəni dirçəlişini təmin edir.

Füzulidə beynəlxalq hava limanı, Zəngilan və Laçında yeni şəhər salınması, Şuşanın mədəniyyət incisi kimi bərpası bu torpaqlarda gələcəyin necə parlaq olacağını göstərir. Qarabağ yenidən Azərbaycanın döyünən ürəyinə çevrilir.

Şanlı Zəfər Tariximiz təkcə bu günün qüruru deyil. Əcdadlarımızın ruhuna hörmət, gələcək nəsillərin azadlığına qoyulan möhkəm təməldir. Şanlı Zəfər: Gənclərimiz üçün qürur dərsidir. Ordumuz üçün güc mənbəyidir. Qeyrət və azadlıq simvoludur.

Ən önəmlisi odur ki, dünyaya göstərdi ki, Azərbaycan haqqını almağı bacaran güclü dövlətdir. Bu qələbə xalqımızın birliyinin, iradəsinin, Vətən sevgisinin təntənəsidir. Azərbaycan Respublikası bundan sonra da güclü, qalib, qalxan dövlət kimi yoluna davam edəcək.

Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Şanlı Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
sesqazeti.az

2Sources