EN

Bakı Metropoliteni paytaxtın yeraltı polad magistralı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu şəbəkənin sərnişindaşımada önəmi və çəkisi durmadan artır

1967-ci il noyabrın 6-da sərnişindaşıma fəaliyyətinə başlamış Bakı Metropoliteni 58 illiyini qeyd edir. Şərqin ilk yeraltı ictimai nəqliyyatı Azərbaycan xalqının mirası sayılır. Bu sərvət xalqımızın Ümummilli lideri Heydər Əliyevin davamlı dəstəyi ilə böyük inkişaf yolu keçərək bu günümüzə gəlib çıxıb.

Ulu öndər digər sahələr kimi, metropolitenə də daim diqqət göstərərək bu xüsusi nəqliyyat növünün inkişafı üçün var gücü ilə çalışıb. O, hər zaman çıxışlarında metronu və metropolitençi əməyini yüksək qiymətləndirib. Bir neçə stansiyanın açılışında şəxsən iştirak etmiş Heydər Əliyev metronu Azərbaycan xalqının ən dəyərli sərvəti adlandırıb: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.

Bu sərvət Ulu öndərin davamçısı, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha da genişləndirilərək müasir inkişaf yoluna qədəm qoyub. Ötən müddətdə Bakı metrosunun Bənövşəyi xətti, elektrik deposu və bir neçə stansiya istifadəyə verilib. Ölkə rəhbəri bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakı metrosunun infrastrukturunun genişləndirilməsi, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və yeni stansiyaların inşasına dair tapşırıqlar verdiyini açıqlayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq 2030-cu ilə qədər Bakıda 10 yeni stansiya tikiləcək. Həmin stansiyalar Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına, eləcə də tıxac probleminin, avtobus nəqliyyatını metro ilə uzlaşdırmaq kimi mühüm məsələlərin həllinə xidmət göstərəcək.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə isə qeyd edib ki, son 30 il ərzində Azərbaycan əhalisi 10 milyonu keçib. Bakıda yeni metro stansiyaları istifadəyə verilməklə böyük layihələr icra edilsə də, yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artıma uyğun deyil. 2008-ci ildən metronun 7 stansiyası tikilsə də, dövrün çağırışlarına uyğun olaraq bu istiqamətdə yeni qərarlara ehtiyac var. Nəhayət, 2025-ci il yanvarın 30-da ölkə Prezidentinin sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Həmin sənəddə metronun 10 yeni stansiya ilə yanaşı, Qırmızı və Yaşıl xətlərin ayrılması, Dərnəgül və Xocəsən elektrik depolarının tikintisinin tamamlanması, “İçərişəhər” stansiyasında keçid kamerasının inşası, enerji sisteminin etibarlılığının artırılması və s. kimi mühüm məsələlər nəzərdə tutulur. Plana uyğun olaraq Bənövşəyi xətdə 6, Yaşıl xətdə daha 4 yeni stansiya inşa ediləcək.

Bu baxımdan yeni stansiyalar Bakıda nəqliyyat sıxlığının azaldılmasına təkan verəcək, şəhərdə mobilliyin inkişafında mühüm rol oynayacaq, metro və digər ictimai nəqliyyat vasitələri inteqrasiya ediləcək, ictimai nəqliyyatın daha münasib, əlçatan və rahatlığı təmin olunacaq. Bu mənada Qırmızı və Yaşıl xətt mütləq ayrılmalıdır. Yeni 10 stansiya ilə metropolitenin daha 88 milyon sərnişin daşıması planlaşdırılır.

Bənövşəyi xəttin inşa ediləcək 6 stansiyasından 2-si Yaşıl xəttə (“Nizami” və “Xətai” stansiyalarında), daha 1-i Qırmızı xəttə (“Sahil” stansiyasında) keçid olacaq. Bu layihə sərnişin axını və hərəkət istiqamətlərinə əsaslı dəyişiklik gətirəcək. Eyni zamanda Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolunda yerləşən qəsəbələrdən şəhər mərkəzinə hərəkət yaxınlaşdırılacaq. Stansiyalardan biri 2026-cı ilin sonuna qədər istifadəyə veriləcək. Artıq Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaat işlərinin əsas mərhələsi tamamlanıb.

Hazırda keçidlərin tikintisi ilə yanaşı, daxili xidməti sahələr və otaqların, arakəsmələrin inşası aparılır, təchizat məsələləri, quraşdırma, hərəkətin təşkili və s. işlər görülür. Bütövlükdə, 10 stansiyanın inşası metropolitenin genişləndirilməsi ilə yanaşı, mövcud infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılması, sərnişinlərə xidmət keyfiyyətinin artırılmasına da əhəmiyyətli təsir göstərəcək. Həmçinin, şəhərdə mobillik planının həyata keçirilməsini sürətləndirəcək və metropolitenin ictimai sərnişindaşıma nəqliyyat sistemində rolunu artıracaq.

Metropoliten üçün hər xəttin müstəqil fəaliyyətinin aktuallığı nəzərə alınaraq “28 May” stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına hazırlıq işləri başlanıb. Bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə yol açacaq. Layihənin icrasına “28 May” stansiyası yaxınlığında qazıntı işlərinə hazırlıq görülməsi ilə start verilib.

Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin edilir. Bu işlər “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olmuş texniki çatışmazlıqlar da aradan qaldırılacaq.

Layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əks istiqamətdə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına təsir göstərəcək. 2026-cı ildə tamamlanması nəzərdə tutulan bu işlər zamanı əsas tunel qazıntısı müddətində “28 May–Nizami” yol mənzilində qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Lakin layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır.

Mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli də daxildir. Dünya praktikasında da olduğu kimi, qatarlara qulluq, xidmət, təmir və tunel, yol, hərəkətin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmalıdır. Hazırda Bakı Metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. Bənövşəyi xəttə xidmət göstərən “Xocəsən” elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir.

Qırmızı və Yaşıl xətlərə təkcə “Nərimanov” elektrik deposu xidmət göstərir. Bu da mövcud tələbatı ödəməyə imkan vermir. Bu səbəbdən də 2025-ci ildə Yaşıl xəttin “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb. Burada müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini təmin edən xidmət sahələri də yaradılmalıdır.

Qatarların təmiri, xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulmalıdır. “Dərnəgül” elektrik deposunun inşasının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə xətlərin ayrılması layihəsi üçün vacib olan infrastruktur qurulacaq. Hazırda tunellər çəkilir, qatarların dayanması və təmir sahəsində inşaatın norma və qaydalarına uyğun inşaat işləri aparılır.

Silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarının yaxınlığında yeni yarımstansiyalar inşa edilməlidir. Bu işlərin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq. Bu isə elektrik enerjisinin hər bir fider zonasında fasiləsizliyini və etibarlılığını aktuallaşdıracaq. Həm də xətlər ayrıldıqdan sonra intervallar azaldılacağından qatarların sayının artırılması lazım gələcək.

Xətlər ayrıldıqdan sonra hər birinin səmərəli fəaliyyəti, sərnişinlərə nümunəvi xidmətin təşkili, daha çox sərnişindaşıma qabiliyyəti və mövcud sıxlığın tənzimlənməsi optimal hərəkət qrafikinin təşkili və minimal intervalların tətbiqindən asılıdır. Bu səbəbdən hərəkətin təşkili prinsiplərinə uyğun olaraq sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb. Bununla bağlı müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür. Bununla yanaşı, Yaşıl xətdə də funksional fəaliyyət “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsidir.

Nəzərdə tutulmuş 10 stansiyadan 4-ü məhz bu istiqamətdə tikiləcək. Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastruktur şərti adı Y-15 olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işlərinə müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulmuş “Y-15” stansiyasından başlayaraq “Xətai” stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.

Bütün bu işlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli, effektiv fəaliyyəti, fərdi avtomobillərdən imtinaya gətirib çıxaracaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü, eyni zamanda, mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək. Mobillik proqramının uğurla tamamlanması və onun ən qənaətbəxş modelinin qurulması həm də şəhərətrafı yaşayış və sənaye sahələrinin, eləcə də aqlomerasiyaya daxil olaraq böyüyən şəhər və qəsəbələrə doğru nəqliyyat infrastrukturunun optimallaşması istiqamətində ən mühüm addımlardan biridir.

Yaşıl və Qırmızı xətlərin müstəqil infrastrukturu qurulmaqla, hər birinin optimal hərəkət qrafiki olacaq. Belədə Yaşıl və Qırmızı xətlərdə daha dayanıqlı, daha təhlükəsiz hərəkət təmin ediləcək. İntervallar mümkün ən minimum həddə çatdırılacaq. Həmçinin, Yaşıl və Qırmızı xətlərin hazırda birləşdiyi (“Dərnəgül–28 May” və “İçərişəhər–28 May”), lakin gələcəkdə ayrılacaq “28 May” stansiyasına qədər sahələrdə mövcud olan 4 dəqiqə və daha yuxarı interval azaldılacaq.

Bakı Metropolitenində sərnişinlərin təhlükəsiz hərəkəti, rahatlığı və məmnunluğu əsas hədəfdir. Yeniləşmə tədbirləri nəticəsində əldə olunacaq üstünlüklər hesabına “28 May” stansiyasına hazırda daxil olan sərnişinlər ayrı-ayrı xətlər üzrə bölünəcək, stansiyanın sərnişin yükü normaya salınacaq. Sərnişinlərin stansiyaya axını istiqamətlər üzrə keçidlərdə bölünəcəyindən bir xətt üzrə hərəkət qrafikində yaranan problem digərinə təsir etməyəcək. Ümumilikdə, Prezident İlham Əliyevin tapşırığına əsasən, işlərin paytaxtın yerüstü ictimai nəqliyyat və mübadilə mərkəzləri ilə əlaqəli şəkildə təşkil olunacağını nəzərə alsaq, şəhərin sərnişindaşıma dinamikası, mobillik planı sürətlənəcək.

Hazırda Bakı Metropolitenində 347 vaqon və ya 67 qatar sərnişindaşıma prosesinə cəlb edilir ki, bunların da 30-u yeni nəsil qatarlardır. Bənövşəyi xətdə 7 vaqonlu, Yaşıl və Qırmızı xətlərdə 5 vaqonlu qatarlar hərəkət edir. Yeni müqaviləyə əsasən, 2025-ci ildə alınmış 30 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılmaq üçün son komplektləşdirmə, sazlama və sınaq işləri aparılır. Yaxın günlərdə 3 yeni qatar xəttə buraxılacaq. Dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq. Dövlət Proqramına əsasən isə 2030-cu ilə qədər 299 yeni nəsil vaqonun alınaraq xəttə buraxılması planlaşdırılıb.

Sərnişin sıxlığının tənzimlənməsi və sərnişin məmnunluğun artırılması baxımından qatarların hərəkətinin intensivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu ilin mayında metropolitenin fəaliyyətində mühüm yenilik baş verib – son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Bundan əlavə, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Sentyabrda isə interval pik saatlarda bir qədər də azaldılaraq 1 dəqiqə 45 saniyəyə endirilib. Metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında intervalın bu həddə salınması isə il ərzində ikinci dəfə tarixi rekordun qeydə alınması sayıla bilər.

Ümumilikdə, bütün bu yeniliklər mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşdirmə işləri sayəsində mümkün olub. Görülmüş əlavə tədbirlər, yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb. Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib. İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb. Həmçinin, maşinist heyətinə təlimlər keçirilib və stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Bakı Metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.

Mirbağır YAQUBZADƏXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
xalqqazeti.az

2Sources