Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri İnam Kərimov çıxışı zamanı məhkəmə sisteminin müasir çağırışlara uyğunlaşdırılması üçün həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasda iki mühüm sənəd təsdiqlənib — “İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları” layihəsi və “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi.
Bununla yanaşı, bir sıra cari məsələlər, o cümlədən hakimlər barəsində intizam icraatlarına baxılıb.
İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar vəzifəsinə xitam verilib. Onlar məhkəmə sistemindəki səmərəli fəaliyyətlərinə görə Şuranın fəxri döş nişanı ilə təltif olunublar.