EN

NATO Rusiya təhlükəsinə qarşı

Alyansın 32 üzvü hazırlaşır, 10 üzvü isə narahatdır

NATO Rusiya təhlükəsinə qarşı genişmiqyaslı müdafiə planı hazırlayıb. Bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb. Nəşr bildirir ki, 4400 səhifədən ibarət plan şərq cinahına diqqət yetirməyi nəzərdə tutur.

“Şərq cinahında məhdudlaşdırma xətti konsepsiyası” adlı sənəd NATO-nun bütün 32 üzvünün iştirakı ilə hazırlanıb. Təqaüddə olan yüksək rütbəli NATO generallarından biri “Welt” nəşrinə bildirib ki, Rusiya artıq NATO ilə toqquşmaya hazırlaşmaq üçün “sıfır mərhələ” vəziyyətindədir. Keçmiş general vurğulayıb ki, NATO, xüsusilə Baltikyanı ölkələr üçün ən böyük təhlükə Ukraynadakı müharibənin bitməsindən sonra ortaya çıxacaq. Kreml resurslarını şimala yönəldərək işğala başlaya bilər.

NATO-Rusiya toqquşması ehtimalı getdikcə artır, yoxsa...

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, NATO yarandığı gündən bəri şərq cinahını özünün əsas prioriteti olaraq görüb və Rusiya ilə potensial müharibəyə hazırlaşıb: “NATO-nun yaradılması belə rus təhlükəsinə qarşı Qərb ölkələrinin birgə mübarizəsini təşkil etmək olub. SSRİ dağıldıqdan sonra Rusiya xofu qismən azalsa da, xüsusilə Ukraynanın bəzi ərazilərinin 2014-cü ildə işğalından sonra bu problem yenidən ortaya çıxdı və NATO dövlətləri təhlükənin qarşısını almaq məqsədilə bəzi mühüm addımlar atmağa başladılar. Atılan addımların əsas fokuslandığı coğrafiya isə şərq cinahı oldu. Xüsusilə Baltikyanı ölkələr və Polşanın müdafiəsi NATO-nun 1 nömrəli prioritetinə çevrildi.

NATO-nun Rusiya ilə həmsərhəd ölkələri 4 noyabr 2015-ci il tarixində Rumıniyanın paytaxtı Buxarestdə toplandı və şərti adı “Buxarest 9-lusu” (B-9) olan ittifaq qurduqlarını bəyan etdilər. NATO daxilində yaradılan bu qrupa Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya daxil idi. 2023-cü ilin aprel ayında Finlandiya NATO-ya girdikdən sonra B-9-un üzvlərinin sayı 10-a yüksəldi. Qrupun təsis bəyanatında açıq şəkildə ifadə olunurdu ki, B-9 ittifaqı Krımın ilhaqından və Rusiyanın Ukraynanın şərqinə müdaxiləsindən sonra Rusiyaya qarşı yaradılıb və Moskvanın aqressiv hərəkətlərini neytrallaşdırmağı qarşısına məqsəd qoyub. 2022-ci ilin fevralında Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra B-9 ittifaqı da öz fəaliyyətini aktivləşdirdi".

Heydər Oğuz

Heydər Oğuzun fikrincə, NATO-nun indiki baş katibi Mark Rutte yeni vəzifəsini təhvil aldıqdan bir müddət sonra bəyan etmişdi ki, Avropa ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmasalar, 4-5 ildən sonra rus dilini öyrənməli olacaqlar: "Məncə, NATO ölkələrində rus xofunun yenidən qabarmasının əsas sirri məhz Ruttenin bu sözlərinin altında gizlənir. Məqsəd alyansın Avropa müttəfiqlərinin hərbi xərclərini 2035-ci ilə qədər ÜDM-lərinin 5 faizinə çıxarmaqdır. Bu, haradasa, ildə 1 trilyon dollara yaxın vəsait deməkdir və nə qədər ki, “rus xofu” yaşayır, Avropa dövlətləri özlərinə lazım olan silah-sursatları ABŞ-dən almalıdırlar. Nəticədə Amerikanın silah sənayesi ildə 1 trilyon dollarlıq yeni bazar qazanacaq".

Siyasi şərhçinin iddiasına görə, NATO-nun “Şərq cinahında məhdudlaşdırma xətti konsepsiyası”nı ABŞ ordusunun Avropa və Afrikadakı komandanı, general Kristofer Donahyu hazırlayıb və o da Rusiya-NATO gərginliyinin getdikcə artmasında maraqlı olan generallardandır: “Kristofer Donahyu bu ilin 17 iyulunda verdiyi bəyanatla az qala Rusiya ilə NATO arasında savaş çıxaracaqdı. O, öz açıqlamasında bəyan etmişdi ki, NATO alyansı Kalininqradı xəritədən silə bilər. Generalın sözlərinə görə, hazırda alyansın belə bir əməliyyat üçün hər cür imkanları var və artıq plan da hazırlanır. Üzərindən bir neçə ay keçəndən sonra Kristofer Donahyunun "Şərq cinahında məhdudlaşdırma xətti konsepsiyası" adlı sənədi müttəfiq quru qoşunlarının ali qərargahına təqdim etdiyi barədə məlumatlar yayıldı. Bu sənəddə 2015-ci ildə təsis olunan B-9 ittifaqından fərqli olaraq Rusiyaya qarşı mübarizənin çərçivəsi xeyli genişləndirilirdi. “B-9-dakı 9-10 ölkə NATO-nun şərq cinahında Rusiya ilə döyüşlərə hazırlanırdısa, "Şərq cinahında məhdudlaşdırma xətti konsepsiyası"nda NATO-nun bütün üzvləri - 32 müttəfiqin hərbi qarşıdurmaya qatılması nəzərdə tutulur".

Heydər Oğuz qeyd edir ki, sənədin müəllifinin ABŞ generalı olması və Pentaqonun Avropa və Afrikadakı komandanlığına rəhbərlik etməsi NATO-Rusiya gərginliyinin ən yüksək səviyyəyə çıxmasında Vaşinqtonun maraqlı olduğunu göstərir: “Amma Vaşinqton doğrudan NATO-Rusiya savaşı istəyirmi? Yoxsa bu, sadəcə, NATO ölkələrinə daha çox silah sataraq onları istismar etməyə hesablanmış təklifdir? Zənnimcə, ikinci versiya daha inandırıcıdır. Çünki Rusiya ilə NATO arasında müharibə başlasa, Rusiya təkcə Şərqi Avropanı bombalamaqla qalmaz, bu planın hazırlanmasında mühüm rol oynayan ABŞ-ni də hədəfə alar. Başı Çində və Yaxın Şərqdə ciddi problemlərə qarışan Vaşinqtonun Rusiya ilə qarşıdurmaya gedəcəyinə inanmıram.

Bununla belə, Ukraynadakı savaşın seyrindən asılı olaraq, NATO-nun “şərq cinahı” konsepsiyasının işə düşmə ehtimalı da istisna edilə bilməz. Çünki başda ABŞ olmaqla, Qərb dövlətləri də, Çin də Ukrayna müharibəsinin tezliklə bitməsində maraqlı deyillər. Məntiqlə, Rusiya bu savaşda təşəbbüsü ələ ala bilsə, onun diqqətini şimala çəkmək üçün Kalininqradın yeganə qapısı sayılan Suvalki dəhlizinin bağlanması və Rusiya-Baltikyanı ölkələr savaşının çıxması qaçılmaz olacaq. Təsadüfi deyi ki, Rusiya Donbas istiqamətində irəliləməyə başlayan kimi Litva prezidenti Gitanas Nauseda Belarusla sərhədi həmişəlik bağlamaq və ya Kalininqrada tranziti məhdudlaşdırmaq təklifi ilə çıxış etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov buna reaksiya verərək bildirdi ki, əgər Nausedanın təklifi həyata keçərsə, Moskva buna dözməyəcək və ekslava gedən yolları öz gücünə açacaq. Ukrayna Donbasda təşəbbüsü yenidən ələ aldıqdan sonra isə Suvalki dəhlizində səs-səmir kəsildi. Zənnimcə, bu, səbəbsiz deyildi. Bayaq da qeyd etdiyim kimi, B-9 təşəbbüsü Ukraynaya və Moldovaya ən kritik anda hərbi dəstək verilməsi üçün təsis olunub".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Chosen
15
musavat.com

1Sources