
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib.
Missiya.Az SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın vitse-prezidentləri, Elm və Təhsil Nazirliyinin nümayəndələri, BANM-nin rəhbər heyəti, valideynlər, tələbələr və şagirdlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva SOCAR-ın sosial layihələrə, xüsusilə təhsil və elm sahələrinin inkişafına xüsusi önəm verdiyini və bu istiqamətdə daim dəstək göstərdiyini vurğulayaraq Bakı Ali Neft Məktəbinin, yeni yaradılan Rəqəmsal Biliklər Liseyinin mühüm layihələrdən olduğunu qeyd edib.
SOCAR-ın vitse-prezidenti Rəqəmsal Biliklər Liseyinin qısa müddət ərzində yüksək nəticələr əldə etdiyini bildirib. Ziba Mustafayeva liseydə yalnız nəzəri biliklərin deyil, həm də təcrübə imkanlarının təqdim olunacağını vurğulayaraq şagirdləri yaradılan imkanlardan maksimum faydalanmağa və dərslərində, sosial fəaliyyətlərdə aktiv olmağa çağırıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışında Rəqəmsal Biliklər Liseyinin ölkədə insan kapitalının inkişafında mühüm rol oynayacağını qeyd edib. O liseydə şagirdlərə rəqəmsal bacarıqlarla yanaşı, sosial bacarıqların da aşılanması istiqamətində məqsədyönlü işlərin aparıldığını və yaxın gələcəkdə bu təhsil ocağının orta təhsil müəssisələri arasında xüsusi fərqlənəcəyini vurğulayıb.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev liseyin fəaliyyətinə uğurlar arzulayaraq burada yüksək nəticələr əldə olunacağına inamını ifadə edib.
Tədbirdə şagirdlərin ifasında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilib