EN

Avropa İttifaqı Azərbaycana qarşı təhlükəni maliyyələşdirir - təpki

Qərb nüvə təhlükəsizliyini gücləndirmək üçün Ermənistana sərmayə qoyur; Metsamor AES-i Rusiyadan qoparır, yoxsa?

Avropa İttifaqı (Aİ) nüvə təhlükəsizliyini gücləndirmək üçün Ermənistana 5 milyon avro sərmayə qoyur. Teleqraf xəbər verir ki, maliyyə iki əsas istiqamətə yönəldiləcək: Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsizliyinin gücləndirilməsi, həmçinin Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin peşəkar komandalarına dəstək.

“Biz birlikdə daha təhlükəsiz gələcəyə doğru mühüm addımlar atırıq” - Aİ-nin məlumatında qeyd olunur.

Qeyd edək ki, sovet dövründə Ermənistanda tikilən Metsamor Atom Elektrik Stansiyası (AES), mütəxəssislərin fikrincə, ciddi təhlükə yaradır. Zəlzələ zonasında yerləşən zavod “saatlı bomba” və “növbəti Çernobıl” kimi təsvir edilir. 1976-cı ildə açılan və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Zavod 1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlanıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb. Baş nazir Nikol Paşinyan Metsamor AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.

Metsamor AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət edərək Metsamor AES-in yaratdığı təhlükələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Hazırda zavod Rusiyanın dövlət nüvə enerjisi şirkəti “Rosatom”un texniki dəstəyi ilə işləyir. Bu vəziyyət Kremlə Cənubi Qafqazda enerji siyasətində əhəmiyyətli rol oynamağa imkan verir. Avropa Birliyi və ABŞ dərhal hərəkətə keçməli və bu “saatlı nüvə bombasını” dayandırmaq üçün təcili tədbirlər görməlidir. Ümumiyyətlə, Ermənistanın Rusiyanın “enerji köləliyindən” qurtulmaq üçün Metsamordan Qərbin xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil. Ekspertlərə görə, ABŞ-də kiçik modul reaktorlarında da yüksək zənginləşdirilmiş urandan istifadə edilir.

Bəs Aİ Azərbaycana və regiona təhlükə saçan bir mənbənin ləğvini tələb etmək yerinə onun gücləndirilməsinə niyə vəsait ayırır? Burada hansı siyasi-iqtisadi maraq var? Bu, Ermənistanın Rusiya enerjisindən asılılığını azaltmağa hesablanmış ola bilərmi?

Qabil Hüseynli

Professor Qabil Hüseynli bildirib ki, Avropa İttifaqının maliyyə ayırması Ermənistanı Rusiyanın təsirindən çıxarmağa hesablanıb. Onun fikrincə, Qərb müxtəlif layihələr həyata keçirməklə Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır, amma bu heç də asan proses deyil: “Rusiyanın ən güclü imkanları Ermənistandadır. Nəzərə alaq ki, hələ də orada hərbçiləri və bazası var, dəmiryolları özünün mülkiyyətindədir, iqtisadi təsiri davam edir, enerji ilə Ermənistanı təmin edir və sair. Bu səbəbdən Rusiya Ermənistanın onun əlindən çıxa bilməyəcəyinə inanır. Moskvanın siyasi kluarlarında hesab edirlər ki, Paşinyan hakimiyyəti gəldi- gedərdi, Ermənistan əldən getməyəcək. Ancaq bu yanaşma doğru deyil. Son 7 ildə Ermənistanda Rusiyanın təsiri azalıb, ictimai rəy onun əleyhinədir. Ona görə də Avropa İttifaqı qənaətə gəlib ki, Ermənistanın ciddi məsələsi olan enerji sahəsində öz təsirlərini artırsın”.

Politoloq deyir ki, Ermənistanda nüvə təhlükəsizliyinə vəsait ayrılması Azərbaycan prizmasından baxanda Qərbin riyakarlığıdır: “Əvvəla, bu ölkəyə nüvə təhlükəsi yoxdur, Ermənistan özü regiona təhdid saçır. Halbuki Avropa İttifaqı ilə Ermənistan arasında  "Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi" adlı sənəddə Metsamor AES-in vaxt keçdikcə istismardan çıxarılması göstərilib. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır. İndi isə Ermənistana maliyyə yardımı ayrılır. Bu da ikiüzlü siyasətin nəticəsidir. Avropa İttifaqı Azərbaycana və regiona təhlükə yaradan bir mənbəni bağlamağı tələb etmək əvəzinə Ermənistanın dərdini çəkir. İkincisi, işğalçı ölkə illərlə ərazilərimizi minalayıb. Avropa İttifaqı minaların xəritəsini tələb etməli, azad olunan ərazilərdə minaların təmizlənməsində ölkəmizə maddi-texniki dəstəyi artırmalıdır".

Professora görə, bu yanaşma siyasi əhəmiyyət daşıyır: “Dediyim kimi, Rusiyanın Ermənistanda təsir gücünü azaltmaq niyyəti var. Ermənistana hələlik qaz Rusiyadan verilir, enerji təminatında isə Metsamor rol oynayır, təxminən 40 faizini ödəyir. Avropa İttifaqı indi onu qorumaq istəyinə düşüb. Əslində onun ləğvini tələb edirdi. Görünür, Brüssel İrəvana jest etməklə onu Kremldən uzaqlaşdıracağını proqnozlaşdırır. Onu da deyim ki, İrəvandan cəmi 35 km aralıda yerləşən Metsamorda Çernobıl kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki, Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və təşkilatlar azdır".

Xatırladaq ki, bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 36 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Metsamor AES-in təmirinin maliyyələşdirilməsi barədə razılaşma Ermənistan və Rusiya arasında 2014-cü ildə imzalanıb.

Ermənistan Rusiya hökumətindən alınmış maliyyə ilə Metsamor AES-də yenilənmə işləri həyata keçirir və Rusiyadan alınmış bu maliyyəyə 15 illik müddətə verilən 270 milyon dollar kredit və 30 milyon dollar qrant daxildir. Ermənistan hökuməti dövriyyəyə qoyduğu “2040-cı ilə qədər Ermənistan Respublikasının enerji sektoru inkişafının strateji proqramı”nda 2026-cı ildən sonra da yeni tikiliyə qədər Metsamor Atom Elektrik Stansiyasını istismar etməyə davam etmək niyyətində olduğunu göstərib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Chosen
70
musavat.com

1Sources