EN

“Rusiyanın Çindən asılılığı daha da artır” Ekspert Pekində imzalanan kommünikeni şərh etdi

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Baş naziri Mixail Mişustin 4 noyabrda Pekində Çin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq cavab verməyə davam edəcəklər.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı daha da artır. O qeyd edir ki, Rusiya Qərbə sata bilmədiyi yeraltı sərvətləri Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları isə Çindən əldə edir.

Ekspertin fikrincə, imzalanan sənəddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bəndlər yer alsa da, onların əksəriyyəti əvvəlki razılaşmaların təkrarı xarakteri daşıyır: “Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin təftişinə və tarixinin saxtalaşdırılmasına qarşı birgə mübarizə aparacaqlarını bildiriblər. Həmçinin Rusiya bir daha Tayvanın ‘vahid Çin’ prinsipinə daxil olduğunu təsdiqləyib. Halbuki, Moskva bu mövqeyi illərdir dəstəkləyir. Görünür, Kreml bu bəndin sənəddə yer almasına razılıq verib ki, Pekin də Rusiyanın təhlükəsizliyi və suverenliyinin təmin edilməsinə dəstək ifadə edən bəndi sənədə salsın.”

E.Şahinoğlu hesab edir ki, Çin bu “təhlükəsizlik” bəndi ilə dolayısı yolla Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmiş olur, halbuki Pekin artıq bu müharibənin uzanmasından narahatdır, çünki bu, onun iqtisadi maraqlarına mənfi təsir göstərir.

Ekspert əlavə edib ki, sənəddə Rusiyanın və Çinin beynəlxalq təşkilatlarda fəaliyyətlərini “siyasiləşdirməyə qarşı” əməkdaşlığı davam etdirmək barədə razılıq da yeni deyil: “Rusiya və Çin BMT, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uzun illərdir eyni mövqedən çıxış edirlər. Yeni sənəddə bu əməkdaşlığın gücləndirilməsinin vurğulanması sadəcə formal xarakter daşıyır.”

Onun sözlərinə görə, sənəddə diqqət çəkən yeganə yenilik Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətlər, Ay stansiyasının tikintisi və tədqiqat missiyalarının əlaqələndirilməsi barədə bəndlərdir. Rusiya və Çin son illərdə Arktikanın enerji resurslarına xüsusi maraq göstərirlər.

E.Şahinoğlu xatırladıb ki, Mişustinin Pekin səfəri Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən az sonra baş tutub: “Kreml, görünür, Pekinin Vaşinqtonla yaxınlaşmasından narahatdır. Buna görə də Mişustinin səfəri və imzalanan kommünike ilə Çinin dəstəyini təsdiqləməyə çalışır. Lakin Çin Rusiyaya iri həcmli sərmayələr yatırmaqdan çəkinir, çünki ABŞ sanksiyalarının təsirindən ehtiyat edir.”

Politoloq əlavə edib ki, ABŞ-ın Rusiyanın iki böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiqindən sonra Çinin bəzi neft emalı zavodları artıq Rusiya neftinin alışını azaltmağa başlayıb.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources