EN

Füzulidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Füzuli, 5 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Füzulidə Vətən müharibəsi şəhidləri Səbuhi Sadıqov, Elvin Rəhimov, Vüqar Zamanov və İlkin Məmmədovun məzarları ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Sadıqov Səbuhi Rövşən oğlu Vətən müharibəsində Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəhimov Elvin Ehtiram oğlu Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 4-də Şuşa istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Lələtəpə əməliyyatının iştirakçısı olan Zamanov Vüqar İsmayıl oğlu 44 günlük müharibədə Horadiz, Şıxlı, Kürdlər, İşıqlı, Seyidəhmədli və digər kəndlər, həmçinin Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Noyabrın 5-də Şuşa şəhəri ətrafında döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Məmmədov İlkin Abdulla oğlu Vətən müharibəsi zamanı Xocavənd, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 2-də Şuşa şəhəri ətrafında döyüşlərdə şəhid olub. O, ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Chosen
64
azertag.az

1Sources