EN

Prezident Azərbaycanda süni intellekt dövrü elan etdi - proses qanunla necə nizamlanacaq...


Osman Gündüz: “Açıq məlumat bazaları haqqında qanun layihəsinin də hazırlanması vacibdir”

“Süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, məlumatların təhlükəsiz paylaşım mexanizmləri dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır”

“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq”. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. Prezident bildirib ki, bu istiqamətdə dövlət lazımi addımları atır: "Biz hər zaman əsas aparıcı xəttin, yəni "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik".

Maraqlıdır, süni intellekt prosesləri necə tənzimlənməlidir? Süni intellekt haqqında qanun varmı? Yoxdursa, ölkə başçısının məlum çıxışından sonra bu məsələ sürətləndirilə bilərmi?

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, süni intellekt sahəsində müəyyən addımlar atılsa da, proseslər ləng gedir: “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda qeyd olunan prioritetlər – əlaqələndirmə, təbii dilin emalı modellərinin hazırlanması, hesablama infrastrukturunun qurulması və dataya əlçatanlıq kimi istiqamətlərdə real irəliləyişlər hələ görünmür. Azərbaycan dilinin Milli Korpusu hələ hazırlanmayıb. Bu sektorda pərakəndəlik hökm sürür. Əsas problem dataların idarə olunması ilə bağlıdır. Dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan deyil. Əksinə, bəzi dövlət qurumları özlərinə məxsus datalar üzərində kommersiya fəaliyyəti qurub, digərlərinə bu məlumatlardan istifadə imkanı vermirlər. Bununla yanaşı, açıq məlumat bazaları haqqında qanun layihəsinin də hazırlanması vacibdir.

Prezident İlham Əliyev çıxışında alimlərin də süni intellekt sahəsində daha fəal iştirak etməli olduqlarını qeyd edib. Ümid edirəm, bu mesaj həm elm, həm də rəqəmsal sektorun rəhbərləri üçün ciddi siqnal olacaq və tezliklə dövlətə məxsus datalardan bütün maraqlı tərəflərin istifadə etməsi üçün bərabər və şəffaf imkanlar yaradılacaq”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə iki nəhəng hesablayıcı infrastruktur, superkompüter mərkəzləri qurulur. Bu mərkəzdə yerləşdirilməli olan yerli süni intellekt layihələrin hazırlanması üçün də münbit şərait yaradılmalıdır: “Süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, bu strategiya açıq data siyasəti, məlumatların təhlükəsiz paylaşım mexanizmləri, dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır”.

Günel CƏLİLOVA

Chosen
32
baki-xeber.com

1Sources