EN

“Real Ermənistan” qurmaq istəyənlərə Göyçə dərsi, Qərbi Azərbaycan ədaləti...

Ermənistanın baş naziri Nikol Paşinyan “Orbeli 2025” forumunda Azərbaycan prezidentinə üçüncü dəfə təşəkkür etdi. Dövlətimizin başçısının Azərbaycan üzərindən Ermənistana yük daşınmasına qoyulan qadağanı ləğv etməsinə erməni baş nazirin reaksiyası bu dəfə revanşistləri belə, təəccübləndirmədi. Demək, çalışsalar, müalicə, həm də islah oluna bilərlər...

Nikol

Amma Paşinyan Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyində dilə gətirdiyi Göyçə həqiqətlərini doğru-düzgün əxz edə bilmədiyini nümayiş etdirdi. Bəlkə də ünvanlanan suala cavabında bilərəkdən söhbəti fərqli istiqamətə yönəltməyə çalışdı. Sitat: “Sualınız məni çətin vəziyyətdə qoyur. Sualınıza cavab verməzdən əvvəl mən seçim qarşısındayam: həqiqətən də vurğulamalıyam ki, Azərbaycan prezidentinin bu bəyanatı tam mənzərəni əks etdirmir? Mənim dediklərim sualınıza cavab yox, Azərbaycan liderinin açıqlamalarına şərh olacaq. Ona görə də əvvəlcə onun nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur. Dolayısı ilə haqlıdır. Azərbaycan tərəfi Ermənistan parlamentində niyə qondarma “Dağlıq Qarabağın bayraqlarının” asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik”.

Paşinyan

Nikol Paşinyan iddia edir ki, guya Azərbaycan Prezidenti Ermənistan parlamentində Qarabağdakı keçmiş separatçıların əski parçalarına görə Göyçə həqiqətlərini səsləndirib. Əslində Ermənistan parlamentində həmin əski parçalarının masa üzərində qoyulması Ermənistanın nə qədər qeyri-ciddi, bu ölkənin rəhbərliyinin isə qeyr-stabil olmasının, sözü ilə əməlinin üst-üstə düşmədiyinin növbəti dəfə təsdiqidir. Qarabağ Azərbaycandır və bunu Paşinyan da dəfələrlə bəyan edib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib. Bundan sonra separatçı “nişanəsi”ni ali qanunverici orqana buraxmağın özü ondan xəbər verir ki, bu ölkəni oyuncaq kimi oynadırlar. Paşinyan hər həftə parlamentin iclasına gəlir, saatlarla müzakirələrdə iştirak edir, tribunaya çıxır, danışır. Həm də sülhün vacibliyindən, real Ermənistandan! O, deputat Levon Köçəryan və digər separatçı tör-töküntülərin qarşısındakı əski parçalarını görmürmü? Niyə onların parlamentdən rədd edilməsini tələb etmir? Ermənistan parlamentində Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası mütləq çoxluğa malikdir, bəs hakim fraksiya niyə susur? Bu, oyunbazlıq deyilmi?!

Bəli, Azərbaycan dövləti bu kimi oyunbazlıqları qəbul etmir və erməni separatçıların parlamentdə, yaxud İrəvan küçələrində meymunluq etmələrinə son qoyulmasını istəyir! Amma Prezident İlham Əliyev lazım gələndə tələblərini birbaşa Paşinyanın üzünə deyir və onun qarşısında həlli zəruri olan ev tapşırıqları qoyur, heç şübhəsiz, erməni baş nazirin “ev tapşırıqları dəftəri”ndə bununla bağlı kifayət qədər qeydləri var. Belə olduğu təqdirdə dövlət başçımızın hansısa separatçı əskisinə görə Göyçədən bəhs etdiyini iddia etmək özü də absurddur.  

Azərbaycan

Azərbaycan Prezidentinin AMEA tribunasından səsləndirdiyi qiymətli fikirləri bir daha xatırlayaq: “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”.

Son vaxtlar bütün baş verənlərdə rus-sovet izi axtaran N.Paşinyan cavab reaksiyasında sanki demək istəyir ki, “Sevan” əvvəllər də mövcud olub, amma Çar Rusiyasının xəritəsi “işləri korlayıb”. Adamda cəsarət yoxdur ki, desin, ay haylar, bəli, Göyçə bu gölün tarixi adıdır, sadəcə biz Azərbaycan torpaqlarında hələ də “kadastrı olmayan” respublika qurduqdan sonra – 1930-cu ildə Göyçənin adını dəyişib “Sevan” qoyduq. Cənubi Qafqazın ən iri şirin sulu gölünün sahilində tarix boyunca azərbaycanlılar yaşayıb. Deyək ki, bu məsələdə Göyçənin “günah”ı Çar Rusiyasının xəritəsindədir. Bəs, Parisdəki xəritələr? 1918-20-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında təsdiqlənmiş xəritəsinə baxsaq, Birinci Respublikamızın sərhədləri Göyçə gölünün 3/2-sini əhatə edir. Həmin xəritələr Millətlər Liqasının arxivində saxlanılır. Hansı ki, Paris Sülh Konfransında Azərbaycan dövləti de-fakto tanındığı halda, Azərbaycan ərazilərində elan olunan hayların 9 min kv.km-lik oyuncaq respublikası tanınmamışdı. Özü də söhbət Parisdən gedir, Paşinyanın ən yaxın adamı Makronun ölkəsindən. Çünki bunlar tarixi həqiqətlərdir, danmaq, ört-basdır etmək olmaz! Tarixin üstünə toz qonur, üfürürsən, həqiqət üzə çıxır. İndi Paşinyan ha malalasın, xeyri yoxdur, İlham Əliyevin Azərbaycanın elm məbədində elan etdiyi tarixi həqiqətləri gizlədə bilməz!

Göyçə

Dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşən Göyçə gölünün sahilboyu uzunluğu təqribən 260 kilometrdirdir. Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı ermənilərə güzəşt edərkən bu gölün yarıdan az hissəsindən vaz keçmişdilər. Sovetlərin işğalı nəticəsində ermənilər şirin sulu Göyçəmizə də zəhər qatdı, ermənilərə əlavə 20 min kv.km ərazimizi də verdi. Paşinyan bəlkə də bilmir ki, hələ “Kitabi – Dədə Qorqud” dastanında gölün adı “Gökcə dənizi” kimi yazılmışdı. Təkcə bu mənbə gölün adı və onun türk mənşəyi barədə qənaətə gəlmək üçün yetərlidir. Amma Nikol Paşinyan Dədə Qorqudu tanıyırmı?..Görünən budur ki, erməni baş nazir bu dəfə də dərsini yaxşı ala bilmədi, imtahandan kəsildi, bu dəfə Göyçə imtahanından. Ona görə də Prezident İlham Əliyevin dilə gətirdiyi hər kəlmə barədə danışarkən ciddi şəkildə hazırlaşması, erməni yox, türk-Azərbaycan  mənbələrə baş vurması lazımdır. Vaxtilə İrəvan arxivlərində də kifayət qədər həqiqətlər var idi, məhv etməyiblərsə...Əgər gerçəkdən “Real Ermənistan”, “Dördüncü Respublika” qurmaq istəyirsə, onda dərslərini yaxşı oxusun!

Nikol Paşinyanın üstündən keçdiyi başqa bir mühüm məsələdən də danışmışdı Azərbaycan Prezidenti.

CROSSMEDIA

Sitat: “Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.

Qərbi

Dövlət başçımız Qərbi Azərbaycana Böyük Qayıdışla bağlı prinsipial mövqeyini bir daha yüksək kürsüdən səsləndirdi. Bu, dövlətimizin ali hədəflərindən biridir və olmazsa, olmaza çevrilib. Ermənistan demirmi sülh istəyir? Elə isə Levon Ter-Petrosyanın etiraf etdiyi kimi, deportasiya olunmuş azərbaycanlıların ləyaqətli şəkildə yurdlarına dönüşü təmin olunmalıdır! Paşinyan vaxtaşırı Qarabağdan KÖNÜLLÜ köçmüş ermənilərin geri qayıdışının mümkün olmadığını deməklə sanki Azərbaycanı da Qərbi Azərbaycandan didərgin salınan şəxslərlə bağlı haqlı tələbindən vaz keçməyə çağırır. Amma burada da məsələləri qarışdırır. Azərbaycanlılar tarixi torpaqlarından qovulub! Ermənilər isə vaxtilə köçürüldükləri ərazilərimizdə qalıb yaşamaq istəməyiblər, könüllü şəkildə Ermənistana köçüblər! Burada bərabərlik işarəsinə yer yoxdur! Azərbaycanlılar Ermənistan adlı ölkənin pasportu ilə də olsa, öz yurdlarında yaşamaq istəyirlər, amma ermənilər rəsmi Bakının təkliflərinə rəğmən, Azərbaycan pasportu daşımamaq üçün çıxıb getdilər. Məsələ bu qədər sadə!   

Ona görə də Paşinyan azərbaycanlıların avtomobillər öz evlərinə qayıdışı üçün Gorus yolunu açıq elan etməlidir, başqa variant ola bilməz! Erməni baş nazirin bu məsələni eşitməzliyə və görməzliyə vurması qəbulolunmazdır! Niyə Paşinyan etiraf etmir ki, ermənilərin Qafqaza, Azərbaycan ərazilərinə köçünü Çar Rusiyası təşkil edib, ona qədər hayların bu bölgədə izi-tozu da yox idi...Sülhə aparan yol etirafdan başlanır...Cəsarətli ol, Nikol Vovayi!

Chosen
28
musavat.com

1Sources