EN

“3+3” formatı da bölgədə müsbət dinamikanın formalaşmasına xidmət edir -ŞƏRH

Cənubi Qafqaz regionu siyasi və geosiyasi dəyişikliklər mərhələsini yaşayır. Azərbaycan Respublikasının həyata keçirdiyi balanslaşdırılmış və məqsədyönlü xarici siyasət nəticəsində regionda sülhün və sabitliyin bərqərar olması üçün real zəmin yaranıb. Regionda baş verən bu müsbət dəyişikliklər beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Cənubi Qafqazda ‘3+3’ formatında işi bərpa etmək lazımdır” bəyanatı ilə çıxış edərək, bu platformanın region ölkələri arasında əməkdaşlıq və sabitlik üçün əhəmiyyətini vurğulayıb. O, MDB Təhlükəsizlik Şuraları katiblərinin Rusiya Milli Mərkəzində keçirilən görüşündə nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib. Eləcə də Cənubi Qafqazdakı vəziyyətdə ümumilikdə yaxşılaşma tendensiyasının müşahidə olunduğunu bildirib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda arzuolunan mənzərənin formalaşdığını və bölgədə sabitliyin müşahidə olunduğunu söyləyib: 

"İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət və ədalətli tələbləri həm Ermənistan, həm də ABŞ-nin qəbul etməsi, eləcə də Vaşinqtonda imzalanmış Bəyannamənin müddəalarından irəli gələn prosesləri İrəvanın-nın həyata keçirməyə başlaması bölgədə müsbət meyilləri gücləndirib.Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində atdığı addımlar, həmçinin nəqliyyat və kommunikasiya xətlərinin açılması perspektivi region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin Qazaxıstandan Ermənistana daşınan yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verməsi həm Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyini möhkəmləndirib, həm də Azərbaycanın iqtisadi dividendlər əldə etməsinə və bölgədə yeni, arzuolunan vəziyyətin yaranmasına gətirib çıxarıb.
Azərbaycanın irəli sürdüyü “3+3” formatı da bölgədə müsbət dinamikanın formalaşmasına xidmət edən təşəbbüslərdən biridir və bu təklifi region dövlətləri də müsbət qarşılayıb". 

Ekspert hazırda bölgədə faktiki sülh şəraitinin mövcud olduğunu bildirib:
"Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması bu vəziyyəti rəsmiləşdirəcək.
Bununla yanaşı, həm Ermənistan daxilində, həm də kənar qüvvələrin prosesin pozulmasına yönəlik cəhdlərinin olması ehtimalı qalır və bu, zaman-zaman müşahidə olunur. Lakin istənilən halda, bölgədə təşəbbüsü əlində saxlayan tərəf Azərbaycandır. Cənubi Qafqazda proseslərin müsbət istiqamətdə inkişafı rəsmi Bakının ardıcıl və məqsədyönlü səyləri nəticəsində mümkün olub. Növbəti mərhələdə də bölgədə sabitliyin möhkəmlənməsi və müsbət proseslərin davam edəcəyini proqnozlaşdırmaq mümkündür".
Chosen
10
1
sherg.az

2Sources